Hazırda ərzaq təhlükəsizliyi, keyfiyyətsiz qida problemi hər birimizi düşündürməlidir. Çünki heç kim bu qidaların yaradacağı xəstəliklərdən sığortalanmayıb. İnsan faktoru, istehlakçının sağlamlığı hər bir normal cəmiyyətlərdə dəyərli kapitaldır. Onu da unutmaq olmaz ki, zərərli məhsullar Qarabağ münaqişəsi qədər insan faktoruna zərbə vurur.
Bü gün çoxlarımızı narahat edən Bakı şəhərindəki dönər biznesi haqqında danışmaq istərdim. Onu qeyd edim ki, bu sahə ən gəlirli biznes sahələrindən biri sayılır. Hal-hazırda Bakı şəhərində rəsmi qeydiyyatdan keçən 4 min dönərxana fəaliyyət göstərir. Qeyri rəsmi belə obyektlərin sayı 15 mindən artıqdır. Dönər biznesi ilə məşğul olmaq üçün 3 şirkət lisenziya alıb.
Verilən məlumatlara görə, həmin şirkətlər dönərxanaları təzə ət məhsulları ilə təmin edəcəyi ilə bağlı öhdəliklər götürüblər. Ancaq hər öhdəlik götürən öz məsuliyyətini dərk etsəydi həyatda çox məsələlər normal olardı. Bü gün normal olmayan və xəstəlik saçan bu dönərxanalardan ziddiyyətli məlumatlar eşidirik. Mənşəyi bilinməyən və bəzən vaxtı keçmiş olan bu ət məhsullarının tərkibini və keyfiyyətini bilmək üçün ekspert olmağa ehtiyac yoxdur.
Həmin ət məsullardan dönər üçün hazırlanan anda ona nəzər salmaq və bişəndən sonra istifadə etdikdə məsələnin acınacaqlı mahiyyəti ortalığa çıxır. Dönərxana rəhbərləri hər biri and-aman edirdilər ki, bu təzəcə kəsilmiş mal ətidir. Ancaq gözümüzün qarşısında olan bu mənzərini heç kim inkar edə bilməz. Bir faktı qeyd edək ki, bu yaxınlarda Bakı şəhərində ət tədarükü məntəqəsində mənşəyi məlum olmayan və istifadəyə yararsız 6 tondan artıq ət aşkar olunub. Təbii ki, bu məhsullar dönərxana üçün nəzərdə tutulduğu şübhə doğurmur.
Bu işə nəzarət etməli olan və məsuliyyət daşıyan rəsmi qurumların fəaliyyətini, daha döğrusu fəaliyyətsizliyini anlamaq olmur. Gərək kütləvi zəhərlənmələr olsun ki, bu qurumlar hərəkətə keçsin. Dönərdən ən çox tələbələr, müəyyən az təmnatlı təbəqə və başqaları istifadə edir. Öz mədələrini qəbirstanlığa çevirən bu insanlar həmin qidaların yaradacağı fəsadların fərqində deyillər. Keyfiyyətsiz dönər biznesinin insan sağlamlığı baxımından hansı fəsadlar törətdiyini müəyyən etmək çətin deyil.
İnsan qarğa deyil 300 il yaşasın. Belə qısa ömür kiminsə bivecliyi, qanunsuz fəaliyyəti nəticəsində xəstəliklərə düçar olursa, buna nə ad vermək olar? Bu sahəni araşdıran həkimlər daha dəqiq bilər dönər hansı xəstəliklərə səbəb olur. Ancaq bir aydın məsələ var ki, dönərin hazırlanması, bişirilməsi texnologiyası özü aydın göstərir ki, burada ət məhsulları tam bişmir. Çiy və vaxtı keçmiş məhsulun nə olduğunu izah etməyə ehtiyac yoxdur.
Qanunda olan boşluqlar problemin bu həddə çatmasına gətirib çıxarır. Bu da ondan ibarətdir ki, rəsmi qurumlar sahibkarın işinə heç bir müdaxilə edə bilməz. Yalnız hər hansı zəhərlənmə faktı qeydiyyata alındıqdan sonra dövlət qurumları bu məsələləri nəzarətə götürüb araşdıra bilər.
Deməli, burada çarə dönər biznesi ilə məşğul olan sahibkarların insafına qalır. Pula hərislik insafı çoxdan ötüb keçib. Bu məsulları baykot etməklə, inzibatı yolla bu biznesi qadağan etməklə nə isə dəyişməyəcək. Burada kompleks tədbirlərin görülməsinə ehtiyac var.
İlk öncə bu məsələyə ictimai nəzarəti artırmaqla bərabər qanunlar təkmilləşməlidir.Dönər istehsalı ilə bağlı standart qəbul olunmalıdır. Bu standartlara uyğun dönər istehsal edənlərə sertifikat verilməlidir.
İkincisi, Dönər biznesi ilə məşğul olmaq istəyən şirkətlərə lisenziya verilərkən şəffaflıq gözlənməlidir. Bu sahə ilə məşğul olan lisenziya alıb fəaliyyət göstərən şirkətlər keyfiyyətli xidmətlə bağlı öz üzərinə öhdəlik götürməlidir, Əgər qurum öz işinə etinasız yanaşarsa onun fəaliyyəti dərhal dayandırılmalıdır.
Üçüncüsü, QHT-lərlə rəsmi qurumların dönər biznesinə birgə nəzarəti təmin edilməlidir. Bu nəzarət kampaniya şəklində deyil davamlı olaraq aparılmalıdır.
Nəhayət hər bir kəs düşünməlidir ki, onlarda bu dövlətin vətəndaşıdır. Dövlətin ən böyük kapitalı insandır. Sahibkarda, məmurda, hər bir vətəndaşda düşünməlidir ki, pul qazanmaq xatirinə belə qeyri qanunu addım atmaq insan sağlamlığına, millətin genefonduna ziyan vurur. Belə addımlar hüquqa ziddir.
Onu da unutmaq olmaz ki, potensial istehlakçının qidalandığı bu məhsullarda olan zəhərli tullantılar zaman-zaman yığılıb hüceyrələrdə qalır. Nəticələr isə göz qabağındadır. Bu sahədə həyəcən təbili çalınmalıdır. Həmçinin mənşəyi bilinməyən, xüsusilə xaricdən gətirilən bəzi məhsulların əhalinin genefonduna vurduğu ziyanı ortalığa çıxarmaq üçün ciddi tədqiqatlara ehtiyac var.