Modern.az

Tələbələrin təcrübə aylığı: “Kim istəyir gəlsin, kim istəmir gəlməsin”

Tələbələrin təcrübə aylığı: “Kim istəyir gəlsin, kim istəmir gəlməsin”

İqtisadiyyat

3 İyul 2014, 10:28

Ali məktəblərdə təhsil alan tələbələr istehsalat təcrübəsindən nə qazanır? Praktika ilə üz-üzə gəldikdə onlar nəzəri biliklərini əyani təcrübə ilə birləşdirə bilirmi? Modern.az saytı bu mövzuda mini sorğu keçirib.

Nərmin Elçin (Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin II kurs tələbəsi): “Bizim fakültədə istehsalat təcrübəsinə seçim olmur. Necə ki, meyvəni kiloyla bölürlər, bizi də elə bölüb istədikləri yerə göndərirlər. Seçmə fəndə televiziya və radionu seçməyimiz, hansı sahəyə marağımızın olmağı nəzərə alınmır. Məsələn, bizim qrup iki ildir qəzetə düşür. Keçən il rəhbərimiz bizi nəşriyyata apardı. Şöbə müdiri ilə görüşdük. “Kim istəyir gəlsin, kim istəmir gəlməsin”, – dedi. Mənim də təlimim olduğu üçün getmədim. Təcrübə müddətinin sonunda da gedib xasiyyətnaməmi götürdüm”.

Aynur Binyaminova (Bakı Slavyan Universiteti pedaqoji fakültənin III kurs tələbəsi): “Universitetdə dərsə də, təcrübəyə də  ciddi yanaşılır. Məsələn, bu il iki aylıq təcrübəmiz oldu. Məktəblərdə keçirdik təcrübəmizi və normal şəkildə öyrənirik. Gələn il təcrübə proqramımızı liseylərdə davam etdirəcəyik”.

Bəhram Paşayev (Qafqaz Universiteti mühəndislik fakültəsinin IV kurs tələbəsi): “Universitetimizdəki istehsalat təcrübəsinə münasibətim müsbətdir. Texnoparkda, universitetin əməkdaşlıq etdiyi şirkətlərlə əlaqə yarada bilirik və təcrübə proqramlarından yararlana bilirik. Bizdə təcrübə seçimində müəyyən meyarlar yoxdur. Amma ortalaması daha yüksək olanların şansı böyükdür. Məsələn, keçən il Türkiyənin Ankara, İstanbul, Mərsin, İzmir kimi şəhərlərində təcrübə proqramları keçirlimişdi”.

Tələbələrin istehsalat münasibətlərinə fikirlərinə ali məktəblərin münasibətinə gəlincə, Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova universitetdə istehsalat təcrübəsinin 17 fakültənin profilinə uyğun aparıldığını deyir:
“Bakı Dövlət Universitetində təcrübənin növü pedaqoji və elmi tədqiqat təcrübəsinə ayrılır. Təbiət fakültələri adətən orta məktəblərə, universitetin nəzdində “Gənc istedadlar” Liseyinə, Elmlər Akademiyasının nəzdində müxtəlif institutlara, İqtisadi istehsalat mərkəzinə, “Neftayırma zavodu”na və s. göndərilir”.

Humanitar fakültələrin təcrübəsindən də danısan P. İbrahimova onların ixtisasına uyğun olaraq müxtəlif məktəblərə, media qurumlarına və rayon və şəhər məhkəmələrinə , hüquq mühafizə orqanlarına, və s. yerlərə göndərildiyini vurğuladı.

Bakı Dövlət Universitetində istehsalat təcrübəsində bu ildən yeniliklər var: “Bakı Dövlət Universitetinin Qubada yerləşən “Tədris, təcrübə və istirahət” korpusunda və Altıağacdakı “Tədris və təcrübə” bazasında 7 iyul-4 avqust tarixlərində, 1000-ə yaxın tələbə aidiyyatı fakültələr üzrə təcrübə keçəcəklər”.

Mətbuat katibi jurnalistika fakültəsinin bəzi tələbələrinin seçdikləri fənlərə uyğun təcrübəyə göndərilməmələri fikrinə də aydınlıq gətirdi: “Bir qrupda 20 nəfər varsa, onların hamısı eyni KİV orqanını istəyə bilər. Amma redaksiyalar bu qədər tələbəni qəbul etmir. Biz redaksiyaların qəbul edəcəkləri saya uyğun tələbə göndəririk. Adətən bu say 5-7 nəfər təşkil edir. Tələbələrin çoxu televiziya və radioya meyl edir. Biz onların hamısını radio və televiziyaya göndərə bilmərik. Hər kafedra öz profilinə uyğun  olaraq tələbələri təcrübəyə göndərir”.

Bakı Slavyan Universitetinin  mətbuat xidmətinin rəhbəri Adil Əliyev bildirir ki, tələbələr istehsalat təcrübəsini müxtəlif məktəblərdə və yaxud müxtəlif dövlət və qeyri-hökumət orqanlarında keçirlər: “Əgər tələbələr pedaqoji yönümlü fakültələrdə təhsil alırlarsa Bakının aparıcı məktəblərində və qaçqın rayonlarındakı məktəblərdə təcrübə keçirlər. Bizim Şuşa məktəbləri ilə sıx əlaqəmiz var. Qeyri-pedaqoji ixtisaslarda təhsil alan tələbələrimizin isə bu gündən təcrübəsi başlanılıb.  Onlar dövlət və qeyri-hökumət təşkilatlarına, nazirliklərə, ASAN xidmətdə təcrübə keçəcəklər”.

A. Əliyev onu da vurğulayır ki, əgər tələbələrin təcrübəyə getməkdə hər hansı problemi olursa o zaman bölgüdə bu da nəzərə alınır. “Təcrübə proqramları ixtisas istiqamətlərinə görə müəyyənləşdirilir. Hələ ki, istehsalat təcrübələrində hər hansı bir yenilik gözlənilmir”.

Qafqaz Universiteti Keyfiyyətə Nəzarət Komissiyasının sədri  Ədalət İbadov deyir ki, Universitetin tədris proqramlarında tələbələr üçün 2-ci və 3-cü kurslarda yay ərzində istehsalat təcrübələrinin keçirilməsi nəzərdə tutulur:

“Bunlardan başlıcası universitet-iş dünyası əlaqələri üzrə prorektorluq mütəmadi olaraq iş dünyasının qabaqcıl müəssisələri ilə əlaqə saxlayır, onlarla əməkdaşlıq müqavilələri imzalayır. İl boyu görülən işlər və bağlanan müqavilələr nəticəsində tələbələr yayda bu müəssisələrdə təcrübə keçmək üçün göndərilirlər. Bundan əlavə,  ayrı-ayrı şirkətlərin universitetimizdə təşkil elədikləri karyera günləri də tələbələr üçün praktika imkanları formalaşdırır.
Təhsildə və ictimai fəaliyyətlərdə xüsusi ilə fərqlənən tələbələrimizin xarici ölkələrdə də təcrübə keçməsinə imkan yaradırıq. Tələbələrimiz Türkiyə,  Polşa, Almanya, Avstriya vb. ölkələrədə təcrübə keçirlər”.

Ədalət müəllim həmçinin qeyd edib ki, onlar  tələbələrin təcrübə imkanlarını genişlətmək üçün yeni müəssisələrlə əməkdaşlıqlar qurulması istiqamətində mütəmadi işlər aparırlar:

“Azərkimya və Dövlət Neft Şirkəti ilə olan əməkdaşlıq nəticəsində tələbələrimiz Türkiyənin İzmir şəhərində yerləşən Petkim neftayırma və kimya sənayesi quruluşunda təcrübə keçməyə göndəriləcəklər”.

Rufanə Günəş

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım