Modern.az-ın “XXI əsrin adamı” rubrikasında növbəti müsahibi Almaniyada fəaliyyət göstərən türkiyəli yazar, Azərbaycan-Anadolu mədəniyyətini təbliğ edən Orxan Arasdır.
- İnsanlar zaman-zaman tarixə də, ədəbiyyata da fərqli təriflər veriblər. Sizin fikrinizcə tarix nədir, ədəbiyyat nədir?
- Tarix bizim üçün daha çox bir əfsanə kimi anlaşılıb. Tarixçilər də biz, türklər haqqında deyiblər ki, onlar tarixi yazmazlar, yaradarlar. Onun üçün də bizdə tarix keçmişdəki hadisələrə romantik bir gözlə dönüb baxan təsəvvür sistemidir. Biz tarixə belə baxdıq. Tarix bütün millətlərin fəaliyyəti zamanı ortaya qoyulan əsərləri seçən ən vacib zirvədir. Məsələn, bundan 100 il qabaq tarixdə çox şeylər olub. Amma onların içindən bizim yadımızda qalan nədir? Döyüşlər, mübarizələr və s. Deməli, tarix insanlığın bu gün üçün örnək olaraq axtardığı ən önəmli seçənəklərdir. Ədəbiyyat isə insanın, xalqın dünya haqqındakı sözüdür. Bir dağı bir küləyi ərəb fərqli görür, bir alman bir ingilis fərqli görür və fərqli təsvir edir. Bütün bu fərqlilikdən ortaya çıxan sənətin özü ədəbiyyatdır.
- Bir amerikan politoloqunun belə bir deyimi var: “Tarix dünənin siyasətidir, siyasət isə bu günün tarixidir”. Sizin fikrinizcə, bu günün siyasətini, yəni sabahın tarixini gələcək nəsillər hansı rəngdə görəcək?
- Ən qədim türk tarixini araşdırarkən istifadə etdiyimiz qaynaqlar köhnə Çin qaynaqlarıdır. Orta əsr türk tarixini Avropa, Vatikanın mənbələrindən öyrənirik. Bu nə deməkdir? Biz türk tarixini öyrənsək belə orada Vatikanın, Çinin təsirinə uğrayan bir tarix görərik. Yəni o tarixdə Vatikanın Çinin rəngi var. Biz indi də öz gələcək tariximizi yazmasaq öz rəngimizdə onu görməsək gələcəkdə bunu başqaları yazacaq. Biz də öz tariximizə başqalarının pəncərəsindən baxacağıq. Bundan istifadə edib gələcəkdə siyasətimizi də başqaları yönləndirəcək. Əgər biz öz tariximizi özümüz yazmağı bacarmasaq gələcəkdə bir amerikan, bir ingilis, ya başqaları o tarixi istədiyi rəngə boyayacaq. Amerikalı birisi “Dünya tarixi” əsərində 600 ildən çox hakimiyyət sürən Osmanlıya cəmi 10 səhifə ayırıb. Onun üçün Osmanlının mahiyyəti cəmi 10 səhifəlikdir. Onun gözündə bütün tarix Romadır , ingilis imperatorluğudur.
- Bu gün türkün tarixinə nəzər salanda daha çox nəyin səsini eşidirik: alim zəkasının səsini, yoxsa at ayaqlarının tappıltısını?
- Keçmiş təbii ki, bir az da güclərin savaşı olub. Bilgi daha sonradan göstərdi ki, o hər şeyə hakim olacaq bir qüvvədir. Qərb bilgini, elmi güc vasitəsi kimi istifadə etdi. Bilgi onun üçün güc elementidir. Amma Şərq üçün, İslam Dünyası üçün bu elm insanlığı inkişaf etdirəcək bir vasitədir. İki mədəniyyət arasındakı ən böyük fərq də budur. Qərb üçün bilgi səni yox edə biləcək atom bombasıdır. Amma Şərq üçün isə Allahın insanlığa göndərdiyi bir lütfdür. Sualınıza qayıdaq, keçmişdəki güclər mübarizəsində ancaq qılınc və at ayaqlarının tappıltısı olub. Amma dünyanın unutduğu bir məsələ var. Mən ötən illərdə Almaniyada yaşayan bir yazarın türk tarixinə aid yazdığı kitabın təqdimatında oldum. O deyirdi ki, mən Osmanlıdan gəlirəm. Onun timsalında diqqət edəndə görürdün ki, Osmanlıdan qalan tək at ayaqlarının tappıltısı deyil, eləcə də böyük mədəniyyətdir. Osmanlının fəth etdiyi Balkanlarda mədəni tikililərin hamısı onlara türklərdən qalan yadigarlardır. Türk həm də getdiyi yerlərə barış, mədəniyyət də aparıb. Osmanlı Balkan ölkələrini fəth edən zaman kəndlilər bəylərin zülmü altında idi. Onlar üçün işləyirdi. Amma Osmanlı həmin yerləri fəth edib torpaqları kəndlilərin ixtiyarına verdi. Demək ki, türkdən qalan tək at ayaqlarının səsi deyil həm də barış mədəniyyətidir. Amma biz hələ bunu indi-indi anlayırıq.
- Bəs bu humanizmin kökü haradan gəlir?
- Türk tarixində var olan humanizm mədəniyyətinin kökü bir çox səbəblərə bağlanır. Bu səbəblərin içində Əhməd Yasəvinin yasəviliyini xüsusi qeyd etmək lazımdır. O da gedib İmam Əlinin humanizm fəlsəfəsinə dayanır. İmam Əli Məkkə valisi Malikə məktubunda yazır ki, tabeliyin altında olan müsəlmanlar sənə dində qardaşdırlar, amma o biri insanlar isə sənə yaradılışda qardaşdır. Odur ki, onların arasında fərq qoyma. Görürsünüz, İmam Əli də deyir ki, qardaşlıq təkcə dinlə əlaqəli deyil, insanlar yaradılışdan bir-birilə qardaşdırlar. Osmanlının da humanizm fəlsəfəsinin kökündə bu amil dayanıb.
– Amma qılınc qələmdən çox döyüşüb...
– Osmanlının, ümumiyyətlə, başqa türk dövlət və imperiyalarının hakimiyyəti əsrlərlə davam edir. Bu böyük zamanı bir cümlə ilə ifadə etmək doğru olmaz. Hər sultan dövrünün öz xarakteri olub. Birində mədəniyyət, o birində mübarizə üstünlük təşkil edib. Məsələn, Sultan Yavuzun dövründə müxtəlif xanəgahlarda islam dini fərqli-fərqli üslublarda öyrədilirdi. Bəzilərində ağılla mənəviyyatın yəni elmlə dinin birliyi tədris olunduğu halda bəzilərində ağıla yox ancaq ruha meyl salınırdı. İmam Qəzzali böyük adamdır, amma o İslam elminə çox böyük zərbə vurdu. Nizamiyyə elm-tədris ocağının indiki dildə desək rektoru Qəzzali idi. Nizamiyyə deyildiyi qədər də elm ocağı deyildi. Çünki orada cəmi iki məzhəb – şafiilik və hənəfilik tədris olunurdu. O birilər tamamilə yasaq edilmişdi. İmam Qəzzalinin təbliğ etdiyi bu məzhəblər ağlı məntiqi tamamilə inkar edərək özünü ruha bağlayırdı. Bu da islam düşüncəsinə böyük zərbə vurdu. Osmanlıya da gəlib keçən ənənə məhz bu oldu. Necə olur ki, IX-X əsrlərdəki islam mədəniyyətinə baxanda orada böyük kəşflər görürük, amma orta əsrlərə nəzər salanda isə bunun əksi ilə rastlaşırıq. Təbii ki, bunun altında başqa nədənlər , səbəblər də var. Biz yalnız nəticəni görürük səbəblərə o qədər də önəm vermirik.
- Qayıdaq XXI əsrə ... Əsrin əsas siması zəka , intellektdir. Biz əsrin zəkasını bir binaya bənzətsək türk dünyası onun neçənci mərtəbəsində qərar tuta bilər?
- Maraqlı sualdır. Desək ki, o “bina”nın heç bir mərtəbəsində yoxdur çox insan üzüləcək. Deyəcəklər ki, özümüzü çox aşağı sayırıq. Amma yalanla da öyünməməliyik. Gəlin baxaq əynimizdəkiləri üstümüzdəkilərdən tutmuş istifadə etdiyimiz hər şeyi kim ixtira edib kim istehsal edib? Təbii ki, başqaları. Biz hər şeyi bilirik, hər şeyi edə bilərik deməyin bizə heç bir faydası yox. Bu gün islam dünyasında ən inkişaf etmiş ölkə Türkiyədir. Amma o indiyə qədər öz markasını yarada bilməyib. Türkiyənin dünyaya çıxardığı bir avtomobil ya cib telefonu markası varmı? – Xeyr! Bilgi də intellekt də bizim toylar və başqa nəsnələr kimi gələnəyi, adəti olan bir şeydir. Bilgi bir metodologiyadır. Başqalarının metodologiyasını çözmək yox, öz metodologiyanı yaratmaq lazımdır. Bizim müsəlmanlar çox təəssüf ki, adi geyim adətini belə formalaşdıra bilmədilər. Ya avropalılar kimi geyinərlər, ya da çox pinti görkəmdə olarlar. Uzun saqqal, qısa şalvar, çirkin görkəm. Bununla Avropaya təpki etmək istəyərlər. Bunların hamısı ondan qaynaqlanır ki, müsəlman özünə həyat yaşam və davranış metodu seçməyib. Əgər sənin və məxsus olduğun toplumun özünəməxsus yaşam stili olmasa onun dediyiniz “bina”da yeri olmaz. Orada yalnız kirayə qala bilər.
- Amma vaxtikən biz “kirayə vermişik”....
- Qərblilər Qədim Şərqin və islam dünyasının elmə verdiyi kəşfləri inkar etmirlər. Onlar da deyirlər ki biz islam alimlərinin riyazi astronomik və tibbi kəşflərindən çox gözəl dəyərləndiririk. Almaniyada əksər klinikalarda İbn Sinanın “Şəfa” kitabı var. XIX əsrə qədər o kitabdan dərs vəsaiti kimi istifadə olunub. Amma bu intellektual inkişaf çox təəssüflər olsun ki, yarıda qırıldı. Əgər o bu günə kimi davam etsəydi Şərq və İslam aləmi ən yeni ən çağdaş ixtiraları edərdi, təyyarələr belə düzəldərdilər. Amma bu yol, bu zəncir yarıda qırıldı.
- Bu gün XXI əsrin at oynadan vaxtında o zənciri yenidən qurmaq olarmı?
- Əlbəttə, olar. Peyğəmbərin (s.) bir kəlamı var deyir ki, elm müsəlmanın itirilmiş malıdır. Deməli o, hər an onu tapa bilər. Sənin bir itmiş malın varsa onu tapanda sevinəcəksən. Müsəlman üçün də elm odur. Elm təbiətin daxilində gizlədilmiş sirlərdi. Kompüter oyunları var ki, gizlədilmiş bir şeyi tapırsan. Elm də təbiətin içində odur. Bu gün islam dünyasında Səudiyyə Ərəbistan pulu göyə sovurur. Hindistan, Pakistan, Banqladeş kimi ölkələrdə isə bütün dünyanın ən güclü kompüter proqramçıları çıxır. Ərəb ölkələri həmin göyə sovurulan paraları onlar kimi müsəlman uşaqlarının təhsilinə yetişdirilməsinə ödəsə təbii ki, İslam dünyasından da böyük alimlər çıxardı.
Bir məsələ də var. Bizlərdə şübhəni ortadan qaldırdılar. İslam dünyasında niyə sualını az qala qadağan etdilər. Sən hər şeyə Allahın işidir deyirsən, təbii ki, bu belədir. Amma Allah sənə azad düşüncə azadlığı da verib. Onun niyəsini, səbəbini, sirrini də araşdırmaq lazımdır. Elm üçün maraq, maraq üçün də sual işarəsi lazımdır.
- Bu məqamda bir sual vermək istərdim: Biz bu problemləri aradan qaldırmaq məqsədilə bu gün üçün türk tarixinə boylanıb oradan xəyali də olsa kimi “icarəyə götürə” bilərik? Mövlanəni, Uluqbəyi, ya Fateh Mehmeti?
- Mənə görə bu “kiralama” bizə heç nə gətirməz. Fateh Sultan Mehmeti gətirsək onun riyazi biliyi indinin orta məktəb şagirdindən az olacaq. Amma dövrünün böyük riyaziyyat bilicisi sayılırdı. Mövlanəni gətirək bu cür sosial quruluşda səsini kiməsə çatdıra bilməz. Bu gün bir türk-İslam təmsilçisi kimi əsas missiyamız elmlə irfanı birləşdirməkdir. Bizim çox alimlərdə elm var, amma irfan çatışmır. Şərq insanını tərif edərkən deyilir ki, o elmli və irfanlı bir zatdır. Bu gün biz Mövlanənin sevgisini, İbn Ərəbinin, İbn Rüşdün elmini özümüzdə birləşdirməliyik. Onları ayrı –ayrılıqda bu dövrə gətirsək heç bir fayda verməzlər. Çünki onların da beyni dönər.
- Deyirsiniz ki, onları bir komanda şəklində özümüzdə birləşdirməliyik?
- Onlar onsuz da bizdən ayrılmadılar. Yunis Əmrə dediyin onun yazdığı ilahi şerlərdi ki bu gün də bizimlədirlər. Mövlanə dediyin Məsnəvidir ki, hər zaman bizim yanımızdadır. Yunis Əmrə Mövlanə dediyin elə sözün özüdür. Biz o sözdən istifadə edə bilmiriksə bu zaman Yunis Əmrə nə etsin ki?! Bir tərəfdən İslama humanizm dini deyirlər. Amma bir tərəfdən də onların fikirlərinə uymayan adamların başını kəsirlər, qisas alırlar. Bu zaman Yunis Əmrə nə etsin ki?!
- Bir dəcəl uşağın əlini buraxanda onun qaçıb hara gedəcəyi məlum olmaz. Orta əsrlərdə də təsəvvüf , elm-irfan türk dünyasının əlini dəcəl uşağın əlini buraxan kimi buraxdı. Bu zaman hara getdi bu toplum?
- Təsəvvüfdə də müsbət və mənfi tərəflər var idi. Təsəvvüfdə sonradan daxili hüznün yerinə fikir ayrı seçkiliyi yarandı. Şeyxlər öz təriqətindən başqa bütün təriqətləri inkar etdilər. Odur ki, türk dünyasında təsəvvüf həm də daxili xoşbəxtlik, ruhi müvazinət yaradacaq bir nəsnə kimi yox, bir güc vasitəsi kimi daha yararlı oldu. Elə o zaman türk dünyasının əlini buraxdı.
- Bu gün hamıdan yorulub bir hücrəyə çəkiləndə ən çox hansı tarixi mütəfəkkirlər dərdləşmək istərdiniz ?
- İmam Əli ilə dərdləşmək istərdim. “Nəhcül Bəlağə”ni oxumaqla bunu dəfələrlə etmişəm...
Elmin Nuri
Rafiq Qənbərov