Müdafiə Nazirliyi bildirir ki, iyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun iki əsgəri yaralanıb. Modern.az saytı xəbər verir ki, bunlardan biri 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğludur, vəziyyəti kafidir.
İyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.
Son sutkada cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Nəmirli, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Modern.az