Hər bir ölkənin rəsmi maraqlarını xaricdə onun səfirliyi təmsil edir. Xarici ölkələrə səfir göndərilənlər orada ilk növbədə Azərbaycanın tanıdılmasına səy göstərirlər. Həmin ölkələrdə yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlanır, öz ölkəsinin dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə çalışırlar.
Son illlər prezident İlham Əliyev Bakıda Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantı keçirir, Azərbaycan üçün vacib olan məsələlər ətrafında fikir mübadiləsi aparır, lazımı tapşırıqlar verir. Yaxın günlərdə prezident İlham Əliyev Azərbaycanın xaricdəki səfirlərini yenidən bir araya toplayacaq.
Qeyd edək ki, 9 iyul Azərbaycanda diplomatiya günüdür və bu münasibətlə həmin ərəfədə Bakıda respublikamızın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçiriləcək. Artıq Azərbaycanın xaricdəki bütün səfirləri Bakıya çağlrılıb.
Modern.az saytı Azərbaycanın xaricdəki səfirlərinin fəaliyyətini araşdırıb.
Milli Məclisin Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Azərbaycanın Amerikadakı səfirinin fəaliyyətini yüksək qiymətləndirib. O, səfir Elin Süleymanovun gənc olmasına baxmayaraq aktiv işlədiyini, işinin peşəkarı olduğunu söyləyib: “Bir çox tədbirlərdə birlikdə iştirak etmişik. Artıq Azərbaycan ABŞ-la ənənəvi qurultaylar keçirilir, bunula yanaşı, Azərbaycan ABŞ-da öz fəaliyyətini gücləndirir. Bundan əvvəl səfir Kaliforniyada konsul işləyirdi. Orada çox çətun şəraitdə Amerikanın bir sıra qurumları, yerli hakimiyyət nümayəndələri ilə əlaqələr qurmuşdu. Odur ki, onun fəaliyyətini çox yüksək qiymətləndirirəm”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun işinə “2” verən Milli Məclisin Azərbaycan-Rusiya dostluq qrupunun üzvü İlyas İsmayılov sualımızı qısa cavablandırdı. Səfirin işinin yarıtmaz olduğunu və onun fəaliyyətini pis qiymətləndirdiyini söylədi.
Regionda ən yaxın dostumuz və sərhəd qonşumuz Gürcüstan da həmişə strateji baxımdan Azərbaycana yaxın olub. Odur ki, Gürcüstandakı səfirliyimizin də fəaliyyəti aktiv və göz qabağında olmalıdır.
Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvü Zahid Oruc Gürcüstandakı səfirimizin fəaliyyətini yüksək qiymətləndirib.
“Orada çoxlu soydaşlarımızın yaşadığını nəzərə alsaq, səfirlik ictimai xarakterli müraciətlərin ünvanına cevrilir. Təbii ki, bu müraciətləri də cavablandırmağa çalışırlar. Düşünürəm ki, bu cəhətdən səfirlər dövlətlərin mühim elçiləri olaraq bəzən, sadəcə informasiyaların catdırılması müxtəlif geopolitik proseslərin həyata keçirilməsi zamanı önəmli rolun oynanılması, dövləti qərarlar verilərkən bu məqamlara dayanılması cəhətindən çox mühim yerə malikdirlər. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətlərinə bu qurumlar, diölomatik korpuslar çox vacib rol oynayırlar. Hesab edirəm ki, biz parlamentarilər olaraq həmin səfirlərin böyük bir qisminin işindən həmişə razılıqla danışırıq. Bu sıraya Gürcüstandakı səfirimizin də fəaliyyətini əlavə etmək olar”.
SOCAR xətti ilə müxtəlif infrostruktur layihələrin həyata keçirildiyini deyən deputatın sözlərinə görə, səfirlik bu cür layihələrdə birbaşa iştirak edir.
Təhsil sferasında da səfirliyin lazimi işlər gördüyünü vurğulayan Z.Oruc səfirliyin bu kimi fəaliyyətlərinin daha yaddaqalan olduğunu bildirib.
Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Eldar İbrahimov: “Səfirimiz Eynulla Mədətlinin işini yüksək qiymətləndirirəm. O, Ukraynaya qədər Pakistanda səfiri olub. O vaxt mən də Milli Məclisin Azərbaycan-Pakistan dosluq qrupunun rəhbəri idim. Eynulla Mədətli Ukraynaya səfir gələndən sonra mən də yerimi dəyişdim. Azərbaycan-Ukrayna dostluq qrupunun üzvü oldum. Deyim ki, səfir Ukraynada diasporla güclü iş aparır. Çox yaxşı işləyirlər. Səfir çalışır ki, Ukraynada yaşayan 500 minə qədər azərbaycanlı üçün əlindən gələni etsin. Onu uzun illər tanıyan biri kimi deyə bilərəm ki, Heydər Əliyevin Naxçıvanda olduğu müddətdə Naxçıvanın bütün işləri, onun təhlükəsizliyi, inkişafı üçün ulu öndərin yanında olanlardan olub. Çox sədaqətli, düzgün diplomatdır. Parlamentarilər arasında elə bir şəxs tapılmaz ki, Ukraynaya gedib-gəlsin və Eynulla Mədətlidən ağızdolusu danışmasın. Bir sözlə işini bilən adamdır”.
Səfirin ən yaddaqalan işləridnən birini xatırlayan deputat Eldar İbrahimov Eynulla Mədətlinin həmişə Azərbaycan maraqlarını yüksək tutduğunu deyib. Onun Ukraynada bütün rəhbərləri ilə əlqəsinin olduğunu söyləyib.
“Təbii ki, bu əlaqələr də onun fəaliyyətinə müsbət təsir edir. Məsələn hər hansı bir azərbaycanlının problemininnazirlər, hətta baş nazir səviyyəsində həllinə çalışardı”.
Gündoğar ölkənin səfirinin də fəaliyyətini yüksək qiymətləndirən Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası dostluq qrupunun rəhbəri Siyavuş Novruzov bu ölkə ilə əlaqələrin inkişafını səfirin işinin bəhrəsi olduğunu bildirib:
“Çindəki səfirimiz çox yaxşı fəaliyyət göstərir. Ümumiyyətlə, səfirlərimizin işini Xarici İşlər Nazirlyi qiymətləndirir. Amma onu deyə bilərəm ki, bütün dövrlər ərzində Çin Azərbaycan əlaqələrinin inkişafı, münasibətlərin yüksək səviyyədə olması səfirimizin işinin bəhrəsinin bariz nümunəsidir. Odur ki, səfirimizin işinə əla qiymət vermək olar”.
Gültəkin ƏLƏSGƏR