Modern.az

"Xalq evləri"

"Xalq evləri"

5 İyul 2014, 02:00

Ötən həftə Milli Məclisin növbəti iclasında əhalinin sərfəli şərtlərlə mənzil alması üçün sosial yönümlü "Xalq evləri" adlı layihə irəli sürüldü. İllərdir xəyal olaraq qalan layihəlэк kimi bu layihənin də həyata keçirilməsi təəssüflər olsun ki, bir o qədər inandırıcı görünmür. Hərçənd uzunmüddətli, aylıq 60 manat ödənişli kreditlə mənzil sahibi olmaq əhalinin xüsusən gənc təbəqəsi üçün sözün yaxşı məcazında toy-bayram olardı. 

Tanınmış iqtisadçı ekspertin sözlərinə istinadən, bu layihənin icrasına başlamaq üçün cəmi 300 milyon manat vəsait tələb olunur. Hər il keyfiyyətsiz, uzağı 1 il istismar müddəti olan yol tikintisinə , xaricdən gətirilən, heç bir estetik tərəfi ilə seçilməyən, yamaq kimi görünən ekzotik bitkilərə birlikdə milyardlarla vəsait sərf olunduğunu nəzərə alsaq, bu həyati məsələnin həlli üçün 300 milyon, lap 3 milyard vəsaitin sərf edilməsi israfçılıq olmazdı. 

Dünya miqyasında daşınmaz əmlak bazarındakı qiymətlərə görə sözün mənfi məcazında "at oynadan" ölkəmizin əhalisinin mənzil almaq arzusunun xəyalla nə dərəcədə uzlaşdığı hər kəsə məlumdur. Aylıq 300-350 manatla dolanan orta statistik Azərbaycan ailəsinin paytaxtda minimum 50-60 min manata təmirsiz olsa belə, mənzil alması istənilən iqtisadi göstəricilərə müvafiq deyil. İpoteka kreditləri ayrılan vəsaitin azlığı, nəticədə qiymətlərin loru dildə desək, od tutub yanması ucbatından istifadəsiz olaraq qalır. Belə olan halda isə məcburiyyətdən kirayə yaşamaq lazım gəlir ki, paytaxtın kirayə mənzil bazarında da qiymətlər orta aylıq əməkhaqqıdan heç də az deyil. Normal yaşam üçün aylıq minimum 600-700 manatın gərəkdiyi bir şəraitdə hər ay 200-300 manatı havaya sovurmaq insanda ruh düşkünlüyü, gələcəkdən qorxma yaradır. Bu ruhda yaşayan insandan da hər hansı evrika gözləmək ağılsızlıq olardı. 

Gənclikdən futurefobiya qoxusu gəlməsi ölkənin gələcəyi üçün həyəcan siqnalıdır. Unutmaq olmaz ki, istənilən təbii sərvət tükənməyə məhkumdur. Tükənməyən yeganə sərvət isə elmdir, sağlam ruhda formalaşan milli şüurdur. Yaponiyaya nəzər salın, bu xalq demək olar heç bir təbii sərvətə malik deyil, yeganə sərvəti elmidir. Bu da elmə verilən dəstəyin, qayğının fonunda təzahür edir. Onların milli şüurunda vətənpərvərlik hissi ilk öncə elmdə əksini tapır. Müəllimi bizdəki kimi 200 manat məvaciblə Tantal həyatı sürmür. 
Nəzəriyyədə əksi müşahidə olunsa da praktikada bir qayda var; vətənim əziz, rifahım ondan əziz! 

Ölkə əhalisinin böyük hissəsi bank kreditləri içərisində boğulur. Məcburiyyətdən iş qurmaq adıyla, kirayə haqqı da daxil olmaqla yaşam üçün tələb olunan tələbatları ödəmək üçün götürülən borclar insanlarda nə sağlam can qoyub, nə də ruh. Ümidlər belə getdikcə ağırlıq edir, daşınması mümkünsüzləşir. Millətin vəkili adına yiyələn mandatlıların üzərinə bu tip məsələlərin həllində böyük məsuliyyət düşür. Heç olmasa hərdən nəzərə alsınlar ki, əhalinin hüquqlarına birbaşa cavabdeh olan onlardır. Yaxın keçmişdə irəli sürülən və qəbul olunan tibbi sığorta haqqında qanun kimi bu məsələnin də kağız üzərində qalmamasını arzudan çox tələb edirik.

Hər halda sonuncu ölən odur deyib,  ümid edək.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza