
İyulun 5-də Siyəzən rayonu ərazisindəki Siyəzən broyler fabrikinin sexlərindən birində yanğın hadisəsi baş verib. Əsən külək yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb. Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondu torpaqlarını da əhatə edib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyin (ETSN) mətbuat xidmətindən
Modern.az-a məlumat verilib.
Rəsmi məlumata görə, FHN-nin helikopterləri, yanğınsöndürən maşınları, o cümlədən ETSN-nin yerli qurumlarının və FHN-nin əməkdaşları, həmçinin yerli icra qurumlarının nümayəndələri birlikdə yanğını söndürməyə çalışırlar. İlkin məlumata görə meşə fondunun 5 hektar sahəsinə ziyan dəyib. Yanğının söndürülməsi üçün müvafiq tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: "Siyəzən rayonu, Kiçik Həmyə kəndinə yaxın boş ərazilərdə otluq sahədə yanğın baş verib. İsti külək yanğının sürətlənməsinə səbəb olub və geniş ərazini əhatə edib. Yanğının meşə zolağina və kənddəki evlərə keçmə təhlükəsi yaranıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvələri və texnikaları, o cümlədən 1 ədəd yanğınsöndürmə helikopteri cəlb edilib. Hal-hazirda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək”.
***
Fövqəladə Hallar Nazirliyi hadisə barədə yeni məlumat yayıb.
"Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometirliyində Siyəzən Broyler ASC-yə məxsus ümumi sahəsi 8960 kv.m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb. Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb".
Modern.az