Kaliforniyanın nüfuzlu “Sacramento Bee” qəzetində ştatın azərbaycanlı icmasının fəallarından olan Elnur Aydınovun Ermənistanın işğalçılıq siyasətindən bəhs edən məqaləsi dərc olunub.
AzərTAc-ın məlumatına görə, məqalədə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə deportasiya olunması, Azərbaycan torpaqlarının işğalı, bu torpaqlarda həmvətənlərimizə qarşı həyata keçirilən etnik təmizləmə siyasəti barədə geniş məlumatlar yer alıb.
Yazıda 1988-ci ilə qədər öz ailəsi də daxil olmaqla yüz minlərlə azərbaycanlının Ermənistanda yaşadığını diqqətə çatdıran müəllif Azərbaycanlıların Ermənistandakı yurd-yuvalarından kütləvi şəkildə deportasiya olunmalarından və soydaşlarımızın böyük əzab-əziyyətlərə məruz qalmalarından söz açıb.
Müəllif qeyd edib ki, bu, acı tale ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda və ətraf yeddi rayonda yaşayan həmvətənlərimiz də üzləşib. Belə ki, Ermənistanın dədə-bab torpaqlarımız ola bu, əraziləri işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlı öldürülüb, ümumilikdə bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Müəllif vurğulayıb ki, bütün bu baş verən faciələrdən sonra erməni lobbisinin təsiri altında Kaliforniya Ştat Assambleyasının Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış qondarma bir rejimə dair qətnamə qəbul etməsi ABŞ xarici siyasətinə və beynəlxalq birliyin iradəsinə ziddir.
E.Aydınov bildiribr ki, erməni lobbisi bununla qanunsuz hərbi işğalı unutdurmağa çalışır. Hazırda qətnamənin Kaliforniya Senatında baxılmaqda olduğunu söyləyən müəllif Senatın erməni yalanlarına uymayacağına və qətnaməni rədd edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Qeyd edək ki, Kaliforniya paytaxtında nəşr olunan “Sacramento Bee” ştat siyasətçiləri və geniş ictimaiyyəti tərəfindən ən çox oxunan qəzetlərdəndir.
Modern.az