“Azərbaycanda hər kəs dini inancını seçməkdə sərbəstdir. Bu, Konstitusiyada da öz əksini tapıb. Lakin son zamanlar mediada dini inanca tolerant yanaşmayan, əksinə məzhəb ayrımını qızışdıran yazılar gözə çarpmaqdadır”.
Modern.az-a danışan media eksperti, hüquqşünas Ələsgər Məmmədli belə deyib. Onun sözlərinə görə, qanunsuz təbliğatla məşğul olanın cəzasını hüquq-mühafizə orqanları verməlidir: “Bununla bağlı mən də narahatçılıq keçirirəm. Azərbaycanda doğrudan da hüquq müstəvisində hər hansı bir dinə inanmaq və ya inanmamaq, ya da hansısa dinin hansısa məzhəblərinə inanmaq tamamilə sərbəst olan bir şeydir, konstitusional hüquqdur. Yəni çevrənin mənim dini inancımla bağlı nə bir öhdəliyi, nə də buna müdaxilə haqqı var. Çünki bu insanların özəlidir. Eynilə də dövlətin bununla bağlı Konstitusiyada təminatı var ki, dövlət hər kəsin vicdan azadlığına təminat verir. Hər kəs istədiyi dini sərbəst seçər ya da seçməz, özü bilər.
Son vaxtlar təəssüf ki, qlobal informasiya mühiti insanları istər-istəməz baş verən hadisələrdə bir formada ya tərəf kimi, ya da ki bir növ özünü ifadəetmə baxımından mövqe bildirmə durumunda göstərir. Xüsusən, Yaxın Şərqdə baş verən hadisələr, orada bəlli qrupların din adı altında insanlıqdan kənar hərəkətləri insanları qəzəbləndirir. İstər-istəməz bu cür məsələlərdə onlara bənzər insanların da dərhal burada hədəf halına gəlməsinə səbəbiyyət verir. Əslində bu yolverilməz haldır. Çünki ola bilsin Azərbaycanda kimsə saqqal buraxsın, heç kimə zərəri toxunmadan ibadəti ilə məşğuldur. Bu, bizi narahat etməməlidir. Əgər qanunsuz fəaliyyəti varsa, artıq bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır.
Son hadisələr, xüsusən Sabirabadda baş verən hadisə təəssüf ki, belə bir tendensiya yaratdı ki, kimsə özünü jandarm rolunda görür və kimisə cəzalandırmaq istəyir. Bu, birmənalı olaraq təxribatdan başqa bir şey deyil və cinayət əməlidir. İstənilən halda kimsə qanunsuz təbliğatla məşğul olduqda belə bunun cəzasını qanunlar və hüquq mühafizə orqanları verə bilər”.
Ə. Məmmədli düşünür ki, media mövcud tolerant durumun davam etməsinin mümkün olduğunu göstərməlidir: “Medianın xüsusilə həssas olmasının zəruriliyini düşünürəm. Media bitərəf olmamalı, bu tip məsələlərdə qızışdırıcı deyil, maarifləndirici rol oynamalıdır. Çünki yanan atəşin üzərinə benzin tökməklə onu söndürə bilməzsiniz. Ona su tökmək lazımdır. Medianın funksiyası deyil ki, hansısa tərəflərin demədiyi, hətta görünəni bir az daha şişirdərək ortaya qoysun və tərəfləri qızışdırsın. Media daha çox mövcud tolerant durumun bundan sonra da davam etməsinin tamamən mümkün olduğunu göstərməlidir. Hətta dövlət fərdi informasiya baxımından dini inancların gizli tutulmasını təmin edir. Bizim şəxsiyyət vəsiqəmizdə, hansısa şəxsi sənədlərimizdə inancımız yazılmır. Ona görə də son hadisələrdə medianın daha səbrli, daha etik olmasını zəruri hesab edirəm”.
"Yeni Müsavat" qəzetinin köşə yazarı Kənan Rövşənoğlu belə vəziyyəti Azərbaycan üçün böyük təhlükə hesab edir:
“Təəssüf ki, Yaxın Şərqdə baş verən dəhşətli olaylar bir formada Azərbaycana da sirayət edir. Bu məsələdə ən böyük günahkar təbii ki, məhz o ölkələrdə baş verən siyasi proseslərə bilərəkdən dini rəng qatan din və siyasət adamları oldu. İndi bunun acısını bütün müsəlman dünyası, bütövlükdə dünya xalqları çəkməkdədir. Təbii ki, müsəlman ölkəsi olaraq Azərbaycana da bu proseslərdən pay düşdü. Azərbaycanın çoxillik İslam ənənələri uzun illər ərzində öyrənilib tətbiq edilmədiyi və din sahəsində yaranmış boşluq səbəbindən ölkədə formalaşmış qarışıq dini situasiyada məzhəb gərginliyinin artması gözlənilən idi. Mediaya gəldikdə, hiss olunur ki, bir çoxları nəticənin necə ağır olacağını təsəvvür etmədən kor-koranə bu cür xəbərləri tirajlayır. Eyni zamanda məqsədli olaraq gərginliyin artmasını körükləyənlər də var. Bu vəziyyət bütövlükdə Azərbaycan üçün böyük təhlükədir. Çünki bir məsələyə dini rəng qatılması, insanların biri birini təkfir, dindən çıxmış elan etməsi və buna inanması nifrəti körükləyir və küfrdə olduğuna inandığı insanı öldürməyə belə hazır olur. Bu çox təhlükəlidir. Azərbaycanın min illərdir formalaşmış tolerantlıq ənənələri var. İnsanlar bir-birinə dinindən, məzhəbindən asılı olmayaraq düşmənçilik etmirdi. Əks tendensiyanın qarşısını almaq üçün əsas iş indi din xadimlərinin və dövlətin üzərinə düşür. Azərbaycanda dini duruma kənar təsirlərin qarşısını almaq, yerli dini icmalar arasında birgəyaşayışı təşviq etmək, bir-birinin inancına hörmətlə yanaşmağı aşılamaq istiqamətində ciddi işlər görülməlidir”.
Misranə Həsənzadə