Modern.az

Bizə “toy tutanlar”...

Bizə “toy tutanlar”...

7 İyul 2014, 16:29

Savalan Talıblı

Bilirsiz də, toy bizim ən gözəl, ən qutsal adətlərimizdəndir. Gö­zəlliyi ilə yanaşı, həm də toy adətlərimizin tarixi çox uzaqlara gedib çıxır. Deyərdim həttda ulularımız biçarə Adəmin- Həvvanın dövrünə. Toy təkcə iki gəncin qovuşması deyil. Əgər bir toyda iki gənc qovuşursa, o toyda bir neçə küsülü dost-qohum da barışır, bir neçə nəfər isə içkinin təsirindən bir-birini al-qana bulayıb, düşmən olur. Biri dəvət olunduğu toya borc alıb gedir, başqa birisi də səbirsizliklə toya dəvət olunduğu günü gözləyir.

Mən aylıq 350 AZN maaş alıram. Amma hesablasam, ay ərzində toylara orta hesabla demək olar 700-800 manat pul xərcləyirəm. Toya getmək məsələsində qadınların işi çox çətindir. Təzə pal-paltar almaq, saç kəsdirmək, manikür-pedikür, makiyaj etdirmək və s. O zırıltının əziyyətini çəkən də kişi olur. Evli olan kişilər burada məni yaxşı başa düşərlər.

Bəzənib-düzənib toya gəlirik. Toylarda qarşılaşdığımız ilk qüsur yarım saat bəylə gəlini avtomobildə saxlamaqdır. Mən bilmirəm bu adəti özündən kim icad edib. Toyun yaraşığı olan bəylə-gəlini niyə belə təhqir edirik.
Əvvəla toylarda qida rasionu doğru-dürüst təqdim olunmur. Rusların, türklərin toyuna baxanda bizim toyların menyüsündə “quş südü”nə qədər hər nə desən var. Vaxtı keçmiş cürbə-cür kolbasalardan, on günlərlə qalmış salatlardan tutmuş restoranların zirzəmilərində doldurulmuş araq və şirələrə qədər...

 Toylarımızım problemi bununla bitsə dərd yarı olar. Musiqi sarıdan isə toylarımız çox axsayır. "Vağzalı" Mendolsonun valsı ilə əvəzlənib, tamadalar şoumenlərə çevrilib. Toylarda səslənən disko-caz musiqilərini heç dilimə gətirmirəm. Toyda diskoteka olmasa, “qan-qan” deyib, göz çıxardan "gənclər"dən belə, danışmağa dəyməz.

Azərbaycanda toyların dadı-duzu bilirsiniz nə vaxt qaçdı və ya toylarla bizə nə vaxt "toy tutdular?!". Köhnə kişilər, sovet vətəndaşı olanlar yəqin yaxşı xatırlayar. Əvəllər avtomobillərin qabağına kukla bəzəyib qoyardılar. O bəzəkli kuklalar yığışdırılandan toylarımızın da ləzzəti, duzu-bərəkəti yoxa çıxdı. Kukla getdi, gəlinlərin üzünün abır həyası da itdi. Bəlkə də hardasa o bəzəkli kuklalar yığışdırılıdıqlarına görə bizləri “qarğadı” ki, biz toy adətimizi bu qədər əcnəbiləşdirdik.

Bu yaxınlarda Pirallahı rayonununda yaxın qohumumum yas məclisində iştirak elədim. O balaca rayonda insanların bir-birinə necə qayğı göstərdiyinin şahidi oldum. Qonum-qonşular əl-ələ verib yüksək səviyyədə yas mərasimini yola verdilər. Sözün düzü indiki dövrdə belə münasibətin varlığına mat-məətəl qaldım. Şükür sənə, Tanrım, xalqımız azca da olsa özünü qoruyub, saxlaya bilir.

Bu gün toylar diskotekaya bənzəyirsə, yas mərasimlərində də yeniliklər az deyil. Məsələn, məclisi idarə etmək üçün üçün xüsusi aparıcılar var. Bu aparıcılar harda təlim keçirlər, bu kurs harda açılıb bilmirəm! Yas məclislərinin aparıcıları əsasən də qadınlar olur. Yas yerində tanımadıqları adam üçün saxta bir kədərlə bu qadınlar elə ağlaşma qurub, şaxsey-vaxsey salırlar ki, bunu eşidən ölünün Allah bilir o dünyada qıdığı gəlir. Bəzi yas mərasimlərinin aparıcılarının bir məclisdə bir neçə müştərinin məclisinin yola verməsini boynuna götürməsinin də şahidi olmuşam. Balaca kitablarında yerli-yataqlı qeydlər aparırlar.



Toylarımız əvvəllər palatkalarda keçirilərdi. Qohum-əqraba, qonum-qonşu da bu palatkaların qurulmasından, qazanların asılmasına qədər cənfəşanlıq edərdi. Sonra müstəqillik əldə etdik. Məmləkətimizdə iqtisadi inkişaf pik həddə çatdı. Palatkalar restoranlarla əvəzləndi. "Kimin kişisindən əskiyəm" deyib toylarımızı restoranlarda çaldırmağa başladıq. Restoran adlarınından danışsam, Qurban dayı demişkən, məni gic gülmək tutar. İşğal altında olan yurd yerləimizin hamısının adına restoran var. İşğalda qalan yurdların həsrətini restoranlarla tapırıq. Əcəb vətənpərvərik...

Toylar milli-mənəvi dəyərlərin qorunmasına xidmət edərdi: "Qız bəyənmə" "Qızgörmə", "Xəbər göndərmə", "Kiçikelçilik", “Elçilik", "Nişan", "Bayramlıq", "Kəlmələşmə", "Paltarbi­çdi", "Cehiz", "Çörəkbişdi", "Qız şaxı", "Xınayaxdı", "Kəbinkəsdirm­ə", "Toy", "Gəlin aparma", "Atdandırma", "Üzəçıxdı", "Gəlingördü", "Ayaqaçdı", "Qonaqçağırma" kimi adətlərimiz vardı. İndi isə bu adətləri yuvarlaqlaşdırıb, cılızlaşdırırıq. Yəni ağsaqqal babalarımızın, ağbirçək nənələrimizin zaman-zaman qoruyub saxladıqları və bugünümüzə ötürdükləri adətlərin icrasını dəqiq yerinə yetirmirik.

Ən dəşətlisi isə indi toyda ağız deyəni qulaq eşitmir. Musiqinin səsi o qədər gur olur ki, iki qohum-əqraba ancaq bir-biriylə bir-neçə saniyəlik musiqi fasiləsində söhbət edə bilir.

Bəzi restoranlarda stolların üstündə yeməyə heçnə tapmırsan, bəzilərində də üst-üstə qalan yeməklərə baxıb heyfislənirsən. O yeməklər toydan sonra ya zibilxanalara boşaldılır və ya köhnə toydan qalanları növbəti toyda sırıyırlar başqa bir toy yiyəsinə. İsrafçılıq isə müsəlmana haramdır.

Bayaq qeyd etdim ki, əvvəl toylarımız palatkalarda keçirilərdi. O palatkalarda asılmış xalçalara ağ pambıqla yazılan "Xoşbəxt olun!" kəlməsi vallah hardasa insanları ağ günə aparırdı. İndi dəbdəbəli saraylardakı toyların əksəriyyəti insanları ancaq borca sarı aparır.
O palatka toylarında evlənib-boşananlar da, bu günə baxanda müqayisə olunmaz dərəcədə çox az idi.

Bizim evin yanında rayon məhkəməsi var. Hər dəfə o məhkəmin yanından keçəndə ayrılmaq üçün məhkəməyə müraciət edənləri görəndə ürəyim ağrıyır. Borc-xərclə toy edəsən və axırda da sənin cehizini, şəxsi məsələni məhkəmə həll etsin. O vaxtlar ancaq qonum-qonşuya cüzi miqdarda borclu qalmaq olardı. İndiki toylarda isə bir də görürsən ki, bəyi restoran müdüri zamin saxlayıb. Əgər yeni qurulan ailəyə belə xeyir-dua verilirsə, o zaman “söz” burada acizdir. Və bəyə əsl "toyu" elə restoran müdirləri tutur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi