Bu gün Avropa Xalq Partiyasının baş katibi Antonio Lopez İsturizin başçılıq etdiyi Mərkəzçi Demokratlar İnternasionalın faktaraşdırma missiyasının üzvləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında görüş keçirilib. Modern.az xəbər verir ki, Şura sədri, deputat Azay Quliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək ölkəmizdə QHT sektorunun inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında danışıb.
Azay Quliyev Şuranın fəaliyyəti dövrü ərzində insan hüquqları, təhsil, mədəniyyət və digər sahələr üzrə yüzlərlə yerli QHT-nin layihələrini maliyyələşdirdiyini bildirib.Deputat həmçinin Şuranın xarici QHT-lər üçün qrant proqramı haqqında da qonaqlara dolğun məlumat verərək müxtəlif mövzular üzrə bir çox nüfuzlu Avropa təşkilatları ilə əməkdaşlıq etdiklərini vurğulayıb.
A. Quliyev Şura ilə Avropa Xalq Partiyası arasında da vətəndaş cəmiyyətinin inkişafı istiqamətində uğurlu əməkdaşlıq münasibətləri qura biləcəklərini bildirib. Mərkəzçi Demokratlar İnternasionalın faktaraşdırma missiyasının üzvləri Şuranın fəaliyyətini müsbət qiymətləndirdiklərini və ikitərəfli əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliklərini ifadə ediblər.
Modern.az