“Sabirabad və Müşfiqabaddakı dini zəmində baş verən hadisələr təxribatdır. Bu cür qarşıdurmalar yaratmaq kimlərinsə marağındadır. Bizim hüquq-mühafizə orqanlarından və digər aidiyyatı qurumlardan xahişimiz və tələbimiz budur ki, məsələnin kökünü araşdırsınlar”.
Bunu Modern.az saytına açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov deyib. O Sabirabaddakı vəhhabilik cərəyanına məxsus Cavanşir Zərbəliyev adlı şəxsə qarşı Rəmzi Zeynalov adlı vətəndaşın fiziki güc tətbiq etməsinə münasibət bildirərkən deyib ki, ölkədə dini qarşıdurma yaratmaq cəhdlərini müşahidə etmək olur. Onun sözlərinə görə sələfilərin, vəhhabilərin bu hadisədən istifadə edərək cəmiyyətin təhlükəsizliyinə yönələn çağırışları qəbuledilməzdir.
“Bəzən yalançı məlumatlar da yayılır. Amma buna baxmayaraq cəmiyyətdə yenə də ajiotaj yaranır. İslam Partiyasının qarşıdurma yaradacaq istənilən məsələlərə münasibəti çox mənfidir. Bəzi qüvvələr onsuz da qarşıdurma yaratmaq üçün bəhanə axtarırlar. Bu cür hadisələrin qarşısını vaxtında almaq daha münasib olar”,-deyə E. Manafov söyləyib.
Aqşin Kərimov