Yay mövsümü ilə bağlı Bakıdakı teatrlar mövsümü qapadıblar. Modern.az-a “Minatur” teatrından təsdiqləyici cavab verilib. Teatrın direktoru İlham Namiq Kamal bildirib ki, artıq tətildədirlər.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı isə iyulun 5-də fəslin sonuncu tamaşasını göstərib. Dövlət Gənc Tamaşaçılar Teatrından verilən məlumata görə, 86-cı tamaşa mövsümünə Xaçmaz şəhərində Mirzə Fətəli Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşası ilə başa vuracaqlar. Məlumata eyni zamanda teatrda 86-ci mövsümün son tamaşasının hazırlıq prosesi də başa çatmaq üzrə olduğu da qeyd olunur. Məşqlərinə may ayının sonlarından start verilən “Qoğalın nağılı”na isə iyulun 16-da ictimai baxışı keçiriləcək.Qeyd edək ki, teatrın yeni – 87-ci mövsümünün ilk yeni tamaşası da məhz “Qoğalın nağılı” olacaqdır. Yeni tamaşanın premyerası oktyabr ayının 11-i və 12-də saat 12.00-da baş tutacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında isə yeni mövsümün hazırlıq məşqləri davam edir. Teatrdan verilən məlumata görə, mövsümün sonuncu tamaşası ötən ayın 18-də nümayiş olunub. Teatr heyəti iyulun 19-da məzuniyyətə çıxacaq.
Azərbaycan Dövlət Pantomim teatrı isə iyulun 13-də “Ora-bura” tamaşası ilə mövsümə yekun vurmağa hazırlaşır.
Azərbaycan Dövlət Kukla Teatrından verilən məlumata görə isə iyulun 13-də “Pinokiyonun sərgüzəştləri” tamaşası ilə mövsümü yekunlaşdıracaqlar.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı isə mövsümü gürcü yazıçısı Aksenti Saqarelinin “Xanuma” əsərinin tamaşası ilə bağlı elan edəcək. Teatr heyətinin yay tətili isə iyulun 15-dən başlayır.
Məltəm Talıbzadə