Bir qrup media nümayəndəsi ilə birlikdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müasir standartlara cavab verən yeni laboratoriyasında su mənbələrinin müəyyən edilməsi, istehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinə daim nəzarət olunması, onun tərkibinin müasir standartlar səviyyəsində öyrənilməsi məqsədilə tanış olduq.
Laboratoriya müdiri Elşən Nəzərov bildirib ki, yeni avadanlıq və cihazlarla işləmək üçün kadrların hazırlanması da diqqətdə saxlanılıb, laboratoriyanın inşası ilə eyni vaxtda kadr hazırlığına başlanılıb. Laboratoriyada quraşdırılmış müasir cihaz və avadanlıqların xüsusiyyətləri nəzərə alaraq kimyaçı, bioloqlardan ibarət mühəndis heyəti təlim keçmək üçün İstanbul Sukanal İdarəsinə ezam olunaraq 20 nəfər mütəxəssis idarənin mərkəzi laboratoriyasında təcrübə keçib, müasir cihazlar vasitəsilə analizlərin aparılmasını öyrənmiş və uyğun sertifikatlar alıblar. Eyni zamanda, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili təlim proqramına uyğun olaraq ixtisasartırma kursları təşkil edilib, işçilərin nəzəri və təcrübi biliklərinin artırılması üçün kurslar təşkil olunub. Yerli mütəxəssislərin təcrübələrini artırmaq məqsədilə onların gələcəkdə də xarici ölkələrə təlimlərə göndərilməsi davam etdiriləcəkdir. Burada qazanılan təcrübədən regionlarda qurulacaq laboratoriyalarda istifadə olunacaqdır.
E. Nəzərov əlavə edib ki, inzibati bina içməli və tullantı sularının analiz şöbələrindən ibarətdir. Hər bir şöbədə fiziki-kimyəvi və bakterioloji göstəriciləri təyin etmək üçün bölmələr fəaliyyət göstərir. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərin avadanlığı quraşdırılıb. Bu avadanlığın köməyi ilə içməli və tullantı suların fiziki-kimyəvi, toksiki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək mümkündür. Burada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları alınıb quraşdırılmışdır. Bu cihazlar içməli suyun, eləcə də tullantı sularının operativ, dəqiq və etibarlı analizlərini aparmağa imkan verir.
“İlk olaraq nümunə götürmə komandası səhər saat 09:00-da iş otağına yığışaraq iş bölgüsü aparırlar. Nümunə götürmə 2000-dən artıq nöqtəni əhatə edirik. Bura mərkəzi və məhəllə daxili anbarlar, dövlət əhəmiyyətli obyektlər, məktəb, xəstəxanalar, ictimai iaşə obyektləri və s. daxildir. Nümunələr günorta saatlarınadək götürülür. Çünki nümunə daşınma müddəti 4-6 saat arası olmalıdır. Daha sonra isə nümunələr laboratoriyalara daxil olur. Burada isə, içməli və tullantı suları bir birinə qarışmasın deyə nümunə qabları ayrı-ayrılıqda qoyulur. Qəbul prosesi daxili proqram vasitəsilə nümunələr kodlaşdırılaraq qeydiyyata düşür. Nümunələr kodlaşandan sonra isə laboratoriyalara verilir. Bu zaman analiz aparan kimyaçı, bioloq öncədən bilmir ki, bu nümunə haranın suyudur. Bütün bunlar keyfiyyətə daim nəzarət etmək üçün vacibdir. Götürülmüş nümunələr yoxlanıldıqdan sonra məlumatlar elektron formada bazaya yerləşdirirlər. Keyfiyyətə nəzarət üzrə mühəndis nəticələri götürəndən sonra onları bir daha yoxlayaraq hesabat verir. Mən isə, nəticələri müvafiq qurumlara göndərirəm”. Laboratoriya müdiri onu da bildirib ki, Mərkəzi Laboratoriyanın yaradılması layihəsi çərçivəsində səyyar laboratoriya kimi fəaliyyət göstərən və su nümunələrinin daşınması üçün 6 nəqliyyat vasitəsi də alınıb. Səyyar laboratoriyalar su mənbələrinin tədqiq edilməsi üçün olduqca əhəmiyyətlidir və onların texniki imkanları istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına imkan verir. Başqa sözlə, bulaqlardan, çaylardan, göllərdən, quyu və digər yeraltı mənbələrdən, həmçinin sugötürücü sistemlərdən, anbarlardan götürülmüş nümunələrin əsas parametrlərini qısa zamanda yerindəcə öyrənmək mümkündür. Daha yüksək dəqiqlik və həssaslıq tələb edən analizlərin stasionar şəraitdə öyrənilməsi nəzərə alınaraq nümunələr xüsusi nəzarət altında Mərkəzi Laboratoriyaya çatdırılır. Yeri gəlmişkən, vətəndaşlar quyularının və ya bulaqlardan götürdükləri nümunələri laboratoriyada yoxlatdıra bilərlər. Bu insanların istifadə etdikləri fərdi mənbələrindəki suyun keyfiyyəti ilə bağlı doğru-dürüst məlumat almağa imkan verir. Bunun üçün onlar Mərkəzi Laboratoriyaya müraciət etməli, müvafiq müqavilə bağlamalıdırlar.Qeyd edək ki, regionda içməli su və tullantı sularının tərkibini Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində öyrənən ilk müasir laboratoriya Azərbaycanda yaradılmışdır. Belə bir mühüm layihənin həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişafı, ölkə rəhbərliyinin insanların sağlamlığına, həyat şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.