Modern.az

Bakıda ilanvurmaların artmasına səbəb nədir?

Bakıda ilanvurmaların artmasına səbəb nədir?

5 İyul 2010, 14:52

Azərbaycanda insanların antipatiysını qazanmış bu sürünən canlıların aktivləşməsi müşahidə olunur

 

Son illər Azərbaycanda ilanvurmaların sayı xeyli artıb. Xüsusilə də Bakı şəhəri və Abşeron rayonu ərazisində ilanlar kütləvi şəkildə çoxalıb. Onların gözlə görünün yerlərdə dolaşması insanlarda qorxu və həyəcan hissini artırıb. İlanların çoxalması müxtəlif söz-söhbətlərin yayılmasına səbəb olub, hərə bunu cür izah etməyə çalışır. Bəs bunun əsl səbəb nədir?

 

İlanların xüsusiyyətlərinə keçməzdən öncə ilanvurmalarla bağlı builki statistikaya diqqət yetirək. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, bu ilin əvvəlindən indiyə qədər ilanvurmaya dair 50-dən çox hadisə baş verib. Bu, ötən ilin müvafiq göstəricisindən xeyli çoxdur. İlan vurmasından zərərçəkənlərin vəziyyəti orta ağır və ağır qiymətləndirilib. Zəhərlənənlərdən yalnız Yevlax rayon sakini olan bir nəfər mayın əvvəlində dünyasını dəyişib. İlanvurmalar daha çox Aran rayonlarında qeydə alınıb. Bununla yanaşı, Bakıətrafı kəndlərdən də ilan vurması nəticəsində zəhərlənən xəstələr qeydə alınıb. Bakıətrafı kəndlər arasında Zirə ilan zəhərlənmələrinin sayına görə üstünlük təşkil edir. Bu, əvvəllər həmin kənddə ilanların saxlanıldığı müəssisənin olması ilə bağlıdır”

 

Pislik rəmzi yoxsa xilaskar varlıq?

 

İlanlar o qəbil nadir heyvanlardandır ki, onların nə özlərini, nə də balalarını xoş təəssüratla anmaq mümkün deyil. Bü heyvanlar insanlarda antipatiya doğurub ki, bunu da «ilanın ağına da lənət, qarasına da», «İlan vuran ala çatıdan qorxar» kimi xalq deyimləri də təsdiqləyir. Min illərin yaddaşından gələn ağrılı, acılı təcrübə hər zaman bizi onlardan gen gəzməyə məcbur edib.

Müxtəlif zamanlarda müxtəlif xalqların ilanlara münasibəti fərqli olub. Bu heyvanlara yalan və pislik rəmzi kimi münasibət bəsləyənlərlə yanaşı, onları müqəddəs varlıq , xilaskar kimi qəbul edənlər də var. Misir fironlarının baş geyimini bəzəyən ilanlar möhtəşəmlik, qədim yunan əsatirlərində təsvir edilən ilanlar isə xilaskar rəmzi kimi təqdim olunub. Elə azərbaycanlılar arasında da bəzi vaxtlarda ilanlar hansısa pir və ya ocağın rəmzi olaraq müqəddəs varlıq kimi qəbul edilib. Naxçıvandakı Gəmiqayada çox rastlanan təsvirlərdən biri də ilan rəsmləridir. Azərbaycan folklorunda ilanla bağlı xeyli inanclar var. Əfsanələrdə ağ ilan və qara ilanla bağlı obrazlar, insanların ağ ilana kömək etməsi, ağ ilanı öldürməyin yasaq olması öz əksini tapıb. Azərbaycan əfsanələrində saxlanan inanclara görə evdə olan ocaq ilanını öldürməzlər. Əgər onu öldürsən xeyir-bərəkət yox olar. Gəmiqayada təsvir edilən ilan rəsmlərinin bitki aləminin qorunması, məhsuldarlığın mühafizəsi ideyası ilə bağlı olduğu da söylənilir.

Hindistan və Birmada kobralar, Amerikada isə hinduların zınqırovlu ilanlar qarşısında təzimetmə mərasimləri həyata keçirilir, bu canlıların hansısa səbəbdən öldürülməsi tabusu qoyulub.

 

Hər il dünyada yarım milyon insanı ilan çalır

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada yarım milyondan çox adam ilan sancmasından zərər çəkir. Hindistan ilan çalmasından ölənlərin illik sayına görə dünyada birinci yeri tutur. Bu ölkədə ilan vurmasından ölənlərin sayı bütün qalan ölkələrdə eyni səbəbdən ölənlərin ümumi sayından çoxdur. Hindistanda hər il ilanlar 250 mindən çox adamı dişləyir ki, nəticədə də 50 min insan həyatını itirir. Ərazisində daha çox zəhərli ilan olan Avstraliyada isə ilanvurmadan ildə bir neçə nəfər ölür. ÜST-nın məlumtında bildirilir ki, Hindistanda ilan çalmasından ölüm hallarının çoxluğuna səbəb bir qayda olaraq zərərçəkənlərin xəstəxanaya gec çatdırılmasıdır.

Dünyada ilanlarla məşğul olan adamlar az deyil. İlan ovsunçuları bü sürünənləri hərtərəfli öyrənir, xasiyyətlərinə bələd olurlar. Hindistanda əhalinin ilanlarla təması daha sıxdır, bu sahədə ənənə var. İlan çox parametrlərdə hindlilərin haradasa məişətinə daxil olub. Məsələn, bu ölkənin cənubundakı Tamil Nadu ştatında İrula qəbiləsi öz ilan ilahələrinə həsr olunmuş mərasimlərini qeyd edirlər.

Bu tayfa zəhərli ilanları tutmaq və onların zəhərini çıxarmaqla məşğuldur.

 

İlanvurması

 

İlanların zəhəri növünü dəyişmiş tüpürcəkdir. Bu zəhər bir neçə aktiv komponentdən, əsasən zülal və fermentlərdən ibarətdir. Zəhərlər də fizioloji baxımdan iki cür olur. Bir qismi ürək-damar sisteminə təsir edən və qanın laxtalanmasına, kapillyarların partlamasına səbəb olur. Bunlara hemotoksinlər deyilir. Gürzələrin, zınqırovlu ilanlarıın zəhəri bu növdəndir. Bu zaman şiş, qansızmalar, toxumaların qaralması müşahidə olunur. Belə halları mütəxəssislər tipik ilan zəhərlənməsi əlaməti sayırlar. Digər qisim zəhərlər isə neyrotoksinlərdir. Onlar əsasən sinir sistemini zəhərləyir, onu iflic edir. Kobralar, bunqarlar belə zəhərə malikdir.  Bu ilanlar çalanda, dişlənilən yerlər çox da ağrılı olmur. Amma güclü başgicəllənmə və ürəkgetmə halları baş verir.  Elə ilanlar var ki, onların zəhəri hər iki xüsusiyyəti özündə daşıyır. Onlar Azərbaycandan çox-çox uzaqlarda yaşayan taypan, massasauqa, habon gürzəsi, kaskavella ilanlarıdır. Dünyanın ən zəhərli ilanları Avstraliya zolaqlı taypanı, Asiya gözlüklü ilanı, Afrika mambaları, Amerika zınqırovlu ilanları, kaskavella və bəzi dəniz ilanlarıdır. Bunu laboratoriya şəraitində aparılan tədqiqatlar və təcrübələr sübut edib. Amma onu da bilmək lazımdır ki, yalnız çox toksid zəhəri ilanlar mütləq ən təhlükəli sayılmamalıdır. Burada yaraya düşəcək zəhərin gücü və dərəcəsi, zəhər dişlərinin uzunluğu, ilanın aqressivlik dərəcəsi, harada yaşaması, gecə və ya gündüz aktiv olması şərtdir. Məsələn, bumslanqların zəhəri kobranınkından beş dəfə toksikdir. Amma onun zəhər dişləri öndə deyil, ağzının lap arxa tərədf yerləşir. Odur ki, onun çalması heç də həmişə gözlənildiyi qədər təhlükəli olmur. Əgər dəniz ilanlarının dişləri çox qısa, zəhərlərinin miqradı az olmasaydı onda onlar canlılar üçün son dərəcə təhlükəli olardılar. Şahanə kobralar şikarları üçün kifayət qədər zəhər ayırırlar. Amma onun dişləri qısa olduğundan zəhəri taypanın zəhərindən zəifdir. Buşmeystrin isə həm dişləri uzundur, həm də zəhəri çox güclüdür. Bu ilanlar çox nadir hevanlar sayılırlar.

Bəzən yanlış olaraq ilanların haçalaşmış dilini onların zəhərli orqanı hesab edirlər. Əslində bu dil lamisə və qoxu orqanı, temperatur dəyişkənliyini təmin edən və hətta müəyyən mənada eşitmə orqanıdır.

 

Azərbaycanda da ilan sancmaları artıb

 

Rəsmi məlumata görə, hər il ölkəmizdə də 50-dən çox ilanvurma halı qeydə alınır. Doğrudur, Hindistandan fərqli olaraq Azərbaycanda əhalinin məişəti, iqlim şəraiti fərqlidir, adamlar ayaqyalın gəzmir, ilanlara təzim edilmir. Buna baxmayaraq respublikamız ərazisində bu canlıların təsirindən zərərçəkənlər ildən-ilə artır.

Kliniki Tibbi Mərkəzin şöbə müdiri Azər Maq­su­do­vun söz­lə­ri­nə gö­rə, ilan sanc­ma­sı ilə zə­hər­lə­nən­lər bir sut­ka ər­zin­də hə­ki­mə mü­ra­ciət et­mə­li­dir. Çünki hə­min zə­hər­lən­mə­yə qar­şı is­ti­fa­də edi­lən zər­dab ilan sanc­ma­sın­dan bir sut­ka ke­çə­nə­dək tə­sir et­mək gü­cün­də­dir. Bir sut­ka­dan ar­tıq ol­duq­da isə fə­sad­laş­ma döv­rü baş­la­yır və is­ti­fa­də edi­lən zər­dab prak­ti­ki ola­raq tə­sir gös­tər­mir. Bəzi ekspertlər deyirləe ki, bu gün Abşeronda əhalinin sıxlığı artıb, tikinti işlərinin miqyası genişlənib, nəticədə ilanların məskunlaşdığı ən pünhan yerlər həmin canlıların əllərindən alınır. Elə ilansancma ilə bağlı problemlərin də bundan yarandığı vurğulanır. Zooloqlar Azərbaycanda 24 növ ilanın yaşadığını deyirlər. Onlardan cəmi 4-ü zəhərlidir, qalanı zəhərsizdir. 

Heç nə eşitməyən canlılar

 

İlanların nə xarici qulağı, nə qulaq dəliyi, nə də eşitmək üçün çox vacib olan təbil pərdəsi var. Bu halda sual oluna bilər, filmlərdə, sirkdə göründüyü kimi, torbadan çıxan kobra həzin tütək səsinin ahənginə uyğun necə rəqs edə bilir?

Sübut olunub ki, əslində bizim gördüyümüz mənzərə ilanın rəqs etməsi deyil, onun hərəkətdə olan tütəyi izləməsidir. Maraqlıdır, onda torbadan çıxan ilan niyə aqressivlik göstərməyib həzin musiqi altında məftunluqla «rəqs edir»? Bəzi məlumatlara görə, sirk ustaları buna nail olmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Belə deyilir ki, uzun müddət ac saxlanılan kobralara verilən cüzi qida onun torbanın içindən yalnız başını azacıq qaldırmasına yetir. Bir sıra tədqiqatçılar isə bildirirlər ki, əksinə, hədsiz yaxşı yedizdirilən ilan sanki yuxuya getmiş vəziyyətdə olur. Bu zaman süst vəziyyətdə olan ilanı idarə etmək isə heç bir çətinlik törətmir. Bununla belə ilan oynatmaq çox riskli və sirli sənət sayılır. Belə olmasaydı, malayziyalı ilanoynadan zəhərli bir gürzəni burun dəliyindən salıb ağzından çıxarmazdı. İndiyədək ilanoynadanlar arasında ilanların hücumuna məruz qalanlar, ölənlər az olmayıb.

İlanlar daha çox mexaniki titrəmə təsirlərinə və kəskin iyə qarşı həssasdır. İlan süründüyü marşrutda kəskin iyə (yarpız, nanə, sarımsaq) rast gəldikdə kənara gedir. Ovsunçular belə şeyləri daha yaxşı bilirlər. Belə insanlar Azərbaycanda da var. Sovet dövründə belə ovsunçulardan həmişə istifadə edilib.

«İlan zavodu» niyə bağlanıb? 

Əgər 1895-ci ildə Parisdədəki Paster institutunda ilan zəhəri əleyhinə zərdablar hazırlanmasaydı, ildə minlərlə adamı həyata qaytarmaq mümkün olmazdı. İlan zəhəri əleyhinə zərdab hazırlanması nəticəsində ilansancmadan ölüm 1,5-2 faizə endirilib.

Zəhərli ilanlardan Azərbaycanda təbii ehtiyatı ən çox olan Zaqafqaziya gürzəsidir. Bu ehtiyatın çoxluğu nəzərə alınaraq sovet vaxtı qərara alınmışdı ki, ondan istifadə olunsun.

Ölkəmizdə ilan zəhərindən tibbi xammal kimi geniş istifadə 20-ci əsrin ikinci yarısından başlayıb və Bakının Zirə qəsəbəsində ilan zəhəri istehsal edən müəssisə yaradılıb. Zirə Herpetoloji Kombinatı adlanın həmin təsərrüfatda ən zəhərli ilanlar olan gürzələrin müxtəlif növləri saxlanılırdı. Müəssisədə ən çox zəhər alınan ilan Zaqafqaziya gürcəsi olub. Ümumilikdə bu müəssisədə 3 minə yaxın ilan saxlanılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, vaxtilə Azərbaycanda istehsal olunan ilan zəhəri xammal kimi Estoniyadakı əczaçılıq zavoduna göndərilirdi. O vaxtlar Zirədəki «ilan zavodu»nda istehsal olunan məhsulun həcmi ildə 20 kq-a çatıb. Sovet hökuməti Azərbaycanın Estoniyaya göndərdiyi hazır xammaldan «Viprosal» mazı istehsal edir və çox baha qiymətə xarici ölkələrə satırdı. Səhiyyə Nazirliyinin məlumatına görə, sovet dövründə dünyada istehsal olunun quru gürzə zəhərinin 50 faizi məhz Azərbaycanın payına düşürdü.

Zirə Herpetoloji Kombinatının keçmiş işçilərinin sözlərinə görə, vaxtilə ilan zəhərinin istehsalı nəticəində əldə olunan gəlir milyonlarla dollarla ölçülürdü.

Lakin 1989-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ilan zəhərinin Estoniyadakı əczaçılıq zavoduna satılması qadağan olunub. O zaman Azərbaycana hazır xammaldan dərman preparatı istehsal edən texnologiya gətirilməsi nəzərdə tutulsa da, SSRİ-nin dağılması bu planın gerçəkləşməsinə mane olub. 1996-cı ildən isə Azərbaycanda ilan zəhərinin istehsalı tamamilə dayandırılıb. O vaxt Zirə Herpetoloji Kombinatının rəhbərliyi müəssisədə saxlanılan 200 gürzəni məhv olmasınlar deyə azadlığa-təbiətin qoynuna buraxmağa məcbur olub. Kombinatın özü isə baxımsızlıq üzündən tamamilə bərbad vəziyyətə düşüb.

Vaxtilə Azərbaycan postsovet məkanında əczaçılıq fabriklərinin ilan zəhərinə olan tələbatının 85-90 faizini verirdi. Sonradan SSRİ-nin dağılması ilə proseslər dəyişdi. SSRİ məkanı dağılandan sonra ilan zəhərinin tətbiqi imkanları da azaldı, iş o yerə çatdı ki, hətta istehsal olunmuş xeyli miqdarda zəhər bu gün də Azərbaycanda qalmaqdadır. Bu gün dünyada ilan zəhəri ilə bağlı formalaşmış bazara girmək çox çətindir.

İlantutanlar

 

Onu da qeyd edək ki, ölkəmizdəki «ilan zavodu» bağlansa da, hazırda qeyri-qanuni yollarla ilan zəhəri istehsal edən brokonyerlərin olmasına dair məlumatlar var. Heyvanların mühafizəsilə məşğul olan cəmiyyətlərdən verilən məlumata görə, son illər respublikada təbii ilan ehtiyatı azalmağa doğru gedir. İlan zəhərinin dünya bazarında baha qiymətə satıldığını anlayan bəzi brokonyerlər qanunsuz ilan ovu ilə məşğuldurlar. Məlumatlara görə, onların gizli yolla istehsal etdikləri ilan zəhəri dəyərindən qat-qat ucuz qiymətə xaricə satılır. Brokonyerlərin hər il ovladığı ilanların sayının isə bir neçə yüzdən çox olduğu bildirilir. Hazırda dünyada 1 qram ilan zəhəri təxminən 200-400 dollara satılır.

 

Adəm Qorxmaz

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?