Bir qrup hüquq müdafiəçisi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə müraciət edib. Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:
““Hörmətli Elmar müəllim! 2014-cü il martın 31-dən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin sədri, fizika üzrə fəlsəfə doktoru Həsən Hüseynliyə qarşı istintaq başlanıb və cinayət işi araşdırılır. İyulun 4-də Gəncənin Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Həsən Hüseynliyə qarşı qaldırılan qondarma cinayət işinin maddələrində nəzərdə tutulan ən ağır cəzanı – 7 il həbs verilməsini istəyib.
Həsən Hüseynli martın 31-də Gəncə şəhər sakini Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda təqsirləndirilir. Məhkəmə zamanı Arzu Qəhrəmanov heç bir sübutla çıxış edə bilməyib. Həsən Hüseynlinin hüquqlarını müdafiə edən vəkilin məlumatına görə, Arzu Qəhrəmanov bir neçə işdə yalançı şahidlik etməklə məşğul olub. Təbii ki, belə imicə malik şəxsin verdiyi ifadələr ədalət məhkəməsi üçün əsaslı sayıla bilməz və ondan irəli gələn bütün nəticələr şübhəlidir.
Hörmətli Elmar müəllim! Gəncə şəhərinin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsində şəhər sakinləri, Avropada təhsil alan gənclərin rolu danılmazdır. Xüsusən bu işdə Həsən Hüseynlinin rəhbərlik etdiyi təşkilatın və şəxsən onun özünün əməyi daha böyük olub. Son 15 il ərzində Gəncə şəhərində maarifçilik tədbirlərinin həyata keçirilməsində, istər dövlət strukturları, istərsə də beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında onlarla savadlı gəncin iş tapıb çalışmasında və onların təhsilini dünyanın bir çox tanınmış universitetlərində davam etdirməsində Həsən Hüseynli əvəzsiz xidmətlər göstərib. Belə bir ziyalının uydurma ittihamla həbs olunmasına imkan verilməsi dövlətimizin ziyalılara göstərdiyi qayğıya hörmətsizlik olar.
Əmin olmaq istəyirik ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olaraq bu şəhərin dəyərli bir ziyalısının əsassız ittihamlarla həbs olunmasına imkan verməyəcəksiniz və onun gələcək fəaliyyəti üçün normal şəraitin yaradılmasında yardımçı olacaqsınız”.
Müraciəti aşağıdakı hüquq müdafiəçiləri imzalayıb:
Novella Cəfərova - Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri,
Səidə Qocamanlı - Azərbaycan İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi Bürosunun direktoru,
Səadət Bənanyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri,
Əvəz Həsənov - Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru