Ali məktəblərdə yay imtahan sessiyası başa çatmaq üzrədir. Modern.az sayt tələbələr arasında imtahanların gedişi ilə maraqlanıb.
Bakı Dövlət Universitetinin jurnalist tələbəsi Fidan Həsənzadə ümumən imtahanların gedişindən razıdır. O, qeyd edib ki, imtahanların gedişində hər hansı problem yaşamayıb. “Lakin bizə dərslə bağlı proqramlar verilir ki, onlar işə yaramır. İçərisində lazım olan məlumatları tapmaq mümkün deyil“.
Qızlar Universitetinin tələbəsi Aynur Aşurova deyir ki, bu il keçilən imtahanlar əvvəlki illərə nisbətən daha çətin olub. O vurğulayıb ki, imtahanlardan kəsiləndə də rüşvət vermirlər. “İmtahanlarımız yaxşı keçdi, kəsrimiz olmadı”.
Sumqayıt Dövlət Universitetinin iqtisadçı-tələbəsi Fuad Məmmədzadə isə oxuduğu universitet illərini 2 hissəyə ayırıb. Eks-rektor Nadir Qəhrəmanovun dövrü və yeni rektor Elxan Hüseynov dövrü. “Qəhrəmanovun dönəmində belə idi ki, imtahanı oxudun da, oxumadın da mütləq rüşvət verməli idin. Yeni rektorun dövründə isə oxumağa az da olsa dəyər verirlər”.
Azərbaycan Universitetinin tələbəsi Ayşən Məmmədova isə imtahanlar zamanı nəzarətçilərin səsli-küylü olmasından şikayətlənib. “Bizim imtahanlarda 2 nəzarətçi qoyurlar. Onlar söhbət edir və fikrimiz yayınır. Otaqlarda isə nəzarəti gücləndirmək üçün kameralar quraşdırılıb. İmtahanları yaxşı bitirdik. Kəsrimiz olanda yay məktəbini qalırıq və ya əvvəlki kurslarla gəlib həmin fənni yenidən keçirik. 1 bala ehtiyacımız olanda isə apelyasiya komissiyasına müraciət edirik”.
Qafqaz Universitetinin tələbəsi Elcan Qarayev deyir ki, onlar imtahanlarını uğurla başa vurublar. “Universitetdə rüşvət yoxdur, imtahanda çox çalışıb, özünüz keçməlisiz. Kəsrə qalanda da yay məktəbinə gəlib oxuyursan”.
Bakı Slavyan Universitetinin tələbəsi Elcan Məmmədov deyir ki, BSU-da imtahanlar həmişə digər universitetlərdən fərqlənib. Öz obyektivliyi, tələbələrin hüquqlarının qorunması ilə BSU həmişə adı çəkilən universitetlərdən olub. Elcan deyir ki, “Kölgə kabineti” olaraq həmişə universitetə keçirilən imtahanlarla maraqlanırlar. O qeyd edib ki, imtahan zamanı dərs ləvazimatlarından bir dəfə istifadə etməyə imkan yaradılır. Həmçinin imtahanda valideyn də iştirak edir. Bu isə obyektivliyin əyani göstəricisidir. Yay semestrini uğurla başa vurduq, heç bir mənfi hal yaşanmadı”
İqtisad Universitetinin tələbəsi Turan Nəsirli də imtahanların tam obyektiv keçirildiyini bildirib. Onun sözlərinə görə, rüşvət hallarına rast gəlməyib.
Məltəm Talıbzadə