Modern.az

2 saat 20 dəqiqə Artur Rasizadə, İlhamə Quliyeva və... Konçita - 3-ü bir arada

2 saat 20 dəqiqə Artur Rasizadə, İlhamə Quliyeva və... Konçita - 3-ü bir arada

9 İyul 2014, 14:03

Bu dəfə tamaşaya 25 dəqiqə gecikdim. Mənim sadəlövh teatral rəfiqim biletləri səhv salmışdı. “Kölgə”nin yerinə ötən dəfə mənsiz tamaşa etdiyi “Əmir Teymur” biletlərini özüylə gətirmişdi.

Ay dadi-bidad!

Azca əsəbiləşib ürəyimdə “qarğış” elədim: “Foster bajın ölsün sənin!..”

Bilməyənlər üçün: “Foster bajı” teatral rəfiqimin mədəniyyət yazarı olan ruh əkizidi. İddialı, hikkəli, tərs keçi...

Teatr zalına keçəndə də artıq nağıl-pyesin qəhrəmanlarından biri – dəbdə olan, kral olmağa iddialı, hikkəli jurnalist Sezar Borciya (aktyor Anar Heybətov) öz gurultulu məqalələrindən danışırdı...

“Kölgə” – yaradıcılığı Azərbaycanda çox az adama bəlli olan rus-sovet dramaturqu Yevgeni Şvartsın pamflet ruhlu əsəridir. O, Hans Xristian Anderssenin eyni adlı nağılı əsasında yazılıb. Prinsipcə azərbaycanlı tamaşaçı üçün pamflet ruhlu əsəri qavrama asan məsələ deyil. Elə mən özüm də 2 saat 20 dəqiqə boyunca təkcə gözümü deyil, beynimi də xeyli yormalı oldum.

Başınızı nə ağrıdım, hadisələr əfsanəvi bir cənub şəhərində baş verir. Gənc tarixçi-alim Teodorun (əməkdar artist Elşən Rüstəmov) qaldığı mehmanxana. Mehmanxana sahibinin qızı Annunsiata (Rada Nəsibova – əzabkeş qadın obrazları onun “alnına yazılıb”) qonağa öz ölkəsi haqda məlumat verir. Deyir ki, nağıllar ölkəsi kimi qələmə verilən doğma məmləkəti haqqında yazılanların hamısı uydurma yox, həqiqətdir. Burada adamyeyənlər, cırtdanlar, hətta sehrlənmiş Şahzadə (İlahə Həsənova) və s. doğrudan-doğruya mövcuddur...


Annunsiatanın bəhs etdiyi o cənub ölkəsi və onun əsas simalarını bir-bir seyr etdikcə mən ixtiyarsız olaraq Azərbaycanı göz önünə gətirir, tamaşa boyu bəzi paralellər, qoşa xətlər, bənzətmələr, ümumi nöqtələr aparırdım. Baş nazir (əməkdar artist Telman Əliyev), maliyyə naziri (Manaf Dadaşov), müğənni Yuliya Culi (əməkdar artist Şəlalə Şahvələdqızı), hətta özü-özlüyündə yaxşı tapıntı olan saqqallı, amma qadın işvəli Cəllad (Elnur Qədirov) digər tamaşaçıları bilmirəm, mənə tanış adları, üzləri xatırladırdı: baş nazir Artur Rasizadə, xalq artisti İlhamə Quliyeva və... hətta Eurovision qalibi Konçita...

Rejissor-aktyor Nicat Kazımovun “Azdrama”da mistik tragikomediya kimi quruluş verdiyi tamaşada yəqin bunu düşünən bircə mən idim. Çünki əvvəlki quruluşlardan fərqli olaraq, bu dəfə xeyli adam toplamış tamaşanın həm də fəlsəfi məğzi vardı.

“Kölgə” ilk növbədə insan nəfsinin ikili xarakterini açır. Xeyrə yönəlik və Şərə meylli nəfs. Tamaşanın bu qayəsinin çatdırılması məncə, uğurlu deyildi. Teatrdan çıxarkən bunu epizod və dialoqlardan tuta bilən sima görmədim.

Bəlkə də – yanıla bilərəm – “Kölgə” daha çox komik situasiyalarla, hətta bir yerdə epotaj həddinə çatan bir intim mizan hesabına yadda qaldı. Bu mənada aktyor Manaf Dadaşovu (maliyyə naziri) xüsusi qeyd etmək istərdim (Onu Xəzər TV-dəki “Bir ailəm var” serialından tanıyırsınız – Kamil obrazı). 

Bir də ərköyün, şıltaq Şahzadə obrazını lazımi səviyyədə tamaşaçıya çatdıran aktrisa İlahə Həsənovanı.

Hər ikisinə afərin!

Kölgəni oynayan Aslan Şirinə də bu alqışdan böyük pay düşür.

Xüsusi qeyd etmək istədiyim rejissorun mistik fon yaratma bacarığıdır. Nicat Kazımov bunun öhdəsindən gələ bilmişdi. Xoşuma gəlməyən fənərlər səhnəsi idi. Türk səmazənlərinin rəqsini xatırladan epizod. Məncə, başqa həll forması tapmaq olardı. Məncə.

Hər halda tamaşaçı kimi mən ala biləcəyimi “Kölgə”dən aldım. Bəs siz?

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi