Modern.az

Qarabağlı deputatlar ABŞ səfirinin təklifinin reallaşacağına inanmırlar

Qarabağlı deputatlar ABŞ səfirinin təklifinin reallaşacağına inanmırlar

9 İyul 2014, 14:34


Modern.az saytı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayon Azərbaycana qaytarılmalıdır” təklifinə Qarabağdan olan deputatların fikirlərini öyrənib.

“Təklif reallaşarsa sevinərik”  

Deputat Elman Məmmədov təklifə yaxşı baxdığını, lakin onun reallaşacağına inanmır: “Hər zaman danışıqlarda iki həll varinatından söhbət gedirdi. Birincisi paket həll variantı, ikincisi isə mərhələli variantdır. Səfirin təklifi həmin mərhələli varianta aiddir. Yəni ilkin olaraq 7 rayonun geri qaytarılması, sonra isə Dağlıq Qarabağın statusunun müzakirə edilməsidir. Statusun müzakirəsi isə ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycan tərkibində Dağlıq Qarabağa beynəlxalq təcrübədə mövcud olan, hətta mövcud olmayan ən yüksək səviyyədə muxtariyyət hüququ verilməsi məsələsinə baxılmalıdır. Biz hər zaman bu istiqamətdə fikrimizi açıq bəyan etmişik. Səfirin təklifi baş tutarsa, hesab edirəm ki, danışıqlar mərhələsində yüksək bir irəliləyiş olar. Çünki illər uzunu belə təklifləri çox eşitmişik. Həmsədr dövlətlərdən biri, yaxud hər üçü, yaxud da ATƏT-in Minsk Qrupu bütövlükdə belə vədlər çox verib. Hər zaman  “6+1”, “5+2”, ya da “paket” varianti təklif edilib. Biz bu təkliflərin əksəriyyətilə müəyyən şərtlər daxlində razılaşmışıq. Ancaq həmsədr dövlətlərin sözləri, regiondakı milli maraqları bir-birinə uyğun gəlmir. Baş tutarsa, biz də sevinərik ki, nəhayət, uzun illərdir yubadılan proses başlayır”.

“Riçard Morninqstar özündən “Amerika” açmasın”

Astan Şahverdiyev səfirin bu təklifini məqbul saymır: “7 rayonun geri qaytarılmasının arxasında nə durur? Mənə bu sualın cavabı maraqlıdır. Cənab prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu qərar dəyişməz olaraq qalacaq. Riçard Morninqstarın təklifi yeni deyil, hələ 1993-cü ildən başlayaraq belə təkliflər irəli sürülüb. Mən təklif edərdim ki, səfir özündən təzədən Amerika açmasın. Qarabağlı deputat kimi mövqeyim belədir”.    

“Səfir qalmaqallı açıqlamasını kompensasiya etmək istəyir”

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov səfirin təklifinin real olmasına şübhə ilə yanaşır:Dövlət başçısı İlham Əliyev birmənalı olaraq prinsipial mövqeyini açıqlayaraq bildirib ki, Azərbaycan özünün bir qarış torpağını da güzəştə getməyəcək, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Sonuncu olaraq diplomatik korpusla görüş zamanı yenə də həmin mövqeyi ortaya qoydu. Bu gün ABŞ səfiri Rıçard Morninqstarın “7 rayon qaytarılacaq, Qarabağ məsələsinə sonra baxılacaq, Laçın dəhlizi saxlanılacaq” kimi təklifləri dəfələrlə Ermənistan və Azərbaycan prezidentləri arasındakı görüşlərdə, ATƏT-in həmsədrləri ilə müzakirə olunub və biz öz mövqeyimizi ortaya qoymuşuq. 

Hesab edirəm ki, Morninqstar “Azadlıq” radiosuna verdiyi qalmaqallı müsahibəsindən sonra bir növ Azərbaycan xalqını sakitləşdirmək, müəyyən mənada xalqımız tərəfindən narazılıqla qarşılanan məsələni kompensasiya etmək istəyir. Elə bu səbəbdən də tərəflər arasında olan Dağlıq Qarabağ münaqişəsilə bağlı öz mövqeyini ortaya qoyur. Azərbaycan problemin tezliklə həllinin tərəfdarıdır. Artıq ermənilər “status- kvo”nun qorunub saxlanılmasına çalışır və erməni havadarları da onlara dəstəkdirlər. Bu mümkün olan bir şey deyil. Respublikamızın iqtisadiyyatının, ordusunun gücləndiyi, Serj Sərkisyanın nüfuzunun aşağı düşdüyü bir vaxtda ermənilər Azərbaycanın qüdrətini hiss edir. Serj Sərkisyan demək olar ortalıqda qalıb, səfər etdiyi ölkələrdə belə dövlət rəsmiləri onunla görüşmək istəmirlər. Düşünürəm ki, onlar bu məsələdən nəticə çıxarmaldırlar.

Səfirin bu təklifində Azərbaycana can yanğısından çox bizi sakitləşdirmək, ermənilərə ürək-dirək vermək istəyini hiss edirəm. Çünki söhbət 7 rayondan yox, Azərbaycanın işğal altında olan bütün ərazilərindən getməlidir. Laçın dəhlizi, Dağlıq Qarabağa status verilməsi sonrakı mərhələrin məsələsidir.

Ona görə də bu məsələni hərə öz bildiyi kimi meydana qoymamalı, təklif verib mövqe göstərməməlidir. Hesab edirəm ki, ABŞ Azərbaycanın ona dost münasibətini bilir, respublikamızda baş verən proseslərdən xəbərdardır. Öz nüfuzundan istifadə edərək Azərbaycanın baş problemində fəallığını artırmalıdır. Eyni zamanda bu həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi onun üzərinə götürüdyü öhdəlikdir, borcdur”.

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU