Modern.az

Azərbaycan siyasətçiləri Türkiyədəki seçkilərlə bağlı PROQNOZ verdilər

Azərbaycan siyasətçiləri Türkiyədəki seçkilərlə bağlı PROQNOZ verdilər

9 İyul 2014, 16:31

Türkiyədə avqust ayının 10-da keçiriləcək prezident seçkisi dünyanın diqqət mərkəzindədir. Türkiyədəki seçki qabağı proseslər və onun seçkiyə təsiri məsələsi Azərbaycan üçün də maraqlıdır. Bəs, Azərbaycanın siyasi partiyaları Türkiyədə keçiriləcək prezident seçkisi ilə bağlı hansı proqnozları verir? Modern.az bu sualla bir neçə partiya arasında sorğu aparıb.

AXCP hesab edir ki, Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyası (AKP) güclü olaraq qalır. AXCP sədrinin müavini Razi Nurullayev bildirib ki, bu, əslində baş nazir Rəcəb Tayyib Ərdoğanın gücünün göstəricisidir:

“İndi də Ərdoğan öz enerjisini, gücünü saxlayır. O, Türkiyə vilayətlərində ciddi və məntiqli çıxışlar edəcək. Türkiyənin mədəni-demokratik diktaturası yaranmaqdadır. Ərdoğan yenidən prezident olarsa, əvvəlki kimi Türkiyədəki siyasi qurumlarını özünə tabe edəcək”

Seçkiləri müsbət tərəfdən dəyərləndirən Nurullayev Ərdoğan dönəmində  Türkiyə iqtisadiyyatının canlandığını da vurğulayıb:  

“Lakin buna baxmayaraq, Türkiyənin iqtisadiyyatında geriləmələr də müşahidə olunur. Ərdoğan qalib gəlsə də, onun dövrü çətin vaxta düşəcək. Onun prezidentlik dönəmi  hamar keçməyəcək”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirib ki, üstünlük AKP-nin əlində olsa da, bu Türkiyə cəmiyyətində problemlərin həll olunması anlamını ifadə etmir:

“Seçkilər Türkiyədə sabitliyin əsasını qoymayacaq, əksinə  qeyri-sabitliyin artmasına səbəb olacaq. Müşahidələrimə görə Ərdoğanın seçilmə şansı var, ancaq bu Türkiyə cəmiyyətinə fayda verməyəcək”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr müavini  Elşən Mustafayev Azərbaycan və Türkiyədəki  siyasi proseslərin bir-birinə oxşar olduğunu bildirib:

“Xarizmatik lider həmişə öndə olub. Türkiyədə keçiriləcək prezident seçkiləri əvvəlki illərdən seçilir. Ona görə də burada qıraqdan gəlib, xalqa tanış olmayan biri prezident seçilə bilməz. Xalqın ümidi var ki, bundan sonrakı hakimiyyət daha fərqli, işgüzar olacaq. Ərdoğana qarşı orta münasibət yoxdur. Bu da ona qələbə qazandırır. Ərdoğana rəqib güclü lider hələ ki ortaya çıxmayıb. Ərdoğan mənim üçün daha ciddi namizəddir. Onun alternativi olan namizəd türk seçicisinin böyük əksəriyyətinə məlum deyil.  CHP sədri Kamal  Kılıçdaroğlu namizədliyini versəydi,  bu seçkilər daha maraqlı və uğurlu hesab oluna bilərdi. Səs çoxluğu kimdə olacaqsa, o qalib olacaq. Ola bilər ki, möcüzə baş versin və Ərdoğan qalib olmasın. Bu, siyasətdir. Hər şey ola bilər”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə gərgin seçki mübarizəsinin olacağını düşünür:  “Biz müşahidə edirik, Ərdoğanın imkanları daha üstündür. Türkiyə xalqının iradəsinə hörmətlə yanaşacağıq.  Biz Türkiyə xalqının azad iradəsini dəstəkləyirik”

ADP sədri Sərdar Cəlaloğlunun isə cavabı belə olub: “Xalq hansı namizədi seçəcəksə, biz onu dəstəkləyəcəyik. Türkiyə xalqının bu il keçiriləcək seçkilər üçün təcrübəsi yoxdur və onlar prezident seçərkən partiya maraqlarını üstün tutacaqlar. Seçkilərin nəticəsi partiyalı hakimiyyətə gətirib çıxaracaq”.

Qeyd edək ki, baş nazir Ərdoğanın əsas rəqibi İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğludur.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza