Modern.az

"Azərsu” yeni magistral su kəmərinin tikintisi haqda məlumat yaydı

"Azərsu” yeni magistral su kəmərinin tikintisi haqda məlumat yaydı

İqtisadiyyat

9 İyul 2014, 17:05



"Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə  yeni layihələrin icrasını davam etdirir. İçməli su çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda su probleminin həll edilməsi məqsədi ilə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi  uğurla həyata keçirilir. Magistral kəmərin tikintisi Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir.

Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Bakı şəhəri və Abşeron yarımadasının su təminatını kifayət qədər yaxşılaşdırıb. Paytaxtın su təchizatında yaranmış stabillik Kür sutəmizləyici qurğular kompleksindən Abşeron yarımadasına nəql edilən  suyun bir hissəsinin Kürətrafı bölgələrə yönəldilməsinə imkan yaradıb. Bu məqsədlə 2012-2013-cü illərdə Şirvan-Muğan qrup su kəməri inşa edilib, bu mənbədən Şirvan, Hacıqabul və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin edilib.  Kür sutəmizləyici qurğular kompleksinin emal potensialı nəzərə alınaraq bu mənbədən Saatlı və Sabirabad şəhərlərinə, eləcə də ətraf kəndlərə içməli suyun verilməsi məqsədəuyğun hesab edilib. Mənbəyini Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğular kompleksindən götürən Talış-Sabirabad-Saatlı su kəməri 61,5 km layihələndirilib.
Kəmərin 25,7 km hissəsi 810 mm diametrli metal və polietilen, qalan hissəsi isə 500 mm, 630 mm, 710 mm, 800 mm diametrli polietilen borularla çəkilir. İndiyə qədər kəmərin 45 km-lik hissəsində işlər başa çatdırılıb.  İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyətinin yüksək səviyyədə saxlamaq və korroziyanın qarşısını almaq məqsədi ilə borular daxildən xüsusi izolyasiya ilə örtüklənir. Eyni zamanda kəmərin marşrutu boyunca  yerləşən kəndləri su ilə təmin etmək üçün çıxışlar verilir.

  Talış-Sabirabad-Saatlı su kəmərinin inşasının ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da Sabirabad və Saatlı şəhərlərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsi təmin ediləcəkdir. Magistral kəmərin  istismara verilməsi ilə Sabirabad və Saatlı şəhərlərinin, həmçinin marşrut boyunca yerləşən  44 kəndin  143 min nəfər sakini  keyfiyyətli içməli su ilə təmin olunacaq. Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”  çərçivəsində Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturları da yenidən qurulur.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım