Modern.az

Sabiq mer 10 il azadlıqdan məhrum olundu

Sabiq mer 10 il azadlıqdan məhrum olundu

9 İyul 2014, 17:24

Rusiyanın Şimali Qafqaz dairəsi üzrə hərbi məhkəməsi 15 il ərzində Dağıstan Respublikasının əvəzsiz meri olan Səid Əmirovu 10 il müddətinə azadlıqdan məhrum edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, terror aktı hazırlamaqda şübhəli bilinən Əmirov cəzasını ciddi rejimli həbsxanada çəkəcək. Onun bacısı oğlu, həm də cinayət ortağı, Kaspiysk şəhərinin keçmiş vitse-meri Yusup Cabarov isə 8 il 6 ay azadlıqdan məhrum edilib. Rostov şəhərində keçirilən məhkəmə iclasında hökm çıxarılarkən Səid Əmirovun xidmətləri, dövlət mükafatları, himayəsində övladlarının olması nəzərə alınıb. Əmirovu müdafiə etmək üçün 7 vəkil, o cümlədən merin doğma oğlu Dolqat Əmirov zalda yer alıb.

Qeyd edək ki, 1991-1998-ci illərdə Dağıstan Muxtar Respublikası baş nazirinin müavini olan Səid Əmirov 1998-ci ilin fevralından Mahaçqala meri seçilib.

2013-cü il mayın 31-də isə ona qarşı cinayət işi açılıb. Mahaçqala meri 2011-ci ildə şəhərin Sovetsk rayonun istintaq idarəsinin rəhbəri Arsen Hacıbəyovun qətlini sifariş verməkdə şübhəli bilinirdi. İyunun 10-da həbs edilən Əmirov məhkəməyə qədərki dövrdə Moskvadakı istintaq təcridxanalarından birində saxlanılırdı.

Vüqar İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza