Prezident İlham Əliyev Bakıda keçirilən diplomatik xidmət orqanları rəhbərlərinin 5-ci müşavirəsində çıxışı zamanı bir sıra məsələlər toxunub. Ölkə başçısı deyib: “Biz bütün ölkələrlə çox xoş münasibətlər qurmaq əzmindəyik və buna nail olmuşuq. Ancaq milli maraqlarımızın hesabına yox, - əsas məsələ bundadır, - bərabərhüquqlu münasibətlərin hesabına”.
Dövlət başçısı Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının artıq uzun illərdir ki, aparıldığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarda çox uğurlu siyasət apardığını, BMT Təhlükəsizlik Şurasına seçilməyimizin bunu əyani şəkildə göstərdiyini diqqətə çatdırıb.
Dövlət başçısı bildirib: “BMT-də bizim fəaliyyətimiz əlbəttə, prioritet təşkil edir. Çünki BMT yeganə təşkilatdır ki, bütün dünya ölkələri orada cəmləşir və əslində, beynəlxalq ictimaiyyət deyəndə ilk növbədə BMT nəzərə alınmalıdır”.
Ölkə başçısı daha sonra deyib: “Əfsuslar olsun ki, son vaxtlar kütləvi informasiya vasitələrində “beynəlxalq ictimaiyyət” sözü çox işlədilir və bu söz bir qrup ölkələri nəzərdə tutur. Ancaq beynəlxalq ictimaiyyət BMT-dir və beynəlxalq ictimaiyyət Azərbaycanı dəstəkləyir, öz dəstəyini göstərmişdir. Ona görə indi bizim böyük, əvəzolunmaz təcrübəmiz vardır və biz BMT-də səylərimizi genişləndirməliyik. BMT-də ikitərəfli əlaqələri xüsusilə o ölkələrlə ki, münasibətlərimiz lazımi səviyyədə deyil, biz onlarla bu əlaqələri möhkəmləndirə bilərik və bunu edəcəyik”.
Modern.az