“Azərbaycanda mətbuatında dinlə bağlı həmişə çoxsaylı materiallar gedib. Son olaylar, məsələn, Suriyada baş verən olaylar Azərbaycanda bu sahə ilə bağlı yazıların artmasına səbəb oldu. Həmin yazılarda bu məsələyə müxtəlif baxışlar öz əksini tapdı. Bu sair məsələlər qanunvericilikdə də müəyyən dəyişiklərin yaranmasına gətirib çıxardı”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, hesab edir ki, dini ayrı-seçkiliyi qızışdıran yazıların, yalan məlumatların meydana gəlməsinə səbəb həm də jurnalistlərin ixtisaslaşmamasıdır:
“Əlbəttə, belə yazılar Azərbaycanın ərazi bütövlüyü üçün nə dərəcədə təhlükə törədə bilər, Azərbaycanın inkişafına hansı təsiri ola bilər mövzusunda müəyyən təhlillər getdi, paralellər aparıldı, mütəxəssislər, jurnalistlər tərəfindən araşdırıldı. Bu baxımdan ola bilsin ki, müəyyən fikirlər kəskin oldu, müəyyən yazılarda problem ciddi olaraq qoyuldu. Nə zaman ki dini təriqətlərlə bağlı müəyyən məsələlərlə əlaqədar ciddi hadisə baş verir, o yazılarda da məsələlər ciddiləşir. Hətta elə məqamlar olur ki, jurnalistikanın prinsiplərinin pozulması halları önə çıxır. Əlbəttə, belə şeylər etmək olmaz. Azərbaycan qanunvericiliyində bu birmənalı şəkildə göstərilir. Azərbaycan tolerant ölkədir. Burda müxtəlif dinlərin nümayəndələri uzun əsrlər boyu bir yerdə yaşayıb, qohum olublar.
Yəqin ki, jurnalistlər bu problemi daha qabarıq formada nəzərə çatdırmaq istəyiblər. Azərbaycan Mətbuat Şurası həmin sahədə monitorinq aparır. Keçirilən tədbirlərin də bəzilərinin mövzusu bu məsələyə aid olur. Jurnalistləri peşə davranış qaydalarına əməl etməyə çağırırıq. Mən hesab edirəm ki, vaxt ötdükcə bu məsələlər aydınlaşacaq. Bu həm jurnalistlərin ixtisaslaşmaması, həm də dini biliklərin zəif olması ilə əlaqəlidir. Çünki Azərbaycanda az sayda jurnalist var ki, dini biliyə malikdir, onun tarixini bilir, bu gününü görür və gələcəkdə hansı fəsadların törənəcəyini qiymətləndirir. Vaxt keçdikcə bu sahə ilə də məşğul olan insanların sayı çoxalacaq”.
Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluya görə, media belə məsələlərdə obyektiv mövqedən çıxış etməlidir: “Bu informasiyalar birbaşa Azərbaycan üçün planlaşdırılmış məsələdir. Azərbaycanda heç zaman dini ayrı seçkiliyə yol verilməyib. I Pyotrun məşhur bir vəsiyyəti var idi ki, sünni şiə məsələləri arasında ziddiyyətləri şiddətləndirmək yoxdursa, yaratmaq və inkişaf etdirmək və s. bu vəsiyyət və digər vəsiyyətlərinə əməl etmək mümkün olmayıb. Ruslar, ingilislər, qeyriləri yerinə yetirə bilməyiblər. Bu istiqamətdə hansı iş görülürsə havayı olacaq. Təbii ki, bu təhlükəsizlik baxımından çox ciddi məsələdir və hər zaman dövlətin aidiyyatı strukturlarının nəzarətində olmalıdır. Hesab edirəm ki, nəzarət də var. Azərbaycanda belə qızışdırma üçün zəmin, şərait yoxdur. Son Sabirabad olayları birbaşa hazırlanmış bir məsələdir, digər məsələlər var. Bu məsələlərə reaksiya verənlər ehtiyatlı olmalıdırlar və hesab edirəm ki, provokasiyaya getməməlidirlər. Bu Azərbaycan üçün ciddi hazırlanmış bir məsələdir və inşallah yerinə yetirmək mümkün olmayacaq.
Media belə məsələlərdə kifayət qədər ümummilli, ümumdövlət mövqeyindən çıxış etməlidir və nəzərə almalıdır ki, Azərbaycanda tarixən bu məsələni çox planlaşdırıblar, amma heç bir dövrdə yerinə yetirilməyib. Ona görə media Azərbaycan cəmiyyəti, millətimiz, dövlətimiz, ümmətimiz üçün, xüsusilə bugünkü mübarək günlərdə ümummilli bir birliyə nail olmaq və dünyada baş verən proseslərdən nəticə çıxarmaqdan ötrü konkret, doğru, obyektiv mövqedən çıxış etməlidir”.
Misranə Həsənzadə