Bu il “Əkinçi” qəzetinin yaranmasının 139 ili tamam olur. 1875-ci il 22 iyulda Həsən bəy Zərdabinin böyük zəhməti hesabına əsasını qoyduğu ilk qəzetimizin yaranma tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Modern.az jurnalist təşkilatlarının rəhbərləri arasında sorğu keçirib. Onlar Milli Mətbuat Gününə necə hazırlaşır?
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı: “Milli Mətbuat günü ilə bağlı “Zərdabi mükafatı”nı təqdim edəcəyik”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev: “2012-ci ildən 22 iyulla bağlı mükafat tədbirimizi dekabrın axırına keçirmişik. Çünki ilin sonunda yekunları etmək uğurlu olur. İkincisi, 22 iyulla bağlı bu dəqiqə hər təşkilat bir şey fikirləşir, o qədər çox tədbir olur ki, o qarışılıqdan qaçmaq üçün tədbirimizi ilin axırına keçirmişik. Bu il Milli Mətbuat Günündə Azərbaycan Jurnalistlər Birliyinin həyata keçirdiyi tədbirlərə dəstək olacağıq”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov: “Həmişə olduğu kimi Milli Mətbuat Günü ilə bağlı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasından tədbir gözlənilir. Son illər Mətbuat Şurası “Ali Media Mükafatı”nı təqdim edir. Bu il də həmin mükafat qaliblərə veriləcək. Bundan başqa Mətbuat Şurası jurnalistikanın inkişafında xidmətləri olmuş qocaman jurnalistləri bir yerə toplayacaq və onların da bayramlarını təbrik edəcək”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli: “Jurnalistlərin Həmkarlar İttifaqı olaraq Mətbuat Şurasında və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda təmsil olunuruq. Və hər il bu təqvimlə bağlı Mətbuat Şurasında və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun tərkibində olan tədbirlərə qatılırıq. Bu il istisna deyil. Yəni ölkə üzrə olan tədbirlər onlar tərəfindən yüksək səviyyədə keçirildiyinə görə, əlavə tədbirlər planı hazırlamaqda zərurət görmürük”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli: “Artıq neçə illərdir ki, jurnalist təşkilatları olaraq bu tədbirə əvvəlki illərə nisbətən daha passiv qatılırıq. Yenə son illər Mətbuat Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Mətbuat Gününün əsl bayram kimi qeyd edilməsi üçün tədbirlər həyata keçirirlər. Amma bu qurumlar yaranana qədər jurnalist təşkilatları çoxlu sayda tədbirlər edirdi. Bizim də təşkilatımız “Media açarı” nominasiyasını həyata keçirirdi. Çox təəssüf ki, bu artıq keçmişdə qalıb. Jurnalist təşkilatlarının keçirdiyi tədbirlərin bir az həcmi və keyfiyyəti aşağı düşüb. Bu gün öndə olan Mətbuat Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun tədbirləridir ki, biz də həmin tədbirlərə qatılırıq. Çünki Mətbuat Şurasında təmsil olunuruq. Demokratik Jurnalistlər Liqası olaraq Mətbuat günü ilə bağlı özümüz tədbir keçirməyəcəyik.
Jurnalist təşkilatları o vaxt güclü olurlar ki, həmin yerin mediası güclü olur. Təəssüf ki, Azərbaycanda jurnalist təşkilatları indi elə durumdadır ki, ölkədə nəinki media sahəsində, eyni zamanda ictimai sahədə hadisə doğura biləcək tədbirlər keçirə bilmirlər”.
Misranə Həsənzadə