Modern.az

MHP türkmanlara sahib çıxır: “İŞİD-ə qarşı könüllü səfərbər olunuruq”

MHP türkmanlara sahib çıxır: “İŞİD-ə qarşı könüllü səfərbər olunuruq”

10 İyul 2014, 13:20

Türkiyənin müxalifətdə olan Milliyətçi Hərəkat Partiyası (MHP) İraq Şam İslam Dövləti (İŞİD) terrorçu qruplaşmasının İraqda yaşayan türkmanları hədəfə almasına qarşı səfərbər olub.

Hətta millətçi ideyalara sadiq olan keçmiş MHP-çilər də bu işə cəlb edilib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Elazığ vilayətinin Keban bölgəsinin keçmiş MHP başqanı Ramazan Çeliyin oğlu İŞİD-ə qarşı döyüşmək üçün İraqa gedib.

Maraqlıdır, görəsən MHP konkret olaraq İraqda yaşayan türkmanları İŞİD vəhşiliyindən qorumaq üçün üzvlərini döyüşlərə göndərə bilərmi?

 MHP millət vəkili Atilla Kaya bunu istisna etməyib.

O, Modern.az saytına açıqlamasında bunun könüllük əsasında olacağını vurğulayıb.
“MHP siyasi bir təşkilatdır. MHP eyni zamanda İŞİD və ona oxşar terror təşkilatlarına qarşı olan bir qurumdur. MHP-nin türkmanlara yönəlik terrorun qarşısını almaq üçün fəaliyyət göstərən ülkü ocaqları var. Həmin ocaqların rəhbərliyi türkmanlara kömək məqsədi ilə İraqa səfərbər olunub. Onların içində ərzaq, paltar olan qırx yük maşını ilə türkmanlara yardıma gediblər. Təbii ki, bu cür yardımlarla yanaşı türkman qardaşlarımıza silahlı kömək göstərən dostlarımız da var. Amma bu, koordinasiya olunmur. Həmin şəxslər özləri könüllü olaraq gedib İŞİD-ə qarşı silahlı mübarizəyə qoşulurlar. Elazığ Keban keçmiş MHP başqanının oğlunun da İraqa getməsi doğru xəbərdir”,-deyə A.Kaya söyləyib.

Qeyd edək ki, Suriyadakı proseslərdə İraqa qəfil sıçrayış edən İŞİD-in dinc insanlara qarşı vəhşilikləri davam edir. Onlar şiələrlə yanaşı, İraqda yaşayan türkmanları də hədəfə alıblar. Radikal dini qanadın vəhhabilik cərəyanına mənsub İŞİD özlərindən olmayan hər kəsi qıracağını bəyan edib. 

ABŞ başda olmaqla Qərb dairələri isə İŞİD terrorunun qarşısının alınmasında demək olar ki, əməli səylər göstərmirlər.

Qərb yalnız İŞİD-in bölgə üçün təhlükə yaratdığı haqqında bəyanatlar verməklə kifayətlənir.

Aqşin Kərimov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza