Baş Prokurorluqda fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevə qarşı istintaq davam edir. Onun İnterpol vasitə ilə axtarışa verilməsi və Azərbaycana gətirilməsi məsələsi hüquqi formada necə tənzimlənəcək?
Baş Prokurorluqdan bu haqda məlumat vermək istəməyiblər.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev isə Modern.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Əgər hər hansı ölkənin vətəndaşı cinayət əməlində şübhəli bilinərək barəsində cinayət işi açılıbsa, onda həmin şəxsin geri qaytarılması tələb edilə bilər. Amma burda da qarşılıqlı hüquqi yardım müqaviləsi olmalıdır. Azərbaycanla Fransa arasında isə ikitərəfli hüquqi yardımla bağlı müqavilə yoxdur. Avropa Konvensiyasını imzalayanlardan biri də Fransadır. Sadəcə olaraq, konvensiya çərçivəsində müqavilə ola bilər. Ona görə də hüquqi yardım haqqında müqavilənin yoxluğu bu məsələdə müəyyən problemlər yarada bilər”.
Ə.Nuriyev qeyd edib ki, Azərbaycan barəsində cinayət işi başlanan və cinayət etmiş şəxslərlə bağlı Avropa Konvensiyasına qoşulub. O konvensiyanın tələblərinə görə ölkələr barəsində cinayət işi başlamış şəxsi digər ölkəyə verə bilərlər.
“Amma burda istisnalar da mümkündür. Məsələn, həmin şəxsin cinayət etdiyi maddədə ölüm hökmü nəzərdə tutula, yaxud da həmin ölkədə işgəncələr ola bilər. Azərbaycan Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının iştirakçısı və Avropa Məhkəməsinin yurisdiksiyasındadır. Sadəcə, Elşad Abdullayevin təhvil verilməsi ilə bağlı yazışmaların hansı səviyyədə olmasından xəbərsizəm. Bunu yalnız Baş Prokurorluqda bilirlər”.
Namidə BİNGÖL