Azərbaycan dünya ölkələri ilə diplomatik əlaqələrini genişləndirməkdə davam edir. Həmçinin, xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz dövlətlərarası əlaqələrin qurulub inkişaf etdirilməsində mühüm rol oynayır.
Bu gün Azərbaycanda dünyanın bir çox ölkələrinin səfirlikləri fəaliyyət göstərir. İqtisadi, siyasi, mədəni əlaqələrə söykənən münasibətlər dövlətlərin qarşılıqlı anlaşmasına gətirib çıxarır.
Təbii ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin mətbuatla vaxtaşırı əlaqələrinin qurulması məsələsi də daimi olaraq müzakirə obyektinə çevrilir. Səbəb isə sadədir. Çünki xarici diplomatların heç də hamısı mediaya açıq deyil. Mətbuat işçiləri bu məsələdə müəyyən çətinliklərlə üz-üzə qalır.
Əgər Azərbaycanda fəaliyyət göstərən səfirlik və konsulluqlardan birinin hansısa mövzuya şəxsən münasibət bildirməsi gerçək olarsa, bunu Azərbaycan mətbuatı üçün fövqəladə hadisə kimi də qiymətləndirmək olar. Maraqlıdır, o zaman problem nədədir?
Modern.az saytı mətbuat nümayəndələri arasında səfirlərin media ilə münasibətlərinin hansı səviyyədə olması barədə sorğu keçirib.
Publika.az saytının əməkdaşı Vasif Həsənli deyir ki, bir neçə səfirlik var ki, onlarla əlaqə saxlamaq çətindir.
“Bütövlükdə götürdükdə mən əksər səfirliklərin fəaliyyətindən razıyam. Bunların arasında Türkiyə, ABŞ, Pakistan səfirlikləri öndə dayanır. Ancaq bəzi səfirliklər bir qədər qapalı fəaliyyət göstərir. Mənim üçün İsrail və Fransa səfirlikləri ilə əməkdaşlıq bir qədər çətindir”.
“APA Holding”in əməkdaşı MübarizAslanov isə səfirliklərlə rahat əlaqə qura bilməsindən danışdı. “Adətən mən Rusiya, ABŞ, Almaniya, Qazaxıstan, Gürcüstan, İran, Ukraynanın səfirliklərinə rahat çixiş əldə etmişəm. Bir də Səudiyyə Ərəbistanın səfirliyi ilə. Qalanları barədə heç nə deyə bilmərəm. Amma, adlarını çəkdiklərimlə çox rahat əməkdaşlıq etmişəm”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy düşünür ki, əvvəllər ABŞ və İran səfirlikləri ilə əlaqə saxlamaq daha asan olub. İndi isə vəziyyət fərqlidir. “Əslində, biz diplomatik korpusdan tam razı qala bilmərik. Nədənsə elçiliklər də mətbuatdan məsafə saxlamağa, suallardan müxtəlif formada yayınmağa üstünlük verirlər. Məsələn, bir neçə il əvvəl ABŞ, yaxud İran səfirlikəri ilə əlaqə yaradıb suallara cavab almaq, hətta səfirlərlə şəxsən görüşmək daha asan idi, nəinki indi. Mən cənab Morninqstar gələndən ondan müsahibə almaq üçün rəsmi müraciət edib sualları göndərmişəm. Artıq ölkəsinə dönür, hələ səs-səmir yoxdur. Türkiyənin ölkəmizdəki böyükelçisi ilə isə geniş söhbət etmək, qəzetimizə müsahibə almaq mənə nəsib olub. Ara-sıra sorğularımıza da cavab alıram. Ancaq qardaş ölkənin səfirliyinin mətbuatla daha sıx işləməsini arzulayardım”.
“Turan” Agentliyinin əməkdaşı Fərid Qəhrəmanlı deyir ki, heç bir səfirliklə problem yaşamırlar. “Əvvəla, nə vaxt hansı informasiya ilə bağlı müraciət ediriksə, cavab verilir. Xüsusilə, ABŞ, Böyük Britaniya səfirlikləri mətbuatla münasibətdə çox aktivdirlər. Demək olar ki, bütün səfirlikləri mətbuata açıq hesab edirəm”.
“Mediaforum.az” saytının əməkdaşı İmdad Əlizadə səfirliklərin üzərinə böyük iş düşdüyünü deyir. “Əsasən bir neçə ölkənin səfirliyinə müraciət etmişəm. Elələri var ki, heç vaxt əlaqə saxlamamışam. Məsələn, ABŞ, Türkiyə, Fransa, Almaniya, İran, Böyük Britaniya, Rusiya, Ukrayna səfirliklərindən nəsə soruşmuşam, amma başqalarından yox. ABŞ, İran, Türkiyə, Fransa səfirliklərini mətbuata açıq səfirliklər sayıram. Nə zaman müraciət etmişəmsə, sualıma cavab veriblər. Bura Almaniyanı da əlavə edə bilərik. Ukrayna da həmçinin. Rusiya və Böyük Britaniya səfirliklərindən heç vaxt sualıma cavab ala bilməmişəm. Hesab edirəm ki, onların üzərinə böyük məsuliyyət düşür. Amma bəzi hallarda səfirliklərin azərbaycanlı mətbuat katibləri işlərinin öhdəsindən gəlmirlər. Səfir özü mətbuata açıq olduğu halda, azərbaycanlı mətbuat katibini günlərlə tapmaq olmur, sualı verirsən, günlərlə cavabını vermirlər. Digər problem isə özünü azad və demokratik sayan ölkələrin səfirliklərinin bunun tam əksinə olaraq qapalı olmasıdır. Qərbin bəzi ölkələrinin səfirlikləri tam qapalı işləyirlər”.
“Azadlıq” qəzetinin əməkdaşı Sücəddin Şərifov da öncə fəaliyyəti nəzərə çarpan səfirliklərdən danışdı. “Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri arasında aktiv çalışan diplomatik korpuslar çoxdur. Xüsusilə dünyanın böyük dövlətləri arasında bunu hiss etmək olar. Eyni zamanda, fəaliyyəti nəzərə çarpmayan səfirliklər də var. Həmin səfirliklərlə əlaqələrimiz yox səviyyəsindədir. Son illər, Avropa və Qərb ölkələrindən hansınasa sorğu ilə müraciət edəndə cavab ala bilirik. Türkiyə, İran səfirliyini də aktiv çalışan səfirlikər sırasına əlavə etmək olar. Bu səfirliklərdə sorğuya cavab verməmək məsələsi olmayıb. Fəaliyyəti zəif nəzərə çarpan səfirliklərlə işləmədiyimizdən bu barədə hansınınsa adını çəkə bilmərəm. “Azadlıq” qəzeti olaraq bizə lazım olan məqamda cavab almalı olduğumuz səfirlikdən demək olar ki, cavab almışıq”.
Namidə BİNGÖL