Ötən ilin sonlarında Qarabağla bağlı fəaliyət göstərən internet resursları barədə araşdırma aparmışdıq. İnternet məkanda informasiya müharibəsində virtual mübarizənin əhəmiyyətindən söz açan araşdırmada vəziyyətin ürəkaçan olmadığı üzə çıxmışdı.
Söhbət adında “Qarabağ” sözü olan və Azərbaycanın haqq mövqeyini dünyaya çatdıran saytlardan gedir. Sözsüz ki, əsasən Qarabağla bağlı internet məkanındakı saytlardan nəsə öyrənmək, əxz etmək olar. Amma bu heç də o demək deyil ki, getdikcə informasiya müharibəsinin qızışdığı bir zamanda həmin saytlar öz fəaliyyətini müasir xəbərçilik prinsipləri ilə uzlaşdırırlar.
Bir sözlə, ötən ilki tənqidi təhlildən sonra “virtual Qarabağ”ın düzələcəyinə ümid etsək də, ümumi atmosfer yenə də ürəkaçan deyil. Görünür internet resurslarının açdığı imkanlardan yararlanmaq həmin saytı idarə edən şəxslər üçün ya çətindir, ya da sərf etmir.
Bu baxımdan Modern.az olaraq yenidən Qarabağla bağlı informasiya vermək missiyasını üzərinə götürən saytların monitorinqini aparmağı qərara aldıq.
Araşdırmamız zamanı bəlli oldu ki, bir neçə ay bundan öncə fəaliyyət göstərən sumqait.com saytı artıq özünün fəaliyyətini dayandırıb.
Xankendi.az saytının isə bugünkü mənzərəsi əvvəlkindən heç də fərqlənmir. Hələ demək olar ki, Qarabağla bağlı saytların içərisində operativ xəbər göstəricilərində adıçəkilən sayt nisbətən üstünlüyə malikdir. Amma həmin operativlikdə gecikmiş xəbər sindromunun elementlərini görməmək mümkün deyil. Saytın xəbərlər bölməsində ən son informasiyanın verilmə tarixi 30 iyuna təsadüf edir.
Karabakh.info saytında operativlik mütəmadi olaraq təmin olunur. Lakin bu təminat üçün bir neçə günün sərf olunduğunu demək olar. Xəbərlər bəzən 2-3 gündən bir, bəzənsə hər gün yenilənir. Bu isə o deməkdir ki, sözügedən saytı da “qara siyahı”ya salmaq olar. Necə deyərlər “ən pislərdən yaxşısı” kimi.
Lacin.info saytındakı xəbər lentində də eyni tendensiyanı müşahidə edirik. Bu saytda da xəbərlərin yenilənməsində əməlli-başlı problemlər mövcuddur.
Saytların əksəriyyəti eyni taleni bölüşdüyündən ayrı-ayrı hər birinin adını çəkib siyahını uzatmağa lüzum yoxdur.
Görünən isə odur ki, qeyd etdiyimiz “operativlik” də ən yaxşı halda başqa xəbər agentliklərindən, saytlardan “Qarabağa” köçürülən yazılardan başqa bir şey deyil.
Yəni həmin saytlarımız erməni təbliğat maşınına çomaq soxa biləcək səviyyədə deyillər.
Çox acınacaqlıdır, cənablar!!!
Bu, həm də bizim Qarabağa münasibətimizin göstəricisidir.
Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. İnternet məkanında isə ermənilər özlərini haqlı çıxarmaq üçün hər vasitədən istifadə edirlər.
Acınacaqlı olsa da deməliyik, bəzən işğalçı tərəf bizi haqsız, özlərini haqlı çıxarmağı bacarırlar. Səbəb isə odur ki, onlar işləyirlər. Ona görə də az qala virtual məkanda da Qarabağı uduzuruq.
Hətta deyərdik ki, Azərbaycan diplomatiyasının gördüyü işləri biz internet məkanında yaya bilmirik.
Bunu qeyd etməklə kimisə ittiham etmək düşüncəsindən uzağıq. Təqsir hamımızdadır.
Modern.az olaraq Qarabağla bağlı hər gün yazılar hazırlasaq belə, o təqsirdən bizim də payımıza düşəni var.
Aqşin Kərimov
P.S.Mövzuya qayıdacağıq