Modern.az

“Cənab prezidentə təşəkkür edirəm, banklarla bağlı ciddi tapşırıqlar verdi”

“Cənab prezidentə təşəkkür edirəm, banklarla bağlı ciddi tapşırıqlar verdi”

11 İyul 2014, 14:54

“Milli Məclisdə həm hökumətin hesabatı, həm də dövlət büdcəsi müzakirə olunanda bank sistemindəki bir sıra problemlər, xüsusilə bank  faizlərinin yüksək olması, kreditlərin verilməsində yaranan problemlər mütəmadi qaldırılır.  Təəssüf ki,  bu məsələ öz həllini tapmır”. Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, başa nazirin keçmiş birinci müavini Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, ən ciddi problemlərdən biri banklarda faizlərin çox yüksək olmasıdır: “Bu, bir neçə dəfə qeyd edilib. Kredit ilk növbədə insanların əmanətlərindən əmələ gəlir. İkincisi, Mərkəzi Bank tərəfindən verilmiş kredit hesabına, üçüncüsü, hər hansısa bankın xariclə əlaqəsi varsa, beynəlxalq təşkilatlar və digər banklarla onlardan müqavilə əsasında müəyyən vəsait alınaraq kredit verilir. Bankların 70-75 faizi faktiki olaraq, əmanətlərin hesabına kredit verirlər və əmanətlərin hesabına dolanırlar. Necə ola bilər ki, 10 faiz insanlardan əmanət götürürsən, sonra ona 25-30 faizə kredit verirsən? Xərcin uzaqbaşı 3-7-15-17 faiz ola bilər. Amma bu gün  elə özəl bank var ki, 25-30-35 faizə kredit verir. Ona görə də bu ciddi problem olduğundan öz həllini tapmalıdır. Cənab prezidentə təşəkkürümü bildirirəm ki, bu məsələyə toxundu və bu məsələnin araşdırılması üçün tapşırıq verdi. Niyə özəl banklar faktiki olaraq real sektora vəsait qoymurlar? Çünki  istehlak kreditlərinə vəsait qoyurlar. Bu da ondan irəli gəlir ki, istehlak krediti kiçik məbləğlərdir, tez qayıdır. Oradan öz istəklərini götürürlər. İri real sektora, sənayenin, kənd təsərrüfatının inkişafına demək olar kreditlər vermirlər. İkincisi, cənab prezident dedi ki, dövlət Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ildə təxminən 300 milyona yaxın vəsait verilir. Bu dövlətin pulu və vəsaitidir. Dövlətin vəsaiti ona görə verilir ki, Azərbaycan hökuməti tərəfindən müəyyən edilmiş iş istiqamətləri yönəldilsin, sənaye sahələri, milli kənd təsərrüfatı, fermer təsərrüfatları, turizm bazaları və sairə yaradılsın. Çox təəssüflər olsun ki, bizdə bu kreditlər mənzil-istehsal sahəsinə gedir. Kimsə evi üçün əşyalar alır. Bu da lazımdır. Amma bu, dövlət vəsaiti olduğu üçün başlıca prinsip bu vəsaitin əsas inkişaf etdirilməli olan sahələrə yönəldilməsidir. Bunlar çox cidi məsələlərdir. Bank sistemində islahatlar getməlidir. Həm bank faizinin yüksəkliyi, həm kreditlərin verilməsi ilə əlaqədar olan, həm də bu vəsaitlərin real sektora yönəldilməsi kimi problemlər öz həllini tapmalıdır”.

Vahid Əhmədov bankların birləşməsinin vacibliyini də xüsusi vurğulayıb: “Azərbaycanda 45 bank var, bu çox böyük rəqəmdir. Mərkəzi Bank qərar qəbul etmişdi ki, 2014-ci il yanvarın 1-dən bankların nizamnamə kapitalı 10 milyondan 50 milyon manata qaldırılmalıdır. Sonradan bunu ləğv edib 2015-ci ilin yanvar ayına keçirtdilər. Əgər 2014-cü ilin yanvarından bu iş həyata keçsə idi, artıq bir çox banklar öz aralarında danışıb razılaşacaq, bir neçə bank birləşəcəkdi. Azərbaycanda 22-25 bank olsa kifayətdir. Bu banklar birləşəndən sonra onların nizamnamə kapitalı yüksək olacaq və kredit vermə imkanı da genişlənəcək. Bu, çox əhəmiyyətli məsələlərdən biridir və həll olunmalıdır. Bunun həll olunma yolu onların nizamnamə kapitalının artırmaqdır, bu zaman banklar özləri məcbur olub birləşəcəklər. Azərbaycanda iri banklar yaradılmalıdır”.

Qeyd edək ki,  iyulun 10-da prezident İlham Əliyevin sədriliyi ilə Nazirlər Kabinetinin 2014-cü  ilin  birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda bankların da fəaliyyəti geniş müzakirə olunub.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama