Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Azərbaycanın əməkdar artisti artisti, tanınmış aktrisa Xanım Qafarova bu gün dünyasını dəyişib.
Modern.az saytı bu barədə aktisanın həmkarlarından məlumat alıb.
Xanım Abdulqafar qızı Qafarova 1967-ci ildə anadan olub. 1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub, hələ ikinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlayıb. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb edib, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazları yaradıcısı kimi püxtələşdirib.
1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında bu istedadlı aktrisa "O olmasın bu olsun"da Gülnaz, "On min dollarlıq keyf"də Bağdagül, "Nəğməli könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə, "Səhnədə məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə, "Məhəbbət oyunun"da Qəmər, "Dəli dünya"da , "Talelər qovuşanda" əsərində Sona, "Aldın payını, çağır dayını" tamaşasında xəbərçi Xədicə, "Şeytanın yubileyi"ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanıb.
O, 1997-ci ildə "Teatr sahəsində Nəsibə Zeynalova adına mükafat"a layiq görülüb. 2000-ci ildə sənət sahəsindəki mesanatlıq fəaliyyətinə görə Gənclər təşkilatının fəxri diplomuna layiq görülüb. 2001-ci ilin yekunlarına görə XXI əsrin ilk uğurlu müsabiqəsinin 1-ci dərəcəli Diplomu ilə (İlin Aktrisası nominasiyası üzrə) təltif edilib.
Teatrın repertuarda olan bütün tamaşalarda baş və əsas rolların ifaçısı olan Xanım Qafarova 2003-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Gözəl, güclü, məlahətli səsə malik olan Xanım Qafarova teatr fəaliyyəti ilə yanaşı, müntəzəm olaraq böyük konsert salonlarında, cəbhə bölgələrində, dövlət tədbirlərində, televiziya verilişlərində və tamaşalarında çıxışlar edir, paralel olaraq müğənnilik fəaliyyəti ilə də məşğul olurdu. Özünəməxsus repertuarında 60-a qədər orijinal mahnı ifa edən aktirisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub.
9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdü. Mərhum aktrisanın bir qız övladı qalıb.
Allah rəhmət eləsin.
***
Mərhum aktrisa Bakıdakı Kürdəxanı qəbiristanlığında dəfn olunub.
Məltəm Talıbzadə