Modern.az

“İranda aşıq sənəti intibah dövrü yaşayır, Azərbaycanda isə saz ruhu qalmayıb” – Folklorşünas-alimdən İDDİA

“İranda aşıq sənəti intibah dövrü yaşayır, Azərbaycanda isə saz ruhu qalmayıb” – Folklorşünas-alimdən İDDİA

12 İyul 2014, 10:42


“Hazırda İranda, daha doğrusu Cənubi Azərbaycanda aşıq sənətinin intibah dövrüdür”.

Bunu Modern.az-a açıqlamasında folklorşünas, Aşıqlar Birliyi İdarə Heyətinin üzvü Elxan Məmmədli deyib. “Ötən əsrin 30-cu illərində Arazın bu tayında vəziyyət necə idisə, yəni o baftanlı, toylu-büsatlı üzvlərimiz var idi, indi İranda vəziyyət o cürdür”. O, İranın “Mehr” informasiya agentliyində aşıq sənəti ilə bağlı bəzi fikirləri qərəzli hesab edib. Qeyd edək ki, həmin yazıda İran Azərbaycanda aşıq sənətinin ciddi tənəzzül keçirdiyi, dastan və rəvayətlərin unudulduğu iddia olunurdu. “Belə fikirlər aşıq sənətinə kölgə salmaq üçün deyilir. Ola bilsin ki, onu deyən adam naşıdır. Mən ildə ən azı iki-üç dəfə İranda oluram, sənətkarlarla görüşürəm, fikir mübadiləsi aparıram, dastanlar alıb gətirirəm. “Sarıtel” və “Gözəlləmə” verilişlərində, ya Cənubun özündən verilişlər yazıb gətirmişəm, verilişimdə 60-dan çox aşıq qonaq olub.

Cənubi Azərbaycanda aşıq sənətinə diqqət böyükdür. Təkcə Aşıq Çəngiz Məhdipurun yüzə yaxın tələbəsi var. Deyərdim ki, o bu sənətdə inqilab edib. Burda nəşr edilməyən dastanlar var ki, gənc nəsil bu dastanları həvəslə öyrənirlər”.

E. Məmmədlinin sözlərinə görə, Arazın bu tayında, yəni Azərbaycanda aşıq sənəti süquta doğru gedir. “Vəziyyət müqayisə edilməyəcək dərəcədə könül açan deyil. Ustad aşıqlarımız barmaqla sayılacaq qədərdir. Onlarda artıq qocalırlar, şagird qəbul etmək, onu öyrətmək, onun nazı ilə oynamaq iqtidarında deyillər. Ustad görməyən aşıqlarında işi xam qalır. Toylarda aşığın dastan açmağa vaxtı olmur, 15 dəqiqə oxuyur, heç kim də ona qulaq asmır”. Folklorşünas-alim Azərbaycan telekanallarında aşıq sənətinin təbliğindən də şikayətlənib: “Azərbaycan telekanallarında aşıq sənətinin mütəmadi təbliği olmadığına görə bu sənət tənəzzülə getmək üzrədir. Düzdür, musiqi məktəbləri var, universitetdə aşıq musiqisini tədris edən kafedra var. Amma bütün bunlar kifayət etmir. Aşığın meydanı geniş olmalıdır. İtib-batmış meyxananı Azərbaycan televiziyaları təbliğ elədilər, hətta meyxananı tanımayan ən ucqar kənddən olan şəxs belə toyuna, gəlib meyxanaçı aparır. Çünki televiziyalarda işləyənlərin çoxunda saz ruhu yoxdur”.  

Rüfanə GÜNƏŞ


Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir