Ermənistan mediası Azərbaycan əleyhinə qərəzli, dezinformasiya xarakterli məlumatlar dərc etməkdə artıq ixtisaslaşıb. Bu mənada erməni təbliğat maşınının artan üstünlüyü müşahidə edilir. Məsələn, Ermənistan Azərbaycanın Tərtər rayon sakini Şahbaz Quliyevi girov götürərək onun kəşfiyyatçı olması barədə məlumatlar yaymaqla rəy yarada bilib. Heç də onu demirik ki, təkcə Ermənistan cəmiyyətində bu haqda fikir formalaşdırıb, həm də bu fikirlərin həlqələri Azərbaycanın bəzi medialarına da sirayət edir. Görünür, Azərbaycanın bəzi KİV-ləri düşmən ölkənin təbliğatına bilərəkdən və ya bilməyərəkdən dəstəyini nümayiş etdirir. Nədən ki, “dəhşətli”, “sensasion” məlumatlarla “İP” sayğacı Azərbaycan media bazarında “partlayış” yaradacaq. Heç təsadüfi deyil ki, bəzi xəbər saytlarımız ermənilərin girov saxladığı vətəndaşımızı ikinci və ya üçüncü şəxsin dilindən “kəşfiyyatçı”, “diversant” kimi təqdim etməklə ictimai rəydə çaşqınlıq yaradırlar. Ola bilsin hansısa anlaşılmazlıqdan internet informasiya məkanında bu cür informasiyalar dövriyyəyə buraxılır. Ancaq bu, həssas məsələlərlə bağlı “İP” dalınca qaçan media orqanlarının düşünülməmiş xəbərlər istehsal etməyinə haqq qazandırmır.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da hesab edir ki, Azərbaycan jurnalistləri həssas, cəmiyyətdə çaşqınlıq yarada biləcək yalan informasiyalardan qaçmalıdırlar. QAT rəhbəri Modern.az-a açıqlamasında bu cür halların aradan qaldırılması üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb:
“Bu cür məsələlərdə vətəndaş mövqeyi öndə olmalıdır. Mətbuat diqqətli olmalıdır, ucuz sensasiya dalınca qaçmalı deyil. Azərbaycan mediası Müdafiə Nazirliyinin məlumatlarını rəhbər götürməlidir. Ermənilərin verdiyi informasiyanın maraqlarına xidmət edən məlumatlar yayılmamalıdır. Belə halların qarşısını almaqdan ötrü jurnalistlər arasında maarifləndirmə aparmaq lazımdır. Bəzi mətbuat orqanlarının özünün də müəyyən maarifləndirmə işlərinə ehtiyacı var”.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı isə bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi sayt və qəzetlərin Qarabağla bağlı mövqeyi onda təəssüf hissi doğurur:
“Çünki onların mövqeyi erməni mətbuatının mövqeyindən zərrəcə fərqlənmir. Əgər bu yolda olanlar özlərini "jurnalistika fədaisi" kimi təqdim edəcəklərsə, onlara "əhsən" deyə bilərik. Amma belə deyil axı. Hesab edirəm ki, bu məsələnin geniş şəkildə müzakirəsinə ehtiyac var. Azərbaycanın indiki durumunda bilərəkdən, ya bilməyərəkdən erməni təbliğatına işləyən media qurumlarının fəaliyyəti qınanmalıdır. Bir neçə misal çəkəcəm: Tovuzda tutulan erməni ilə bağlı “Erməni əsiri belə döydülər”, yaxud da əsir götürülən azərbaycanlı əsirin qardaşının dilindən “Qardaşımı tez-tez kəşfiyyata göndərirdilər” kimi yazıları verən saytlar kimə, hara işləyirlər!? Onlar nə etdiklərini bilirlərmi? Bilmirlərsə, özlərinə başqa peşə tapsınlar. Yox, əgər bunu bilərəkdən edirlərsə, artıq söhbət ciddi yerə gəlib çıxır. Bu “qəhrəmanlar” bizə bir misal göstərsinlər ki, erməni mətbuatı Qarabağla bağlı özlərinin əleyhinə bir dəfə nəsə yazır. Nəinki yazır, iynə ucu boyda səhvə yol vermirlər. Çox dəqiq, məntiqli, hətta deyərdim ki, koordinə edilmiş şəkildə işləyirlər. Buna görə də Qarabağla bağlı Ermənistan mediası bizi üstələyir. Öz milli maraqlarını səlis şəkildə təmin edə bilirlər”.
Elşad Eyvazlı qeyd edib ki, artıq altıncı aydır ki, Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyası ilə birgə Azərbaycan mediasında Qarabağla bağlı monitorinqlər aparırlar:
“Bu sahədə istər yazılı, istər internet mediası ağlamalı gündədir. Düzdür, barmaqla sayılacaq sayda media qurumlarımız var ki, bu istiqamətdə işləyirlər. Ancaq nankorlar ordusunun içində onlar görünə bilmirlər. Bəzən xarici medianı Qarabağ, Xocalı məsələsində tərəf tutmaqda qınayırıq. Əgər özümüzün mətbuatımız bu gündədirsə, onlardan nə gözləməliyik. Mən üzümü belə qəzet və saytlara maddi dəstək verən şəxslərə tuturam. Siz əslində onlara dəstək verməklə erməni təbliğatına kömək göstərmiş olursunuz. Axı siz Azərbaycanda yaşayırsınız, Azərbaycan vətəndaşısınız”.
Aqşin Kərimov