Yaxşıya yaxşı demək vicdan borcudur. O, həm də nümunəvi icra başçısıdır. Vicdanımın səsinə qulaq asıb bu yazını yazıram.
Rayonumuza gələn gündən insanlara xoş münasibət göstərir, eyiblərimizə göz yumur, yaxşı cəhətlərimizi bayraq edib hər yanda yardımlıların şəninə gözəl sözlər söyləyir. Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmovu deyirəm. Yardımlı müstəqil inzibati ərazi vahidi(rayon) kimi təşkil olunduğu gündən indiyədək çox insan rəhbərlik edib bu rayona. Onlardan Səfər Verdiyev, Rəfiqə Məmmədova kimi işgüzar rəhbərlərin adları bu gün də ehtiramla yad olunur, lakin Sevindik müəllimi sələflərindən fərqləndirən başlıca cəhətlərindən biri də ona hakim olan insan sevgisidir. O, yardımlılara doğmaları kimi yanaşır, kimliyindən asılı olmayaraq dünyasını dəyişən rayon sakinlərinin hüzr mərasimlərində iştirak edir, yaxınlarına başsağlığı verir. Hətta faciəli şəkildə vəfat edənlərin faciəsinə acıdığından bəzən göz yaşlarını boğa bilmir, bu dərdi özünün bilir. Bozayran kəndində od tutub yanan avtomobildə həlak olan iki eloğlumuzun faciəsinə onun necə höhkür-hönkür ağladığının şahidi olanlar var...
Urağaran kənd sakini Zərbiyev Mahir Tahir oğlu cəbhə bölgəsində minaya düşərək ağır yaralanmışdı, hər iki ayağı amputasiya olunmalı idi. Sevindik müəllim bu xəbəri eşidən kimi dərhal Bakıya- xəstənin yerləşdirildiyi hospitala gedir, onun səyləri nəticəsində əsgərin ayaqları kəsilmir, ciddi müalicə olunur, hazırda normal gəzir...
Xəstəxanada müalicə olunan Milli Qəhrəman Bəhruz Mənsurovun atası Qəhrəman kişini dəfələrlə ziyarət etməyə tələsir, ona doğması kimi qayğı göstərir...
Bürzünbül kəndində Cavadov Zahir Mirxas oğlunun fərdi yaşayış evinin yandığı xəbərini alan kimi dərhal hadisə yerinə gedən Sevindik müəllim evsiz qalan bu ailə üçün yeni evin tikintisini şəxsi vəsaiti hesabına həll edir...
Avtomobil qəzasında ağır yaralanan Əflan Ağayev təcili olaraq Bakıya- Mərkəzi Klinik Xəstəxanaya göndərilir. Gecə saat 2-dən səhər saat 6-ya qədər cərrahlar Əflanın üzərində işləyərək onu yenidən həyata qaytarırlar. Əflan xəstəxanada yatdığı müddətdə Sevindik müəllimdən xüsusi diqqət gördüyünü bu gün də etiraf edir...
Maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilir. O qədər diqqətlidir ki, rayonun tərəqqisində zəhməti olan yaşlılara, cavanlara, gənclərə özündən əvvəlki başçılardan fərqli olaraq diqqət göstərir, doğum günlərində təbrik edir, mükafatlandırır.
Yardımlının ilk ictimai-siyasi xadimi, 1991-ci ildə vertalyot qəzasında həlak olmuş Vəli Məmmədovun qardaşı Əli kişinin 80 yaşı tamam olanda bir neçə məmura müraciət etsəm də, uzun illər rayonun inkişafında zəhməti olan bu ixtiyar kişini təbrik etməyə heç birisinin imanı çatmadı. Yalnız Sevindik müəllimi məlumatlandırdıqdan sonra, evində xəstə yatan Əli Məmmədov ziyarət olundu, təbrik edildi...
Heç kimə sirr deyil ki, Sevindik müəllimdən öncə rayonda bəzi məmurlarla ictimaiyyət arasında uçurum yaranmışdı. Hətta məmurlar arasında qruplaşma açıq-aşkar nəzərə çarpırdı. Odur ki, təzə rəhbərin gəlişi ilə bir çoxları bu məmurların işdən çıxarılacağını düşünürdü, o vaxt fərqinə varan yox idi ki, bu qarşıdurma əvvəlki başçının yalnış siyasətinin, səriştəsizliyinin nəticəsidir. Necə deyərlər, bütün olaylar onun ssenarisi əsasında baş verirdi. Şükürlər olsun ki, Sevindik müəllimin səyi ilə bu gün rayonda məmurlar arasında heç bir qruplaşma yoxdur, hər bir məmur öz vəzifə öhdəliklərini icra edir. İctimaiyyətlə rəhbərlik arasında sağlam münasibət hökm sürür...
Laçınım, ay Laçınım...
Dağlar qoynunda qərar tutan Laçın rayonunun kəndləri arasında biri də var- Güləbird. Qədim türk yurdu Zəngəzur mahalının kəndlərindən biri olan Güləbird 1956-cı ildə bir-birinə yaxın olan Novruzalılar, Yuxarı Məzməzək, Aşagı Məzməzək, Orta oba, Rəfi, Bayramuşagı kəndlərinin birləşməsindən yaranıb. Bu kəndin əhalisini qədim Qafqaz xalqlarından olan utilər və Cənubi Azərbaycanın Qaradağlı mahalından gələn turk tayfaları təşkil edirdi. Məşguliyətləri əkinçilik və maldarlıq olub. Güləbird kəndi Həkəri çayının sahilində, Qubadlı rayonu ilə sərhəddə yerləşir, rayon mərkəzindən 36 km məsafədədir. Günümüzə gəlib çıxan rəvayətlərə görə, qüdrətli el sənətkarı, saf məhəbbət, zərif duyğular ustadı Sarı Aşıq XVII əsrdə Güləbird kəndi yaxınlığında yaşamış, bayatılar yaratmış, elə orada da torpağa qovuşmuşdu. 1993-cü ildə erməni faşistləri tərəfindən qəbri tamamilə dağıdılmış Sarı Aşıq deyərdi:
Aşiqəm Güləbirdə,
Şeh qonub gülə bir də.
Bir quş olub uçaydım,
Düşəydim Güləbirdə...
Haqqında söhbət açdığım insan da Güləbirddəndir, 1963-cü ilin aprel ayının 7-də həmin kənddə, müəllim ailəsində dünyaya göz açıb. Atası Hacıağa Hətəmov bölgədə sayılıb seçilən müəllimlərdən biri olub. Halal zəhməti ilə yaşayıb. Bu halallıq yeganə oğlu Sevindik Hətəmovun tərbiyəsində mühüm rol oynayıb, hərəkətinə, davranışına, həyat tərzinə hopub.
Zirvə
Azərbaycanda cəmi-cümlətanı yetmiş icra hakimiyyəti başçısı vəzifəsində çalışan məmur var. Onların əlli doqquzu rayonlara, on biri isə şəhərlərə rəhbərlik edir. Ölkəmizin əhalisi təxminən doqquz milyon yarıma yaxındır. Sizə zarafat gəlməsin, doqquz milyon yarım insanın arasında yetmiş nəfərdən biri olmaq elə-belə göstərici deyil. Bu elə bir zirvədir ki, hər kəsə nəsib olmur. Rayona rəhbərlik etmək, hələ sovet dönəmindən üzü bəri, görün nə qədər insanın arzusu olub, onlar bu arzu ilə yaşayıb çalışsalar da, elə bu arzuyla da dünyadan köçüblər. Ümumiyyətlə, hər hansı bir zirvəyə yüksəlmək üçün üç amil başlıca şərtdir- bacarıq, əzmkarlıq, Allahın bəxş etdiyi uğur. Onlardan biri olmayanda zirvəyə yüksəlmək olmur...
Bacarıq, əzmkarlıq, Allahın bəxş etdiyi uğur
Müəllim ailəsində doğulduğu üçün atasının müəllim tələbkarlığı onu həmişə müşayət edib, onda ali təhsil almağa həvəs yaradıb. Orta məktəbi bitirdikdən sonra bu həvəs onu Bakıya gətirib, Çingiz İldırım adına Politexnik İnistitutuna qəbul olunub. Orada mühəndis-müxanik ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis kimi başlasa da, tezliklə böyük mühəndis vəzifəsinə təyin olunub. Bir müddət sonra təsərrüfat hesablı tikinti quraşdırma sahəsinin rəisi vəzifəsinə irəli çəkilib. Laçının işğalından sonra Bakıya gəlib, özəl sektorda çalışmağa başlayıb, müəsissə yaradaraq ona rəhbərlik edib. İşgüzar, bacarıqlı insan kimi laçınlıların hörmətini qazanıb. 2005-ci ildə namizədliyini irəli sürərək Milli Məclisə deputat seçkilərinə qatılıb. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatına sədrlik edib. İşgüzarlığı, bacarığı Ölkə Rəhbərinin nəzərindən qaçmayıb. Allahın ona bəxş etdiyi uğur öz işini görüb- Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Hamını sevindirən sərəncam
Bu tarix bir çox yardımlılar üçün bayram oldu. Rayonda məmur-vətəndaş arasında yaranmış uçurumun aradan götürülməsinə start verildi. Vətəndaşları narahat edən problemlər həllini tapmağa başladı. Hətta rayondakı bir sıra əsas qurumların rəhbərləri ilə küsülü olan əvvəlki icra başçısından öz həyətlərində mal-qara damı tikməyə belə icazə ala bilməyən rayon sakinləri süründürməçilikdən yaxa qurtardılar. Rayonda hökm sürən gərgin ictimai durum xoş abu-hava ilə əvəz olundu. Bir sözlə, möhtərəm Prezidentin bu sərəncamı ilə rayonumuz yenidən xoşbəxt günlərini yaşamağa başladı. Dünənədək mal-qara damının tikintisi yasaq olunan rayonda vətəndaşlara Nuh əyyamındən qalan nimdaş ticarət, iaişə obyektlərinin binalarını yenisi ilə əvəzləməyə şərait yaradıldı, parklar salındı, körpülər inşa olundu, kəndlərə yollar çəkildi, içməli su təminatı yaxşılaşdırıldı və s..
Yüksək mədəniyyət
Mədəni davranışı ilə onu əhatə edən mühitə nümunə olmağı bacarır. Bəzi rəhbərlər kimi vəzifəsindən istifadə edib heç kimlə kobud davranmır, dilinə nalayiq söz gətirmir. Onunla bir süfrədə əyləşmək başqa aləmdir. Təkəbbürdən uzaq, sadə, səmimidir. Süfrədə elə davranır ki, elə bil illərlə çörək kəsdiyin bir insanla əyləşmisən. Çox diqqətli, həssas, səmimi insandır. Bütün bunlar təkcə mənim düşündüklərim deyil, bu gün hər bir yardımlılı bu laçınlı balasını özünə əzizi, qardaş bilir...
Elman Eldaroğlu,
“Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri,
AJB-nin üzvü