Modern.az

Bakı-2015: İlk Avropa oyunlarının təbliği

Bakı-2015: İlk Avropa oyunlarının təbliği

Təhsil

15 İyul 2014, 18:54



Azərbaycan son illər möhtəşəm tədbirlərə ev sahibliyi edir. Bu ənənə uğurla davam etməkdədir. 2015-ci ildə Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşır. 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41–ci Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir və Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina etmişdilər.
Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar çox böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir, ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur. Bu, ölkəmizə, ölkə başçımıza göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Bu tarixi qərarın qəbul edilməsində əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilmişdir. Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır.

Baxmayaraq ki, biz cəmi 21 ildir müstəqil dövlət kimi yaşayırıq, ancaq bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Son 10 ildə Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılmışdır. Bu müddət ərzində Azərbaycan, demək olar ki, Olimpiya ölkəsinə çevrilmişdir. Məlum olduğu kimi, Olimpiya Komitəsi1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, 1997-ci ildən Milli Olimpiya Komitəsinə İlham Əliyev sədr seçiləndən sonra Azərbaycanda olimpiya hərəkatı başlamışdır. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Ölkəmizdə və Bakı şəhərində müasir infrastruktur layihələri həyata keçirilir. Onların bir çoxu artıq tamamlanmışdır. Bakı dünyanın ən gözəl şəhərləri siyahısındadır. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdədir.

Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikkinin bir müsahibəsi çox diqqətimi çəkdi. O, bildirmişdir:

“ Biz Avropanın idman tarixində ən böyük hadisələrdən birinin başlanğıcında dayanmışıq! Mən fəxrlə bildirirəm: ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Çoxdan gözlədiyimiz uşağımız, nəhayət doğuldu! Və indi biz böyük qayğı ilə ona baxacağıq, böyüdüb, tərbiyə verəcəyik ki, gözəl Bakı şəhərində hər şey ən yüksək səviyyədə keçirilsin. Ən əsası odur ki, bu yalnız başlanğıc olsun – Avropa Oyunlarının uzunömürlü, dolğun və parlaq həyatında! Biz hətta, adətən Olimpiya oyunlarının paytaxt seçimi üçün keçirilən yarışma təşkil etməmişik. Biz Azərbaycan Milli Olimpiya Komitəsinə, Avropa Oyunlarının keçirilməsi haqda sualı müzakirə etmək təklifi ilə müraciət etdik – çünki bilirdik ki, Azərbaycanın idman rəhbərləri və dövlət genişmiqyaslı yarışların təşkilində maraqlıdır. Və iki böyük təşkilat gözəl birlik qura bildi ”. Oyunlar zamanı Avropanın 49 ölkəsindən 6 mindən çox idmançı iştirak edəcək. Bakıda Avropa Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Oyunların proqramına 28 yay olimpiya idman növündən 15 - i, həmçinin 2 qeyri - olimpiya idman növü daxil olacaq.

Olimpiya oyunları dünya xalqlarının və ölkələrinin bir-birinə tanıdılması, təbliğ edilməsi baxımından əvəzsiz rol oynayır. Bu baxımdan, yeniyetmələr və gənclər arasında idmanın inkişaf etdirilməsi, onun daha yüksək səviyyəyə qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Bu hadisədə biz gənclər üzərimizə düşən vəzifənin maksimum dərəcədə öhdəsindən gəlməliyik. Elə bu məqsədlə cari ilin may ayından etibarən Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) və “ Bakı 2015 ” Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə dəstəyi ilə Bakı və regional təhsil müəssisələrinin tələbələri arasında bu mötəbər idman tədbiri ilə bağlı rəy sorğusu keçirildi. Biz könüllülər sorğunun həyata keçirilməsində iştirak edərək tələbələrin Olimpiya oyunları ilə bağlı fikirlərini öyrəndik, onların Olimpiya Oyunlarının təşkilində könüllü kimi fəaliyyət göstərməsi üçün məlumatlandırdıq. İlk Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərmək, idman tədbirinin uğurla həyata keçirilməsinə yardım etməklə, Azərbaycan tarixinin bir hissəsi olmaq gözəl fürsətdir. Avropa Oyunları sadəcə vacib idman hadisəsi deyil, həm də Azərbaycanı dünyaya tanıtmaq üçün daha bir imkandır. Bakı 2015 Avropa Oyunları Azərbaycanın gənc, müasir və qonaqpərvər bir ölkə olduğunu dünyaya göstərəcək. Mən əminəm ki, biz könüllülər Bakı şəhərində yaşayan mənəvi zəngin insanları gözəl şəkildə təcəssüm etdirəcəyik. Bəs Azərbaycan, ev sahibi olaraq Avroolimpiadanı layiqli təşkil edə biləcəkmi? Mən əminəm ki, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etmək üzrə birinci olmaq vəzifəsini layiqincə yerinə yetirərək oyunları yüksək səviyyədə keçirəcəkdir.

Mən bu gün regionda liderlik edən, dünya dövlətləri arasında yüksək nüfuza və etibarlı tərəfdaşlıq mövqeyinə malik olan Azərbaycan Respublikasının vətəndaşıyam. Milli mənsubiyyətimlə, gəncliyimlə qürur duyur və dövlətimin daim var olması yolundakı məsuliyyətimi dərindən dərk edirəm. Məhz biz gənclər bu ölkənin dünəni, bu günü və sabahıyıq. Savadlı, intellektli, bacarıqlı, mənəviyyatlı gənclik müasir Azərbaycanın etibarlı təminatçısıdır. Məncə bu bir bayraq savaşıdır. Biz müəllimlərimizdən bayrağı aldıq, bizdən sonrakı nəsillərə ötürürük. Gəlin, Vətənimiz Azərbaycanı sevək, qoruyaq. Bu torpaqlara bağlılığımızı hiss etdirək. Azərbaycan bizim döyünən ürəyimiz, aldığımız nəfəsimiz olmalıdır. Biz Vətənə sevgimizi hər kəsə çatdırmalıyıq. Öz Vətənini sevməyən bir insan - heç kəsi və heç nəyi sevə bilməz. Çox istərdim ki, Vətənini həqiqətən sevən gənclərimizin sayı artsın. Çünki bu Vətəni sevməyə də, uğruna ölməyə də dəyər!

Günay İmanova
Odlar Yurdu Universiteti, IV kurs tələbəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir