Dünən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatdı. Modern.az saytı Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 2975 vakant yerə 17962 nəfər ərizə verib.
Müraciət edənlər arasında ibtidai sinif (4996), ingilis dili (2578), Azərbaycan dili və ədəbiyyat (2190), riyaziyyat (1477), tarix (1156) və informatika (1113) müəllimi ixtisaslarını seçənlərin sayı daha çox olub. İlkin təhlil göstərir ki, Bakı şəhərində olan vakant yerlər digərlərinə nisbətən çox seçilib. Belə ki, Bakı şəhərinin bəzi məktəbləri üzrə bir ingilis dili müəllimi yerinə 1200-dən, bir ibtidai sinif müəllimi yerinə 800-dən artıq ərizə qeydə alınıb.
Ərizələrin təsdiqlənməsi prosesi 17 iyul 2014-cü il tarixində başa çatdıqdan sonra 17 iyul 2014-cü il tarixində imtahan qrupları formalaşdırılacaq.
2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun 2-ci mərhələsi - test imtahanları iyul ayının 21-də başlanacaq və bir həftə davam edəcək. Test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə göndəriləcək.
Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçiriləcək. İmtahanın gedişinə video-nəzarət ediləcək.
Test imtahanının nəticəsinə görə seçdiyi vakant yerə işə qəbul olunmaq hüququnu qazananlar üçün 30 iyul 2014-cü il tarixindən müsahibələr təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdiriləcək.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu iyulun 1-dən 15-ə qədər həyata keçirilib.
Nazir Mikayıl Cabbarovun “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 21 aprel 2014-cü il tarixli, 445 nömrəli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 2974 vakant yer çıxarılıb.
Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib.
Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir.
Misranə Həsənzadə