Modern.az

QHT-lər girov azərbaycanlılarla bağlı bəyanat verdilər

QHT-lər girov azərbaycanlılarla bağlı bəyanat verdilər

Təhsil

16 İyul 2014, 15:38

Bu gün Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının qərərgahında bir qrup QHT rəhbəri və şəhid ailələrinin iştirakı ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Kəlbəcər rayonu ərazisinə keçən və erməni əsgərləri tərəfindən girov götürülən Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun hüquqlarının müdafiəsi ilə bağlı toplantı keçirilib.

Tədbirdə Dilqəm Əhmədovun, Şahbaz Quliyev və Həsən Həsənovun müdafiəsinin təmin olunması məqsədilə Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalovanın rəhbərliyilə Təşkilat Komitəsi yaradılıb, Beynəlxalq Qızıl Xaç Komitəsinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və digər beynəlxalq təşkilatlara bəyanat qəbul edilib.

Bəyanatda deyilir ki, 1988-ci ildən etibarən Erməistanın Azərbaycan torpaqlarına təcavüzü və bu təcavüz nəticəsində 20%-dən artıq ərazimizn Ermənistan silahlı qüvvələri tərəfidən işğalı, bunun nəticəsində 1 milyondan çox soydaşımızın öz dədə-baba torpaqlarından zorla çıxarılaraq, qaçqın və məcburi köçkünə çevrilməsi ən ağrılı problem olaraq qalmaqdadır.

“Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin qəbul etdiyi 4qətnaməyə  əməl etməyən Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm hərəkətləri törətməklə, tarixi-mədəni abidələrimizi məhv etməklə, bu ərazilərin təbii sərvətlərini talamaqda davam edir. Çox təəssüf ki, bu münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər  Ermənistanı cəzalandırmır və təcavüzkar bir dövlətə açıq və gizli şəkildə bütün dəstəklərini göstərməkdə davam edir.

Bir neçə gün öncə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan məcburi köçkünlər Dilqəm Əhmədov, Şahbaz Quliyev, Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov öz dədə-baba torpaqlarını, əzizlərinin məzarlarını ziyarət etmək məqsədilə işğal altında olan Kəlbəcər rayonuna getmiş və orada işğalçı erməni ordusunun əsgərləri tərəfindən girov götürülmüşlər.  Girov götürülmüş vətəndaşların öz doğma yurdlarına getmək istəyi, öz doğma yaxınlarının qəbirlərini ziyarət etmək arzusu təbii qarşılanmalıdır. Çünki Ermənistanın işğalçı mövqeyi həmin vətəndaşlar da daxil olmaqla bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtması hüquqlarını pozur.

Ermənistanın müdafiə nazirinin öz dədə-baba torpaqlarını ziyarət etməyə gedən, hətta orada yaşamağa birmənalı haqqı olan Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun “diversant” və ya “silahlı qrup” kimi təqdim etməsini Ermənistan dövlətinin həmin soydaşlarımıza qarşı bütün iyrənc və zorakı hərəkətlərin ediləcəyinin  anonsu kimi qəbul edilməlidir.

Ermənistan tərəfindən girov götürülən soydaşlarımızın bir neçə dəfə Kəlbəcər rayonuna getməsi, heç bir erməniyə zərər verməməsi Ermənistanın müdafiə naziri Ohanyanın bu cəfəng mövqeyini alt-üst etməklə bərabər, işğalçı dövlətin əsl mahiyyətini üzə çıxarır”.

Bəyanatda deyilir ki, Ermənistanın “diversant” kimi qələmə vermək istədiyi məcburi köçkün mülki şəxslərimizə qarşı zorakı hərəkətlər edəcəyi, hətta dövlətimizin əleyhinə  onlardan ifadə almağa çalışacağı şübhəsizdir.

“ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər başda olmaqla, Azərbaycan Respublikasının  ictimai siyasi və diplomatik əlaqələr qurduğu dövlətlər hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etmiş, işğalın  acı nəticələrini  pisləmiş, Ermənistan ordusunun işğal etdiyi əraziləri BMT-nin  qəbul etdiyi qətnamələrinə uyğun olaraq  tərk etməsi fikrini səsləndirmişlər. Beynəlxalq ictimaiyyət haqlı olaraq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü hüquqi baxımdan tanıması o deməkdir ki, girov düşən Azərbaycan vətəndaşları doğulduğu  yurdlarına- Azərbaycan ərazisinə getmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi göstərir ki, müharibə illərində, eləcə də tərəflər arasında 1994-cü ilin mayın 12-də imzalanmış atəşkəs rejimindən sonra əsir və ya girov düşmüş Azərbaycan vətəndaşlarının hüquqları pozulmuş, müxtəlif işgəncələrə məruz qalmış, qeyri-insani davranışla qarşılaşmışlar. Bu cür hallar Ermənistanın BMT-nin qəbul etdiyi Cenevrə Konvensiyasının  müharibə və münaqişələr zamanı əsir və girovlarla bağlı davranış qaydalarını kobud surətdə pozduğunu göstərir.

Odur ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar azərbaycanlı girovların taleyilə ciddi maraqlanmalı, Azərbaycan dövləti və ictimaiyyəti girov götürülmüş vətəndaşlarımızın azad olunması üçün əllərindən gələni etməlidirlər”.



Bəyanata aşağıdakı təşkilatlar qoşulublar:

1. Milli QHT Forumu

2. Qarabağ QHT Koalisiyası

3. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı

4. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Marifləndirmə İctimai Birliyi

5. Azərbaycan  Vətən Müharibəsi Veteranları Birliyi

6. Sağlam İnkişaf  və Marifləndirmə İctimai Birliyi

7. Şəhid Ailələrinə Sosial Dəstək  İctimai Birliyi

8. Xocalı Soyqrımının Tanıtma İctimai Birliyi

9. Dünya Gənc Türk Yazarlar Birliyi

10. Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyəti

11. Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi

12. “Mərhəmət” Kimsəsizliyə Yardım İctimai Birliyi

13. Vətən Fədailəri İctimai Birliyi

14. Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi

15. Üçüncü Sektor İctimai Birliyi

16. Yeni Baxış Gənclər İctimai Birliyi

17. Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Çatdırılma İctimai Birliyi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir