Modern.az

AXC-nin 25 illiyində deyilənlər

AXC-nin 25 illiyində deyilənlər

Təhsil

16 İyul 2014, 18:00

İyulun 16-da Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət evində Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyi qeyd olunub. Yubileydə çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, Xalq Cəbhəsi xalqın bağrından çıxan, xalqın sifarişi və zərurətdən yaranan təşkilat olub.

Onun fikrincə, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkədə yalnız bir dəfə azad və demokratik seçki keçirilib. Bunu deyərkən Əli Kərimli 1992-ci ildə AXC sədri Əbülfəz Elçibəyin prezident seçildiyi seçkini nəzərdə tutub: “Fəxr edirik ki, sonradan xalqımızın dəyərləndirib seçdiyi Əbülfəz Elçibəyi ilk olaraq biz kəşf etdik. Əbülfəz Elçibəy və komandası iqtidarda olduğu bir ildə xalq üçün çalışdı. Biz klassik mənada siyasi partiya olmadıq. Heç zaman partiya maraqlarını milli maraqlardan üstün tuta bilmədik, tutmadıq. Müstəqilliyimizin, dövlətimizin qarantı ordumuzla yanaşı Xalq Cəbhəsidir.

Xalq Cəbhəsi və onun lideri Elçibəy hər zaman birləşdirici olub, bu ənənə hazırda da davam edir. Xalq Cəbhəsi birlikləri, koalisiyaları dağıdan yox, quran təşkilatdır. Xalq Cəbhəsi təkcə yaşının 25 olduğu, sıralarında gəncləri birləşdirdiyi üçün gənc deyil, həm də sabahın planları ilə yaşadığı üçün gəncdir. Qapılarımız gənclərin üzünə açıqdır, sıralarımıza hər gün gənclər qoşulur”. Əli Kərimli bildirib ki, Xalq Cəbhəsinin gücü xalqa olan sevgisidir: “Bu qədər məhrumiyyətlə bu qədər gücü bu sevgidən alırıq”.

Milli Şuranın sədri Cəmil Həsənli çıxış edərək XX əsrinin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti ilə Azərbaycan Xalq Cəbhəsi arasında müqayisə aparıb: “Gərək bu salonda Elçibəyin fotosunun yanındakı “AXC 25”in yanında asılan Rəsulzadənin şəkili qarşısında da “AXC 95” yazılardı. Çünki Rəsulzadə ilə Elçibəy eyni yolun adamlarıdır. Xalq Cəbhəsinin yaranması tarixi hadisədir. Onun yaranmasında rolu olanlar ən böyük hörmətə layiqdirlər. Həyatımın böyük bir hissəsi bu təşkilatda keçib. Orada rəsmən təmsil olunduğum illərlə fəxr edirəm. Xalq Cəbhəsi gəncliyin cazibə mərkəzidir. Xalq Cəbhəsi gəncliyin hərəkatı olub, İndi də belədir. Gələcək Azərbaycan xalqının, bu xalqın haqq işi uğrunda mübarizə aparan Xalq Cəbhəsinindir".

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Xalq Cəbhəsinin yaranması haqda xatirələrini bölüşüb. Milli Şuranın beynəlxalq əlaqələr komitəsinin sədri Gültəkin Hacıbəyli Xalq Cəbhəsinin əsas xidməti kimi rus qoşunlarının Azərbaycandan çıxarılmasını qeyd edib. O, cəbhəçilərə fədakarlıqları, haqqı pozulanların daim yanında olduqları üçün minnətdarlığını bildirib. Milli Şuranın üzvü İbrahim İbrahimli bildirib ki, Xalq Cəbhəsi Azərbaycanda tarix yaradıb: “Bu tarixi dəyişməyə çox çalışsalar da, buna nəsib olmadılar. Xalq Cəbhəsi xalqın siyasi iradəsinə söykənir, xalqın bağrından doğub. Onu sıradan çıxarmaq mümkün deyil”.

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışını zalda narazılığa səbəb olub. Sərdar Cəlaloğlu bəzi çıxışlara və yubiley iştirakçılarının onları alqışlamasına etiraz edib: “İndi Leyla Yunus çıxış edəndə zaldan gələn gurultulu alqış səsləri mənə Leyla Yunusun Xalq Cəbhəsinin İdarə Heyətindən qovulduğu zaman olan alqışları xatırlatdı. Azərbaycan tarixində bir çox məsələ yanlış olaraq Elçibəyin adına yazılır. Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması Elçibəyin adı ilə bağlanır. Əslində isə 1956-cı ildə İmam Mustafayev Azərbaycan Konstitusiyasına bunu əlavə etdirib. Həmin vaxt Elçibəy heç universitetdə oxumurdu. Biz həmin şəxslərə layiqli qiymət vermirik. Azərbaycanın dövlət tarixinin başlanmasının Rəsulzadə ilə bağlanması da düzgün deyil. Azərbaycanın dövlətçilik tarixi daha qədim köklərə malikdir. Azərbaycanın dövlətçilik tarixi Rəsulzadədən yox, Atabəylərdən başlanır”. Sərdar Cəlaloğlunun bu fikirlərindən sonra zaldan etirazlar, ardınca da “Elçibəy” şüarları səsləndirilib. Sərdar Cəlaloğlu bildirib ki, burada hörmət etdiyi şəxslər olmasaydı, zalı tərk edərdi. Zalda etiraz səsləri davam edib, “Rəsulzadə”, “Elçibəy” şüarları səsləndirilib, nəticədə Sərdar Cəlaloğlu çıxışını yarımçıq qoyaraq tribunanı tərk edib. (mediaforum.az) 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir