Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov iyul ayının 10-dan Moskvada səfərdə olub. Səfərin məqsədi
Rusiya Komunist Partiyasının sədri Gennadi Zyuqanovun 70 illik yubileyində və Kommunist Partiyaları İttifaqının İcraiyyə Komitəsinin iclasında iştirak etmək olub.
Moskvaya səfərinin yekunları barədə Modern.az saytına danışan AKP rəhbəri R. Qurbanov bildirib ki, iyulun 10-da sözügedən beynəlxalq təşkilatın İcraiyyə Komitəsinin iclası keçirilib. AKP liderinin sözlərinə görə iclasda regionda cərəyan edən proseslər müzakirə edilib.
O, Azərbaycanla bağlı hesabat xarakterli çıxış etdiyini də deyib: “Ümumiyyətlə, iclasın gündəliyində duran əsas məsələlər keçən dövr ərzində həmin quruma daxil respublika komitələrinin hesabat xarakterli məlumatları dinlənildi. Məqsəd təşkilata üzv Kommunist Partiyalarının gördükləri işlər haqqında məruzə idi. Bununla yanaşı Kommunist Partiyalarının nizamnaməsində dəyişikliklərlə bağlı redaksiya komitəsi yaradılıb. Mən özüm də çıxış etdim. Çıxışımda Azərbaycan Kommunist Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərində iştirakı məsələsinə toxundum. Bildirdim ki, bizim partiya bu seçkilərdə uğur qazanacaq.”,-deyə R. Qurbanov qeyd edib.
R. Qurbanov onu da bildirib ki, Rusiya kommunistlərinin lideri G. Zyuqanov onu Sevastapolun faşizmdən azad olunmasının 70 illiyi münasibəti ilə Rusiya Kommunist Partiyasının təsis etdiyi xatirə medalı ilə təltif edib.
Aqşin Kərimov