“Evakuasiya xidməti Dövlət Yol Polisindən (DYP) alınmayacaq. Bu xidmət əvvəlki kimi davam edəcək”. Bunu Modern.az saytına Daxili İşlər Nazirliyi mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov deyib. Onun sözlərinə görə, son günlər paytaxtda evakuasiya xidmətinin yığışdırılması ilə bağlı yayılan xəbərlər tamamilə yalandır:
“Xəbərlərin heç bir əsası yoxdur. Tamamilə yanlış informasiyadır. Əgər nəqliyyat vasitəsi nəqliyyatın və piyadaların hərəkətinə mane olan yerlərdə saxlanılırsa, evakuasiya xidmətinin nəzdində olan texnika ilə evakuasiya olunur. Bütün bunlar həm nəqliyyatın fasiləsiz hərəkətini, həm də vətəndaşların rahat hərəkətini təmin etmək məqsədi ilə həyata keçirilir”.
E.Zahidov vətəndaşlardan bir çox şikayətlərin daxil olması məsələsinə də aydınlıq gətirib: “Bu xəbərlər də əsassızdır. Evakuasiya xidməti ilə bağlı şikayətlər nəinki çoxalıb, əksinə nəqliyyat vasitələrinin ərazidən yığışdırılması vətəndaşların ürəyincədir”.
Rüfanə GÜNƏŞ