Modern.az

5 rayonun Sosial Müdafiə mərkəzinin rəisi saxtakarlığa görə işdən qovulub - SİYAHI

5 rayonun Sosial Müdafiə mərkəzinin rəisi saxtakarlığa görə işdən qovulub - SİYAHI

İqtisadiyyat

17 İyul 2014, 12:23


İyulun 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsi və dövlət sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində cari ilin ilk yarımili ərzində görülən işlərin yekunlarına dair mətbuat konfransı keçirib.

Modern.az saytı xəbər verir ki, xidmət rəisi rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) fəaliyyətinin təkmilləşdirilməsi, ayrı-ayrı sosial təminat növləri üzrə əhaliyə xidmətlərin göstərilməsi sahəsində şəffaflığın təmin olunması və neqativ halların aradan qaldırılması, bu sahəyə nəzarət mexanizminin gücləndirilməsi,  əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası və digər istiqamətlərdə məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb.

Ünvanlı dövlət sosial yardımı proqramının icrası

Ç.Əliyev bildirib ki, cari ilin 01 iyul tarixinə respublikamızda 559834 ailə üzvü olan 128025 ailəyə (o cümlədən Naxçıvan MR üzrə 12076 nəfər ailə üzvü olan 3014 ailəyə) ünvanlı dövlət sosial yardımı təyin olunub. Həmin ailələrdən 76,5 faizi (97947 ailə) təkrar, 23,5 faizi isə (30078 ailə) ilk dəfə ünvanlı sosial yardım alanlardır. Hesabat dövründə ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği  133,06 manat, bir ailə üzvünə düşən orta aylıq məbləği isə 30,43 manat təşkil edib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarımilində ünvanlı yardım təyin olunmuş ailələrin sayı 521 ailə (2300 nəfər ailə üzvü) və ya 0,4 faiz azalıb.

Ünvanlı sosial yardım təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması məqsədilə bu yardımları alanların adlı siyahısı Nazirliyin internet səhifəsində (www.eesmn.gov.az, www.mlspp.gov.az) yerləşdirilib və qanunsuz şəkildə yardım təyin olunmuş ailələr barədə ƏƏSMN-ə məlumatlar verilməsi üçün KİV vasitəsilə əhaliyə müraciətlər olunub. Bu tədbir şəffaflığın təmin edilməsi işlərində vətəndaşların da iştirakına zəmin yaradıb. 

Beləliklə, vətəndaşlardan daxil olmuş məlumatların araşdırılması zamanı 12 rayonda (Ağdam, Goranboy, İmişli, Saatlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Sumqayıt, Oğuz, Xəzər, Daşkəsən) aztəminatlı və ünvanlı sosial yardım almaq hüquqları olmayan ümumilikdə 647 ailəyə  yardım təyin edildiyi, bu işlər üzrə 710310,0 manat vəsait xərcləndiyi aydın olub. Həmin ailələrə ünvanlı sosial yardımın ödənişi dayandırılaraq, qanunsuz ödənilmiş vəsaitin 344571 manatı və ya 48,5 faizi büdcəyə bərpa etdirilib. Beş rayon (Ağdam, Goranboy, İmişli, Saatlı, Daşkəsən) ƏSMM-in  müvafiq vəzifəli şəxsləri ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, həmin mərkəzlər üzrə müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Bununla yanaşı, araşdırmalar zamanı 19 vətəndaşın müraciətinin böhtan xarakterli olduğu müəyyən edilib və bu səbəbdən onlar barəsində aidiyyatı ƏSMM-lərin əməkdaşları tərəfindən şərəf və ləyaqətin qorunması üçün məhkəməyə müraciət olunub.

Aylıq və birdəfəlik sosial müavinətlər

Cari ilin 1 iyul tarixinə respublika əhalisinin 4,2 faizinə və ya 358293 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunduğunu bildirən Ç.Əliyev həmin şəxslərin 266570 nəfərinin (74,4 faiz) aylıq, 91723 nəfərinin isə (25,6 faiz) birdəfəlik sosial müavinətlə təmin olunduğunu qeyd edib.

Ç.Əliyev bildirib ki, çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq  məqsədilə  Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən,  01 yanvar 2014-cü il tarixdən etibarən  beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. 01 iyul 2014-cü il tarixə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının sayı 6340 nəfərdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən,  müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunaraq ödənilən aylıq sosial müavinətlərin məbləği cari il aprelin 1-dən  21,6 faiz artırılaraq 37 manatdan 45 manata çatdırılıb. Bu artım ümumilikdə 52959 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım