Modern.az

Hüquq müdafiəçiləri azərbaycanlı girovlarla bağlı BMT-yə müraciət etdilər

Hüquq müdafiəçiləri azərbaycanlı girovlarla bağlı BMT-yə müraciət etdilər

17 İyul 2014, 14:55

“Girov soydaşlarımızın geri qaytarılmasına yardım göstərilməsi üçün BMT-yə müraciət etmişik”. Bunu Modern.az saytına hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib:

“BMT-yə Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı  bu qurumun Təhlükəsizlik Şurası tərəfindən 1993- cü ildə 4 qətnamənin qəbul olunduğunu xatırlatdıq. Qeyd etdik ki, Azərbaycan vətəndaşları Kəlbəcərə - öz doğma yurdlarına gediblər. Hər bir azərbaycanlının öz doğma torpağında gəzməyə haqqı var. Bütün dünyaya bunu car çəkmək lazımdır. Bundan sonra bütün millət təkcə Kəlbəcər deyil, Ağdamda, Laçında və digər işğal altında olan torpaqlarda gəzməlidir. Dünya bilməlidir ki, işğal altında olan torpaqlar bizimdir. Ərazilərin minalanmasına, qabaqda düşmən tərəfinin hərbi qüvvələrinin olmasına baxmayaraq, biz oralara getməliyik. Bu kəlbəcərlilər də öz ata-babalarının məzarlarını ziyarət etməyə gediblər. Yad torpaqlara ayaq basmayıblar ki?! Təəssüflər olsun ki, biz susuruq. Həm iqtidar, həm də müxalifət bu məsələdə yekdil olmalıdır. Kiçik problemləri kənara qoyub Qarabağ haqqında fikirləşməliyik. Şəxsən istəyirəm ki, 5-10 qadınla işğal altında olan torpaqlarımıza gedim. Görüm, məni necə girov götürəcəklər, erməni dığaları, görüm necə aparacaqlar!”.

Hüquq müdafiəçisi girovların geri qaytarılması üçün müraciət ünvanlanan təşkilatlardan kömək ediləcəyinə əmindir: “Düşünürəm ki, müraciət etdiyimiz təşkilatlar cavab verəcəklər. Onlara məsələ ilə bağlı köməklik göstərmələrini xahiş etdim. Onlar da Beynəlxalq Qırmızı Xaç Komitəsinə və digər  beynəlxalq təşkilatlara sifariş göndəriblər. Girovlar azad olunacaq. Buna tam əminəm”.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Modern.az-a deyib ki, əslində bu, elə onların görəcəyi bir işdir: “Ona görə də Ermənistan tərəfindən girov saxlanılan soydaşlarımızın  geri qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət etmişik. Mütəmadi olaraq bu məsələ müzakirə olunur”.

Qeyd edək ki, 3 Azərbaycan vətəndaşı - Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov erməni hərbçilərinin hədəfinə tuş gəliblər. Düşmən tərəfi Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürdüklərini, Həsən Həsənovu öldürdüklərini bəyan ediblər. Azərbaycan tərəfindən giorvların geri qaytarılması istiqamətində  beynəlxalq təşkilatlara müraciətlər davam etdirilir.  

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu