Bir neçə gündür, internet və çap mediasında müxalifətlə bağlı mövzu İsa Qəmbərlə Əli Kərimli arasında AXCP-nin yubiley umu-küsüsüdür ki, hər iki ismin möhkəm tandem halında siyasi proseslərdə fərqli bir gücə çevrilməsi, yubiley məsələsi ətrafında lazımsız mövzular və müzakirələr yaratmaqdan daha önəmlidir. Çünki AXCP bu günü heç bir pozitiv həyəcan verməyən bir cazibəli keçmişdir. Siyasi həyatın o qiymətli gövhərini salıb itirdiyimiz 2000-ci ildən bəri yalnız xəyal səhifələrində gurultulu qurultaylara qayıtmaq, aforizmlərə çevrilən təsirli çıxışları sitat-sitat xatırlamaq, maraqlı hadisələrdən fraqmentlər silsiləsi hörmək, bir sözlə, çoxunun şəxsi arxivinə çevrilən dəyərli Cəbhə epizodlarını bir araya qoymaq şərəfli keçmişin cazibəsini bir anlıq göz və qulaq yaddaşında təzələyə bilər. Yoxsa ki, intriqalardan sonrakı və 25 illik yubileyə ev sahibliyi edən Cəbhənin nə milli məsələlərdə həyəcan yaradan möhtəşəmliyi var, nə də cəmiyyəti səfərbər edən fövqəladə gücü. Ona görə də yaxşı mənada təlaşlar yaradan on bir ili, heç bir emosiya yarada bilməyən, lokamativ olmağı bacarmayan on dörd ildən ayırmaq lazımdır. Hətta on bir ildəki təntənələrin eyforiyasından yeni xəyallar eşqinə düşmək də tam bir perspektivsizlik vəd edir . Odur ki, nə İsa Qəmbərin Əli Kərimlidən incik düşməsinə, nə də Əli Kərimlinin İsa Qəmbərə inadcıllıq etməsinə ciddi bir əsas var.
Keçmişlə irəli hərəkət edənlər, gələcəyi yeni ideoloji həyəcanlarla fəth edəcək prosesin iştirakçılarına uduzmaq aqibətinə yaxındırlar. Onsuz da Cəbhə xronoloji təhlillərdə təkcə müvəffəqiyyət demək deyil, həm də 1993-cü il deməkdir. Təkcə gen-bol demokratiyası ilə qaynamış leqal məşvərət ocağı deyil, eyni zamanda, qeyri-leqal iç qruplaşması ilə sifariş icra edən, ambisiyalı liderlərin drijor çubuğuna tabe olmuş müəmmalı bir mərhələ deməkdir. Bu mənfiliklər heç vaxt kənara qoyulmayan baş qaxıncıdır, Azərbaycanın yalnız abbreviaturasını saxlayıb , özü isə dərin sulara qərq olmuş belə bir təşkilatla gələcəyə baxması reallıqdan uzaqdır.
Azərbaycan bugünkü çağda ideoloji vakumun içərisindədir. Geniş ideoloji hədəflər zəifdir, yalnız hakimiyyət uğrunda mübarizə güclüdür. Dövlətçilik prinsipləri, bu prinsiplər uğrunda mübarizə və nəzarət məsələlərində varislik necə təmin olunur, davamçı nəsil buna hansı şəkildə hazırlanır-görünən işartılar az ümidvericidir. Belə bir boşluq yeni milli ideyaların yayılması və bu ətrafda səfərbərlik təşkil edən, cazibəli hərəkat keçmişinə alternativ xoş həyəcan verə biləcək yeni bir dönəmin başlanmasını diqtə edir. İsa Qəmbər – Əli Kərimli əlaqələri tandem halına keçərsə, onlar bu prosesin hansı hissəsində dayanacaq, bunu demək çətindir, hər ikisinin həmin prosesin kənardan-kənara ustadı ola bilməsi isə örnək, təcrübə mənasında tamamilə mümkündür.
Azərbaycanda yeni həyəcanlı bir dönəm üçün predmet ortaya çıxıb-suverenlik və istiqlal mücadiləsinin 1918-ci il daxil olmaqla üçüncü etapı. Mübarizə virtual, qeyri-virtual şəkildə hələlik dövlətin zirvəsində və opponent düşərgənin üst qatında davam edir, təbii ki, daxili mübarizənin prioritetləri olan demokratiya və insan haqlarının qorunması məsələsindən daha çox vaciblik daşıyır. Ərazi bütövlüyü uğrunda mücadilənin daha prinsipial mərhələsi, yeni ilhaq təhlükəsini yaşamamaq dövrününün mübarizəsi yeni fədailər ordusunun, yeni fenomen təşkilatların çiyninə düşür. Çünki hazırkıların qisasçılıq, kin və nifrət duyğusu ilə çulğalanan bir proses yeni dönəmin səhifələrinə pozitiv həyəcan gətirməkdə acizdir. Azərbaycan intəhasız xalq izdihamlarından istehkamlar yaradıb xarici təhlükələrə qarşı dayana biləcəksə, üstəlik, demokratiyanın daha dərin oturuşmasını bacaracaqsa, bunu cazibəli keçmişlə deyil, həyəcanı olan gələcəklə qazanacaq.