“Əhalinin siyahıya alınması zamanı 1, 2, 3, 4 və daha çox uşaqlı ailələrin sayı haqqında məlumat verilir. Lakin son illər doğulan uşaqların nisbətini müqayisə etsək, onda oğlanların sayının artmasını müşahidə edərik. Bu da dolayısı ilə onu təsdiq edir ki, oğlu olan ailələrin sayı artmaqdadır”.
Bu barədə Modern.az saytının sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, son zamanlar 1 və 2 uşaqlı ailələrin sayı daha da çoxalır:
“Məsələn, 1999-cu ilin əhalinin siyahıya alınması zamanı biruşaqlı ailələrin sayı 22,5, ikiuşaqlı ailələrin sayı 35,3 faiz idisə, 2009-cu ilin əhalinin siyahıya alınmasında isə biruşaqlı ailələrin sayı 30,1, ikiuşaqlı ailələrin sayı isə 40,3 faiz olub. Valideynlər uşaqlarının oğlan olmasına üstünlük verirlər. Son illərin statistikasına nəzər salsaq, əhalinin ümumi sayına nisbətən kişilər 1993-cü ilə qədər 48,9 faiz təşkil edib. Lakin 1994-cü ildən başlayaraq kişilərin sayı artaraq, 2014-cü ildə 49,7 faiz (4713,5), qadınların sayı isə 50,3 faiz ( 4763,6) olub”.
Gülşən RAUFQIZI