Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanan müqaviləyə əsasən Azərbaycan Müdafiə Nazirliyinin xətti ilə 2014/2015- cü tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə tələbə qəbulu elan edilib.
Modern.az-ın məlumatına görə, müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqə əsasında 10 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Müdafiə Nazirliyinə göndəriləcək. Müdafiə Nazirliyində keçiriləcək müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə edən 2 nəfər namizəd Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.
Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsində təhsil müddəti 6 ildir. Kursantlara təhsil müddətində tam dövlət təminatı verilir.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 18-dən 25-dək TQDK-ya müraciət edə bilərlər.
Radiq Qənbərov