Modern.az

“Kəlbəcərdə minaladıqları yollara ermənilərin öz əsgərləri düşəcək” - Hərbi ekspert

“Kəlbəcərdə minaladıqları yollara ermənilərin öz əsgərləri düşəcək” - Hərbi ekspert

18 İyul 2014, 14:19

“Girov götürülən əli silahsız, hərbi təcrübəsi olmayan 3 Azərbaycan vətəndaşı prezidentdən tutmuş, müdafiə nazirinə qədər bütün erməni cəmiyyətinin canına böyük vəlvələ salıb, yuxularına haram qatıb”.

Bunu Modern.az saytına açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun fikrincə, ötən 20 il ərzində 30 nəfər əli silahlımız torpaqlarımıza getsəydi, yəqin ki, ermənilər hər şeyi qoyub qaçardılar: “Bildiyiniz kimi, onlar bizim iki vətəndaşa konkret olaraq ittiham irəli sürür. İttihamda girovlarımızın 17 yaşlı erməni gəncini öldürdüyü bildirilir.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan parlamentdə hökumətin hesabatını təqdim edərkən bizim vətəndaşlarımızı günahlandırıb. Əslinə qalsa, ortada heç bir fakt yoxdur. Seyran Ohanyan çox şey deyə bilər. Azərbaycan öz vətəndaşlarına sahib çıxmalı, onların dərhal, qeyd-şərhsiz geri qaytarılması təmin olunmalıdır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsindən biri sırf Kəlbəcərlə bağlıdır və orada qeyd olunur ki, Ermənistan silahlı birləşmələri işğal etdiyi Kəlbəcərdən qeyd-şərtsiz çıxmalıdırlar”.

Üzeyir Cəfərovun sözlərinə görə, bunun özü onu deməyə əsas verir ki, ermənilər bizim torpaqlarda qanunsuz məskunlaşıblar, vətəndaşlarımıza qarşı zor tətbiq edirlər və buna görə də cavab verməlidirlər:

“Biz hüquqi müstəvidə həmin məsələni ermənilərin qarşısına qoyub deməliyik ki, siz ermənilər, BMT-nin məlum qətnaməsinə görə məsuliyyətə cəlb olunmalısınız. Seyran Ohanyan haranı istəyir minalatdırsın. Bir şeyi xatırladım, əsgərlərimiz həmin ərazilərə qayıdan zaman mütləq Azərbaycan istehkamçıları tərəfindən ərazilər təmizlənəcək. Amma Ohanyan unutmasın ki, minalatdıracağı ərazilərdə daha çox öz əsgərləri və vətəndaşaları var, onlar bundan daha çox əziyyət çəkəcəklər. Təklif edirəm ki, o, özününkilərin qeydinə qalsın, bizim çəkinəcəyimiz heç nə yoxdur. Mən şəxsən Ohanyanın bu açıqlamasını ermənilərin panik vəziyyətdə olması ilə bağlayıram”.

Qeyd edək ki, Erməni separatçılar Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna gedən bütün yolları taparaq minalayırlar. Bu barədə cümə axşamı Ermənistanın müdafiə naziri Seyran Ohanyan hökumətin iclasında deyib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir