Bu gün Park İNN otelində PAŞA Bank və British Council Azərbaycanın «Gələcəyə Təşəbbüs Yazı Müsabiqəsi 2014» layihəsinin başa çatması ilə əlaqədər tədbir keçirilib.
Layihənin məqsədi iqtisadi yüksəliş, islahatlar və inkişaf ilə bağlı tezisləri əsas tutaraq, gələcək inkişaf uğrunda həyata keçirilən proseslərdə gəncləri daha fəal iştiraka həvəsləndirməkdir. Azərbaycanın müxtəlif universitetlərindən yüzə yaxın ərizə ilə müraciət etmiş namizədlərin yazı işləri PAŞA Bank və British Council Azərbaycanın nümayəndələri tərəfindən yoxlanılaraq qiymətləndirilib. Müraciət edən tələbələrin əksəriyyəti müsabiqədən əvvəl Azərbaycan-Britaniya Məzunları Assosiasiyasının üzvləri tərəfindən yazı qabiliyyətlərinin inkişaf etdirilməsi üzrə xüsusi təlim proqramlarında iştirak ediblər. Müsabiqənin nəticələrinə görə 5 nəfər Birləşmiş Krallığın dünyaca məşhur Kings Collece London ali məktəbində iyul-avqust ayları ərzində biznes üzrə yay kurslarında iştirak etmək şansı əldə ediblər. Tədbirdə çıxış edən British Council Azərbaycanın prezidenti xanım Elizabeth White layihənin əhəmiyyətindən danışıb, müsabiqəyə qatılan iştirakçıların bacarıqlarını xüsusilə qeyd edərək qaliblərə uğurlar arzu edib. PAŞA Bank-ın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova PAŞA Bankın təhsil istiqamətindəki fəaliyyətindən danışıb. Finalçıları təbrik edən Sona Abbasova, ilk beşlikdə yer ala bilməyən tələbələrə də hər zaman dəstək olacaqlarını bildirib. Qeyd edib ki, PAŞA Bank olaraq məqsədimiz həm də savadlı, müasir dünyagörüşə malik, intellektli gənclərin formalaşmasına dəstək olmaqdır. Çıxışlardan sonra finalçılara sertifikatlar və uçuş biletləri, ilk beşilkdə yer ala bilməyən gənclərə isə dəyərli hədiyyələr təqdim olunub.
Pərvanə