Qarabağ Azadlıq Təşkilatı Ali Məclisnin üzvü, Qarabağ müharibəsi veteranı, həmçinin girov düşmüş Həsən Həsənovun hüquqlarını qoruyan Vaqif Əlisoy Modern.az saytı vasiətsilə girovlarımız barədə məlumat yayan, respublikada fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələrini son dərəcə diqqətli olmağa çağırıb:
“Kəlbəcərdə erməni qaniçənləri tərəfindən öz ərazimizdə girov götürülən vətəndaşlarımız haqqında məlumatları yazarkən diqqətli olun! Məsələn, “Kəpəz TV”nin Dilqəm Əsgərov haqqında hazırladığı sujet erməni mətbautında rezonans doğurub. Bu materialda Dilqəm Əsgərovun narkotikə görə şübhəli şəxs qismində saxlanılması göstərilib. Bundan istifadə edən ermənilər həmin məlumatı əsas götürüb və Azərbaycan Müdafiə Nazirliyini ittiham edərək, Azərbaycan ordusunun cinayətkar qruplardan təşkil olunduğunu bəyan edib. Ermənistanın müdafiə naziri Seyran Ohanyan da öz çıxışında bildirib ki, Azərbaycan orudusu cinayətkar qruplardan ibarətdir.
Jurnalistlərimizin yaydığı düzgün olmayan, dəqiqləşdirilməmiş məlumatlar ermənilərin belə xəbərlər yazmasına rəvac verir. Bu xəbərlər ermənilər tərəfindən bütün dünyaya yayılıb, respublikamızın imicinə mənfi təsir edir. Girovlarımızın azad olunma vaxtını daha da uzadır”.
Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürüldüyü haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Hazırda girovluqda olan Ş.Quliyev və D.Əsgərova qarşı “DQR”də cinayət işi açılıb. Onlar 17 yaşlı erməni gəncini öldürməkdə ittiham olunurlar.
Girov düşmüş 3-cü şəxs Həsən Həsənov barədə isə dəqiq məlumat verilmir. Ermənilər onu öldürdüklərini deyirlər...
Gülşən RAUFQIZI