Modern.az

“Azərbaycan xalqına bir daha söz verirəm…” - İlham Əliyev

“Azərbaycan xalqına bir daha söz verirəm…” - İlham Əliyev

Təhsil

19 İyul 2014, 00:05


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Dünənki iftar mərasimində Prezident İlham Əliyev çıxış edib.

Modern.az-ın məlumatına görə, ölkə başçısı Azərbaycanıb öz milli, dini dəyərlərinə sadiq olduğunu vurğulayıb.

”Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır. Dövlətçiliyimizin möhkəm siyasi dayaqları vardır. Müstəqil Azərbaycan artıq dünya miqyasında sözünü açıq deyən, müstəqil siyasət aparan bir ölkədir və daxili siyasət xarici siyasətlə tamamlanır və siyasi dayaqlarımız kifayət qədər möhkəmdir.
Bu gün Azərbaycan kimi son on il ərzində iqtisadi sahədə inkişaf edən ikinci ölkə yoxdur. Bu da müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət göstərir. Eyni zamanda, mənəvi dayaqlar - cəmiyyətimizin mənəvi dayaqları bizim uğurlu inkişafımızın əsas şərtidir. Çünki iqtisadiyyat güclü ola bilər, - biz tarixdən bilirik ki, ölkələr inkişaf edir, ondan sonra tənəzzülə uğrayır, - ancaq əgər mənəvi sütun, dayaq yoxdursa, bu ölkənin gələcəyi yoxdur”.

İlham Əliyev gənc nəslimizi vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək hər bir şüurlu vətəndaşın, dövlətin borcu olduğunu xatırladıb.

Dövlət başçısı dinlərarası münasibətlər haqqında danışıb: “Azərbaycanda bu münasibətlərə də çox böyük diqqət yetirilir. Deyə bilərəm ki, burada iki mühüm amil cəmləşir. Həm dövlət siyasəti, eyni zamanda, cəmiyyətimizin vəziyyəti və statusu. Çünki sadəcə olaraq dövlət siyasəti yeritməklə istədiyimizə nail olmaq mümkün deyildir. Ona görə Azərbaycanda çox nadir bir ab-hava, nadir bir vəziyyət yaranıbdır. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Əsrlər boyu bu, belə olub. Bu gün, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir və bizim gücümüz birliyimizdədir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bu gün biz bu masa arxasında bir yerdə əyləşmişik. Azərbaycan cəmiyyətində bütün xalqların, bütün dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər. Əlbəttə, bu, Konstitusiyada təsbit edilib. Ancaq, eyni zamanda, real həyatda da bu, belədir. Deyə bilərəm ki, bu gün bu əlamətə görə Azərbaycan dünyada böyük dərəcədə fərqlənir, seçilir. Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir.
Biz indi internet dövründə dünyada gedən proseslər haqqında dərhal xəbər tuturuq. Əfsuslar olsun ki, bu xəbərlər heç də müsbət deyildir. Dünyanın müxtəlif yerlərində - Avropada, Yaxın Şərqdə, bizim bölgədə dini zəmində, məzhəb zəminində, başqa səbəblər üzündən qan tökülür, müharibələr, vətəndaş müharibələri aparılır, qarşıdurmalar baş verir. Azərbaycan sabitlik adasıdır. Azərbaycan əslində bölgədə sabitləşdirici rol oynayır. Yəni, ölkə daxilində gedən bu gözəl proseslər bölgəyə də müsbət təsir göstərir. Bu gün Azərbaycansız bölgə siyasətini təsəvvür etmək mümkün deyildir. Çünki biz öz addımlarımızla, təşəbbüslərimizlə, siyasi, iqtisadi, digər istiqamətlər üzrə atılan addımlarla böyük dərəcədə bölgənin gündəliyini müəyyən edirik.
Bizim qərarlarımızın əhəmiyyəti böyük dərəcədə artır və bütün qərarlarımız müsbət istiqamətə yönəlibdir. Regional əməkdaşlığı dərinləşdirmək, ölkə daxilindəki vəziyyəti və Azərbaycan xalqının rifah halını daha da yaxşılaşdırmaq bizim əsas vəzifəmizdir.
Daxili sabitliyin möhkəmləndirilməsi üçün əsas şərt xalqla iqtidar arasındakı birlikdir. Bu birlik vardır. Birliyin təməlində dövlət siyasəti dayanır. Mən bu barədə öz fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, təhlükəsizliyi, qayğıları, rifahı dayanır. Ona görə, xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin əsas şərtidir. Görəndə ki, başqa bölgələrdə, başqa yerlərdə sabitlik pozulur və qardaş qanı tökülür, əlbəttə, bu, bizi çox incidir, üzür və eyni zamanda, Azərbaycan təcrübəsinə dünyanın diqqətini bir daha cəlb edir”.

İlham Əliyev xatırladıb ki, Azərbaycanda milli, dini, məzhəb zəminində heç vaxt qarşıdurma olmayıb və olmayacaq.

”Bunun qarantı Azərbaycan dövlətidir, Azərbaycan xalqıdır. Biz dünyanın müxtəlif yerlərində baş verən xoşagəlməz hadisələri təhlil edərkən öz siyasətimizi bundan sonra daha da inamla aparmalıyıq. Azərbaycan vətəndaşları təhlükəsizlik şəraitində yaşayırlar, yaşayacaqlar. Azərbaycanda ictimai-siyasi asayiş tam şəkildə təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu əsas şərtlər imkan verir ki, biz gələcəyimizi planlaşdıraq, gələcəyə böyük nikbinliklə baxaq.
Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda hesab edirəm ki, ilk növbədə Azərbaycan göz önünə gəlir. Azərbaycanda isə dinlərarası dialoq çoxdan təmin edilibdir. Bu gün Azərbaycanda dinlərarası, millətlərarası dostluq, qardaşlıq meyilləri güclənir. Budur bizim üstünlüyümüz. Təsadüfi deyildir ki, multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda keçirilir. Bu forumların təşəbbüskarı da bizik. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən doğma Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır. Bu gün onsuz da beynəlxalq aləmdə kifayət qədər güclü mövqelərə malikik. Biz həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Gələn il Bakıda birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Yəni, bu, nadir bir vəziyyətdir. Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz, eyni zamanda, öz əməyimizlə, siyasətimizlə müsbət meyillərin güclənməsinə təkan veririk. Ancaq burada da deyildiyi kimi, əfsuslar olsun ki, heç də hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə olunur, məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma aparan yoldur.
Biz çalışırıq, çalışmalıyıq öz səylərimizi daha da böyük dərəcədə qoyaq ki, dünyada meyillər müsbət istiqamətdə getsin. Burada şeyx həzrətlərinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Şeyx həzrətlərinin dünya dinlərarası dialoqun inkişafında böyük rolu, dünyada böyük hörməti vardır. Həm öz həmkarları ilə sıx əlaqələri, həm də ictimaiyyətdə çox böyük təşəbbüsləri vardır. Bu, əlbəttə ki, ölkəmiz üçün böyük üstünlükdür. Hesab edirəm ki, dinlərarası münasibətlərin sağlam zəmində təmin edilməsi üçün Azərbaycan təcrübəsi öyrənilməlidir və əminəm, öyrəniləcəkdir. Çünki bu, doğrudan da nadir bir təcrübədir”.

Prezident deyib ki, bu gün işğaldan əziyyət çəkən Azərbaycan vətəndaşları, soydaşlarımız öz dədə-baba torpaqlarına qayıdacaqlar, qayıtmalıdırlar, orada yaşamalıdırlar, yaşayacaqlar.

”Biz hamımız - Azərbaycan vətəndaşları hər gün, hər an o müqəddəs günü yaxınlaşdırırıq və yaxınlaşdırmalıyıq.
Mən bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüşmüşəm. Bu gün də onlar və digər ölkələrin səfirləri bizim aramızdadırlar. Mən hesab edirəm ki, bu gün Azərbaycan həm İslam aləmində, həm Avropada etibarlı tərəfdaş və dost kimi tanınır. Bu şərəfli adı biz öz əməyimizlə, siyasətimizlə qazanmışıq.
Fürsətdən istifadə edib bütün dünya müsəlmanlarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin inkişafı, təhlükəsizliyin təmin edilməsi və strateji hədəflərimizə çatmaq üçün öz səylərimi əsirgəməyəcəyəm. Azərbaycan xalqına bir daha söz verirəm ki, mən bundan sonra da doğma xalqımıza sədaqətlə xidmət edəcəyəm”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir