Çeçenistan prezidenti Ramzan Kadırov “Qafqaz Əmiri” çeçenlərin Rusiya əleyhinə fəaliyyət göstərən silahlı dəstələrinin lideri Doku Umarovun ölümünü təsdiq edən foto yayımlayıb.
Modern.az xəbər verir ki, Çeçenistan dövlət başçısı Doku Umarovun fotosunu özünün İnstagram səhifəsində yerləşdirib. Ramzan Kadırov silahlı dəstə başçısının fotosuna şərh də yazıb: “Kim inanmaq istəyirdi ki, bu siçovul hələ də sağdır. Biz onu ölümündən sonra göstərə bilərik”,-deyə Kadırov yazıb.
Ramzan Kadırov bildirib ki, Doku Umarovun öldürülməsinə artıq şübhə yeri yoxdur.
Qeyd edək ki, bu ilin aprel ayının əvvəllərində Rusiya Federal Təhlükəsizlik Xidməti Qafqaz yaraqlılarının başçısının məhv edildiyini bəyan etmişdi. Lakin bu xəbərdən sonra Doku Umarovun hələ də sağ qalmasına inananlar var idi. Çünki Qafqaz silahlılarının rəhbərinin bundan əvvəl də bir neçə dəfə ölüm xəbəri yayılsa da, sonradan onun sağ olduğu bəlli olmuşdu.
Aqşin Kərimov